Tramp: “Rusiya ABŞ-da hazırlanan hipersəs raket dizaynını oğurlayıb”
Dünən, 11:17
"Bəzi pis adamlar onlara super hipersəsli raket dizaynı verdi"
“Rusiya ABŞ-da hazırlanan hipersəs raket dizaynını oğurlaya bilib. Bu, Barak Obamanın Ağ Evdə olduğu 2009-2017-ci illər arasında baş verib”. AYNA xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.
"Bəzi pis adamlar onlara super hipersəsli raket dizaynı verdi", - deyə bildirib.
Bununla belə, Tramp ABŞ-ın hələ də dizaynları Rusiya nümayəndələri tərəfindən oğurlananlardan “hətta bir addım daha öndə” olan öz “fövqəlsonik” raketlərinə sahib olacağını deyib. Tramp söz verib ki, onların yaradılması üzərində iş "tezliklə" başlayacaq.
Tramp qeyd edib ki, gələcək müharibələr döyüş meydanında deyil, havada aparılacaq, buna görə də pilotsuz təyyarələr çox vacibdir.
Trampın Rusiyanı hipersəs raket dizaynını oğurlamaqda ittiham etməsi ilk dəfə deyil. 2020-ci ildə o, Moskvanın "adi raketdən beş dəfə daha sürətli uçan super-hipersonik raketə sahib olduğunu" söyləyib. Tramp o zaman iddia edirdi ki, Rusiya Obama administrasiyası dövründəki hərbi sənaye inkişası ilə bağlı gizli məlumat alıb. Tramp ötən il seçki kampaniyası zamanı mitinqdə ittihamlarını təkrarlayıb.
Kreml buna cavab olaraq bildirib ki, Rusiyanın “öz gözəl raketi var”.
“Bizim raketin cənab Trampın anlayışına uyğun olub-olmadığını söyləməkdə çətinlik çəkirəm, lakin bu, hələ dünyada analoqu olmayan yaxşı raketdir”, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi.
Müəllif: Ayna.az