Fransada parlament seçkilərinin qalibi müəyyənləşib

12-06-2017, 07:43           
Fransada parlament seçkilərinin qalibi müəyyənləşib
Fransada keçirilən parlament seçkilərinin birinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 95,5 faizinin hesablanmasından sonra mərkəzçi "İrəli, Respublika!" 28,2 faiz seçici səsi toplayıb. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 15,8 faiz, Marin Le Penin “Milli Cəbhə”si 13,01 faiz, Jan Lyuk Melanşonun "Təslim olmamış Fransa" partiyası 11 faiz, sabiq hakim “Sosialist Partiyası” 7,4 faiz səs toplayıb.

Proqnozlara görə, E.Makronun rəhbərlik etdiyi hərəkat parlamentdə 70% yer tuta bilər. Qeyd edək ki, seçkilərdə seçicilərin cəmi 48,7%-i iştirak edib. Seçkilərin ikinci turu iyunun 18-də keçiriləcək.

Fransa parlamentinin aşağı palatasına – Milli Məclisə seçkilər majoritar sistem üzrə keçirilir, namizədlər birmandatlı dairələrdə seçilir. Birinci turda qələbə qazanmaq üçün hər bir namizəd 50%-dan çox səs toplamalıdır. “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen, "Təslim olmamış Fransa" partiyasının rəhbəri Jan Lyuk Melanşon və Fransanın sabiq baş naziri Manuel Vals seçkilərin ikinci turuna vəsiqə qazan biliblər. Sosialist partiyasının təmsilçisi, sabiq təhsil naziri Benua Amon isə ilk turun nəticələrinə görə mübarizəni dayandırmalı olub.

***

00:18

Fransada keçirilən birinci tur parlament seçkilərində ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” partiyası liderlik edir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

Bülletenlərin 75 faizinin hesablanmasından sonra "İrəli, Respublika!" partiyası 26,9 faiz seçici səsi toplayıb

İkinci yerdə “Respublikaçılar” – 15,8%, üçüncü yerdə Marin Le Penin “Milli Cəbhə” partiyası qərarlaşıb – 14,4%. Seçkilərdə seçicilərin 48,7%-i iştirak edib.

***

22:19

Fransada keçirilən birinci tur parlament seçkilərində ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” partiyası liderlik edir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-pollar Makronun partiyasının 30% səs topladığını göstərir.

“Respublikaçılar” 19-20, “Milli Cəbhə” isə 17% səs toplayıb.

Seçkilərin ikinci turuna çıxmaq üçün müxtəlif partiya və seçki bloklarının irəli sürdüyü 7 877 namizəd mübarizə aparır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.