Qətər Bəhreynin viza tətbiq etməsinə münasibət bildirdi

1-11-2017, 11:33           

Qətərin BMT-dəki daimi nümayəndəsi Əli Halfan əl-Mansuri ölkəsinin vətəndaşlarına Bəhreyn tərəfindən viza tətbiq edilməsi qərarından təəssüf hissi keçirdiyini bildirib. Bu barədə Qətər rəsmi xəbər agentliyi "QNA" xəbər verib. Xəbərə görə, əl-Mansuri Bəhreynin Qətər vətəndaşlarına viza tətbiq edilməsi qərarının Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) qərarlarının açıq-aşkar pozulması olduğunu deyib. Qərardan təəssüf duyduğunu bildirən Mansuri, "Belə bir təcrübə körfəz ölkələri arasında ilk dəfədir. Bu qərar Bəhreynin İslam dininin prinsiplərinə zidd olacaq şəkildə körfəz ailəsi arasındakı bağı necə ayırdığını ortaya qoyur", - sözlərini dilə gətirib. Xatırladaq ki, Bəhreyn kralı Hamed ibn İsa əl-Xəlifənin Qətər vətəndaşlarına viza tətbiq edilməsi istiqamətində təlimat verdiyi bildirilmişdi, tətbiqin KƏŞ ölkələrinə təsir etməyəcəyi qed edilmişdi. KƏŞ bazasında Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Bəhreyn və Oman yer alır. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir rəhbərliklərinin 5 iyunda Qətər ilə bütün diplomatik əlaqələrini kəsmələri körfəz regionunda böhrana yol açmışdı. Qətərə embarqo tətbiq edən 4 ölkə münasibətlərin düzəldilməsi üçün Doha rəhbərliyinə 13 maddəlik tələb siyahısı təqdim etmiş, Qətər isə beynəlxalq hüquqa zidd heç bir tələbin qəbul edilməyəcəyini açıqlamışdı. Mənbə: eastnews.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.