İRANDA BÖHRAN YAŞANIR - DEPUTATLAR RUHANİNİ PARLAMENTƏ ÇAĞIRIB SUAL “YAĞIŞI”NA TUTDULAR

29-08-2018, 21:24           
İRANDA BÖHRAN YAŞANIR - DEPUTATLAR RUHANİNİ PARLAMENTƏ ÇAĞIRIB SUAL “YAĞIŞI”NA TUTDULAR
“Vəziyyət hakimiyyət içi ziddiyyətin kəskinləşməsinə doğru gedir. Bu vəziyyət hökumət böhranını yaxınlaşdıra bilər”


"İran hakimiyyəti sanksiyaların əsassız olduğunu iddia edərək Amerika Birləşmiş Ştatlarını məhkəməyə verib”. Bu barədə "Sherg.az”a İranda deputatların prezident Həsən Ruhanini parlamentə çağırmasının səbəblərini izah edərkən Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan danışıb. O qeyd edib ki, bu deputatların birinci çağırışı deyil: "Bundan əvvəl də İran parlamentinin deputatları prezidentə bəzi suallar ünvanlamışdılar. Sanksiyalar artıq öz təsirini göstərməyə başladığından İran müxtəlif məsələləri irəli sürməyə başlayıb. Bu hələlik sanksiyaların ilk mərhələsidir. Növbəti mərhələ isə noyabr ayının 5-də başlayacaq və 180 gün davam edəcək. İranın neft-qaz sektoruna tətbiq ediləcək bu sanksiyalar daha uzunmüddətlidir.

Bütövlükdə sanksiyaların nəticəsində, İrandan inflyasiya yüksəldi, milli valyutanın məzənnəsi aşağı düşməyə başladı. Ölkədə narazılıqlar yüksəldi. Həmçinin hakimiyyətin daxilində ziddiyyətlərin kəskinləşdiyini də müşahidə edirik. Parlamentarilərin Həsən Ruhanini çağırıb, hesabat istəməsi hakimiyyətin iki qolu arasındakı ziddiyyətlərdən doğur. Sanksiyaların yenidən tətbiq edilməsində günahkar kimi Həsən Ruhanini görürlər. İranın indiki ali rəhbəri Seyid Əli Xameneyinin hərbi məsələlər üzrə müşaviri bildirdi ki, bütün sanksiyalarla bağlı problemin məsuliyyətini prezident daşıyır. Çünki Qərblə danışığa getməyə ehtiyac yox idi, buna Həsən Ruhani razılıq verdi. Son nəticə olaraq, İrandakı vəziyyət hakimiyyət içi ziddiyyətin kəskinləşməsinə doğru gedir. Bu vəziyyət hökumət böhranını yaxınlaşdıra bilər”.

Qeyd edək ki, iranlı deputatların prezidenti parlamentə çağırmaqda məqsədi İrana qarşı sanksiyalarının bərpasından sonra ölkədə yaranmış iqtisadi çətinliklə bağlı suallar ünvanlamaqdır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trump bu ilin may ayında 2015-ci ildə əldə edilən İranın nüvə razılaşmasından çıxmağı və İrana qarşı sanksiyaların bərpa edilməsini qərarlaşdırdı. Avqustun əvvəlindən bərpa edilmiş ilk sanksiyalar qrupu, qızıl və qiymətli metal ticarətini, bazarlarda və avtomobil sənayesində dolların alışını hədəfləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.