Rusiya Ukraynada SOCAR-ın obyektlərini vurarsa….-Azərbaycan cavab hazırlayır

Bu gün, 10:44           
Rusiya Ukraynada SOCAR-ın obyektlərini vurarsa….-Azərbaycan cavab hazırlayır
Bu gün Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski arasında telefon danışığı olub.

Söhbət zamanı Rusiya ordusunun Azərbaycan qazının keçdiyi Ukraynanın qaz infrastrukturuna, eləcə də SOCAR-ın Odessadakı neft bazasına zərbə endirməsi məsələsi müzakirə olunub. Ölkə liderləri Rusiya silahlı qüvvələrinin hərəkətlərindən hiddətləndiklərini bildiriblər.

Calibr.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, əgər Rusiya Azərbaycanın maraqları istiqamətində təcavüzkar siyasətini davam etdirsə, o zaman rəsmi Bakı Ukraynaya onun arsenalında olan silah-sursat tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsinə baxmağa başlayacaq.

Qeyd edək ki, Rusiya silahlı qüvvələri Azərbaycanın Ukrayna ərazisindəki enerji obyektlərinə ardıcıl zərbələr endirməyə başlayıb. Bu vəziyyət Bakını cavab tədbirləri görməyə vadar edir. Bütün bunlar istər-istəməz ikitərəfli münasibətlərdə daha da dərin böhrana gətirib çıxaracaq.

Xatırladaq ki, 2025-ci il avqustun 7-dən 8-nə keçən gecə rus qoşunları Azərbaycanın SOCAR şirkətinin Ukraynanın Odessa vilayətindəki neft bazasına hücum edib. Rusiya SOCAR-ın neft anbarına beş “Shahed” hücum pilotsuz təyyarəsi göndərib, nəticədə yanğın baş verib və dizel boru kəmərinə ziyan vurub. Şirkətin 4 əməkdaşı ağır yaralanıb. Bu, Ukraynada Azərbaycanla əlaqəli obyektlərə son həftələrdə ikinci hücumdur. Bundan əvvəl iyunun 28-də Azərbaycan qazının Ukraynaya axmağa başladığı Trans-Balkan qaz kəmərinin əsas hissəsi olan Orlovka yaxınlığındakı qazpaylayıcı stansiyaya hücum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru