EBRD iqlim strategiyası üzrə yeni idarəedici direktor təyin edib
Bu gün, 11:44
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) yanvarın 1-dən etibarən Gianpiero Nassini İqlim Strategiyası və İcra (CSD) üzrə idarəedici direktor təyin edib.
“Report” banka istinadən xəbər verir ki, bu təyinat Harry Boyd-Karpenterin Dayanıqlı İnfrastruktur Qrupu üzrə idarəedici direktor vəzifəsinə keçməsindən sonra baş tutub.
İtaliya vətəndaşı olan Gianpiero Nassi EBRD-nin iqlim gündəliyinin inkişafına əhəmiyyətli töhfə verib. 2003-cü ildə enerji səmərəliliyi departamentində baş mühəndis kimi banka qoşulduğu vaxtdan Nassi dayanıqlı inkişaf sahəsində lider kimi tanınıb. 2006-cı ildə o, baş mühəndis, 2017-ci ildə isə enerji səmərəliliyi və iqlim dəyişikliyi şöbəsinin direktor müavini təyin edilib. 2021-ci ildən Nassi CSD-də dayanıqlı biznes və infrastruktur istiqamətinə rəhbərlik edib. Onun rəhbərliyi altında bu bölmə EBRD-nin biznes qrupları, o cümlədən korporativ xidmətlər, aqrobiznes və Dayanıqlı İnfrastruktur Qrupu üçün əsas texniki və əməliyyat dayağına çevrilib.
O, yaşıl maliyyələşdirmə, siyasət və dayanıqlı inkişaf sahəsində layihələrə nəzarət edib. Nassi sənayenin dekarbonizasiyası, dairəvi iqtisadiyyatın inkişafı, "yaşıl enerji"yə keçid, iqlim dəyişikliyinə adaptasiya və ətraf mühitin mühafizəsi layihələrinin maliyyələşdirilməsi təşəbbüslərinin həyata keçirilməsinə əhəmiyyətli töhfə verib.
2024-cü ildə "yaşıl maliyyələşdirmə"nin həcmi 9,7 milyard avro təşkil edib ki, bu da EBRD-nin ümumi biznes əməliyyatlarının yarısından çoxunu təşkil edir. Özəl sektorla əməkdaşlığa diqqət yetirməsi sayəsində bank fəaliyyət göstərdiyi ölkələrdə iqlim maliyyələşdirməsinin səfərbər edilməsi sahəsində çoxtərəfli inkişaf bankları arasında lider olaraq qalır.
"Cebheinfo.az"