Trampın inauqurasiyasına bileti Moskvada satırlar, Araz Ağalarov “getmirəm” deyir

13-12-2016, 21:03           
Trampın inauqurasiyasına bileti Moskvada satırlar, Araz Ağalarov “getmirəm” deyir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya mərasimi üçün VİP-biletlər internetdə satışa çıxarılıb. Lakin işin maraqlı və müəmmalı tərəfi budur ki, bileti satanlar Moskvada oturub.

Virtualaz.org xəbər verir ki, Trampın dekabrın 19-na təyin olunmuş andiçmə mərasimi üçün biletlərin satışa çıxarıldığı sayt barədə “Moskovskiy Komsomolets” yazır.

Biletin start dəyəri 100 min dollardır. Bileti prinsipcə hamı ala bilər, bir şərtlə ki, ABŞ vizası olsun və əvvəllər mühakimə olunmasın. Habelə mərasimdə iştirak etmək istəyənlərin yaşı 21-dən yuxarı olmalıdır, özləri də tək yox, arvadları və ya sevgililəri ilə mərasimə qatıla bilərlər. Nəhayət sonuncu, ancaq mütləq olmayan sonuncu şərt belədir ki, iştirak etmək istəyənlərin daşınmaz əmlak və development biznesində işləməsi arzuolunandır. Saytda xəbərdarlıq edirlər ki, Trampın inauqurasiyasına düşmək istəyənlər üçün sonuncu tarix dekabrın 14-üdür.

Təşkilatçılar vəd edirlər ki, xoşbəxt bilet sahibləri inauqurasiyadan sonra Tramp və xanımı ilə birlikdə şam işığında yemək mərasimində iştirak edəcəklər, respublikaçının seçilməsinə ürəkdən dəstək verənləri isə Nyu-Yorkun bahalı otellərindən birində Tramp tərəfindən qəbul ediləcəklər.

Məlum olub ki, saytın ünvanı Moskvanın Obninisk rayonu, Lenin küçəsi, 91-də yerləşir. Jurnalist saytla telefon əlaqəsi saxlayıb, onların hansı əsasla ABŞ prezidentinin andiçmə mərasiminə bilet satması ilə maraqlanıb. Dəstəyi götürən qadın isə ancaq bunu deyib ki, onlar bu kimi işlərlə çoxdan ixtisaslaşıblar. Bilet almaq üçün 100 min dollar köçürənlər hələ Trampın inauqurasiyasına qatılacaqlarına əmin ola bilməzlər. Saytı işlədənlər deyir ki, onlar iddiaçılar arasında seçim aparırlar. Bəs birdən kimsə 100 min dollar köçürdü, amma bilet ala bilmədi? Saytdan deyirlər ki, bu kimi detalları ancaq üzbəüz görüşdə müzakirə edirlər və əlavə məlumat verməkdən imtina ediblər. Təkcə onu deyiblər ki, bileti qazananlara onu özləri çatdıracaqlar.

Qəzet Rusiya biznes-elitasının bəzi nümayəndələrindən Trampın inauqurasiyasına qatılmaqla bağlı fikirlərini soruşub. Məlum olub ki, bu mərasimə qatılmaq üçün əldən-ayaqdan gedənlər, üstəlik hansısa şübhəli sayta 100 min dollar köçürmək istəyənlər yoxdur. Heç Donald Trampa çoxdan tanış olan azərbaycanlı milyarder Araz Ağalarov da mərasimə qatılmağa hazırlaşmır. “Araz İsgəndəroviv heç bir bu kimi auksionlarda iştirak etmir və ABŞ-dakı inauqurasiya mərasiminə getməyə hazırlaşmır”-Crocus Group şirkətinin PR-xidmətindən bildiriblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.