Fransada seçki bitdi, ara qarışdı
24-04-2017, 07:59

Fransada prezident seçkilərindən sonra iğtişaşlar başlayıb. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Parisin mərkəzində Bastiliya meydanında bir qrup adam seçkilərin nəticələrinə etiraz etmək üçün küçələrə axışıb. Onlar 2-ci tura çıxan Emmanuel Makrona və Marin Le Penə etiraz edirlər. Polis radikalçı gənclərə qarşı güc tətbiq etməyə məcbur olub. Asayiş keşikçiləri onları dövrəyə alıb geri çəkilməyə məcbur ediblər.
Fransanın radikal solçularından Jan Lük Melanşon seçkilərlə bağlı bəyanatla çıxış edib. Qeyd edək ki, o, 19,5%-lik nəticə ilə Fransua Fiyonla 3-4-cü yerləri bölüşüb. Melanşon seçkilərin nəticələrindən narazılığını bildirib. Solçu radikalın fikrincə, 2-ci tura çıxan hər iki namizəd Fransanı çətinliyə salan sistem və institutların saxlanmasına tərəfdardır.
Melanşon digər namizədlərdən fərqli olaraq birbaşa tərəfdarlarını Emmanuel Makrona səs verməyə çağırmayıb və onun adını çəkməyib. Xatırladaq ki, Jan Lük Melanşonun ulduzu son debatlarda parlayıb. Reytinqlərdə ən aşağı yeri tutan solçu siyasətçi Avropa Birliyi əleyhinə olan çıxışları ilə seçicilərin rəğbətini qazana bilmişdi.
Fransanın sabiq iqtisadiyyat naziri Emmanuel Makron prezident seçkilərinin birinci turundakı qələbəsi ilə bağlı ilk açıqlamasını verib. Musavat.com-un xarici mediaya istinadən verdiyi məlumata görə, prezidentliyə namizəd “biz Fransanın siyasi tarixində səhifə açırıq”, deyib.
Məlum olduğu kimi, 23 aprel prezident seçkilərində mərkəzçi “İrəli Fransa” partiyasının lideri Emmanuel Makron 23,7 % səslə ilk turda qələbə qazanıb. Onu 21,7%-lə sağ radikalların lideri Marin Le Pen izləyir.