Abbas Abbasova qarşı çıxanl diaspora liderinin offisinə OMON basqın edib - Bu dəqiqələrdə axtarış gedir
25-08-2015, 20:28
Az əvvəl Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ulyanovsk şöbəsinin rəhbəri, yerli Azərbaycan diasporunun lideri İslam Hüseynovun ofisinə OMON-un dəstəyi ilə basqın olub.
Virtualaz.org saytı Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Ulyanovsk üzrə İstintaq İdarəsinin əməkdaşları xüsusi təyinatlı və maskalı polislərin dəstəyi ilə diaspor liderinin ofisində axtarış aparır.
İslam Hüseynov mütşəkkil cinayətkar qruplaşma yaratmaqda və ona rəhbərlik etməkdə şübhəli bilinir.
Lakin İslam Hüseynov bu axtarış barədə əvvəlcədən xəbərdar olub və Ulyanovsk vilayətinin hüdudlarını, ola bilsin Rusiyanı tərk edib. Ona yaxın çevrələr axtarışın Hüseynova qarşı təzyiq məqsədi daşıdığını bildirir. Diaspor liderinin ofisinə daxil olan əməliyyatçılar və OMON-çular Hüseynovu axtarsalar da yerində tapmayıblar.
Diaspor liderinin yaxınlarının bildirdiyinə görə, bu axtarış İslam Hüseynovun qətlə yetirilən mühafizəçisi İqor Beznosyukun işi ilə əlaqəlidir.
İqor Beznosyuk 2012-ci ildə İslam Hüseynova sui-qəsd cəhdi zamanı onun kabinetində güllələnib. Hüseynov özü başından yaralanıb və sağ qalıb. Bu sui-qəsddə iştirak edən azərbaycanlı killer Nahid Zahidov həbs edilib, Ramin Bağırov adlı digəri isə axtarışa verilib.
Ulyanovsk vilayəti üzrə İctimai Palatanın üzvü, İslam Hüseynova yaxın hesab edilən Aleksandr Braqin bildirib ki, İstintaq İdarəsi azərbaycan diasporu liderinə təzyiq edir. Buna səbəb Hüseynovun mühafizəçisinin qatillərini cəzalandırmaq tələbləridir.
Deyilənə görə, Beznosyukun işində killerlərdən birinin yeni ifadəsi meydana çıxıb. Killer bildirib ki, bu qətlin sifarişçisi Cəfər Dilanov adlı şəxsdir.
Hüseynov isə bildirir ki, müstəntiqlər bu versiyanı araşdırmır. Dilanov Hüseynovun çoxdankı düşmənidir və ona rəqib qruplaşmanın lideridir.
Lakin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, axtarış tamam ayrı maddə-mütəşəkkil cinayətkar qruplaşma yaratmaq və ona rəhbərlik etmək maddəsi üzrə aparılır.
Qeyd edək ki, Rusiya azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti “Azərros”da parçalanma zamanı İslam Hüseynov bu təşkilatın rəhbəri Abbas Abbasova qarşı çıxanlardan və onun istefasını tələb edənlərdən biri olub.
Belə görünür ki, Rusiya İstintaq Komitəsi İslam Hüseynova qarşı yeni cinayət işi qaldırıb. Bu cinayət işinin motivləri bəlli deyil.