FED-in qərarından sonra dollar illik minimuma enib

27-07-2017, 12:12           
FED-in qərarından sonra dollar illik minimuma enib
ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal reserve System, FED) uçot dərəcəsinin sabit saxlanılması barədə qəbul etdiyi qərardan sonra dolların indeksi 2016-cı ilin iyun ayından etibarən minimum həddə enib.

"APA-Economics" xəbər verir ki, bugünkü ticarət sessiyasında dolların ABŞ-ın altı əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi 0,04% azalaraq 93,36 bəndədək zəifləyib. Sessiya ərzində dollar hətta 93,15 bəndədək geriləyib ki, bu da 2016-cı ilin iyun ayının 24-dən etibarən ən aşağı göstəricidir.

Avronun dollara qarşı məzənnəsi 1,1747 dollaradək bahalaşıb. Ötən sessiyanın sonunda 1 avro 1,1735 dollara ticarət olunub.

ABŞ valyutasının Yaponiya yeninə nisbətən məzənnəsi isə 111,06 yen səviyyəsinə qədər geriləyib. Halbuki ötən sessiyada 1 dollar 111,17 yen olub.

Xatırladaq ki, ötən gün başa çatan ikigünlük iclasın ardınca FED bəyan edib ki, uçot dərəcəsi 1-1,25% səviyyəsində saxlanılıb. Tənzimləyicinin yaydığı press-relizdə qeyd olunub ki, balansdakı aktivlərin azaldılması prosesinə "nisbətən tez" başlanacaq.

FED əlavə edib ki, ABŞ-ın əmək bazarı möhkəmlənməkdədir, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirir. İllik inflyasiya hələ də mərkəzi bankın hədəf göstəricisi olan 2%-dən aşağı olaraq qalır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru