Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədin adı məlum olub
26-05-2017, 08:02
Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədin adı məlum olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu vəzifəyə Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya təyin oluna bilər.
Bu barədə Rusiya XİN başçısının müavini Gennadi Qatilov jurnalistlərə açıqlamasında bildirib.
O, Vasili Nebenzyanın artıq bu yaydan etibarən Nyu-Yorka Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində yola düşə biləcəyini söyləyib. Qatilovun sözlərinə görə, Nebenzyanın namizədliyi Dövlət Dumasına təqdim olunub: "Namizədliyin təsdiqlənməsi bir günün işi deyil. Belə ki, Dövlət Duması və Federasiya Şurasının təsdiqindən sonra namizədi prezident öz sərəncamı ilə təsdiqləməlidir".
Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin qəfil ölümündən sonra bu vəzifə boş qalmışdı. V. Çurkin bu ilin fevralında Nyu-Yorkda vəfat edib. O, bu vəzifəni 2006-ci ilin aprelindən tuturdu.