Avropa Şurasının əməkdaşlığının sonu - Yaqlanda ittihamlar başlayıb…
9-10-2015, 23:05
İşçi Qrupun üzvü olan hüquq müdafiəçiləri ziddiyyətli açıqlamalar verirlər…
Avropa Şurasının Azərbaycanla əməkdaşlığı dayandırması siyasi müstəvidə yeni qalmaqala səbəb olub. Hökumət rəsmiləri dərhal qurumun baş katibi Torbyorn Yaqlandın Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupda iştirakına son qoymaq qərarını pisləyib. Həmçinin, işçi qrupda təmsil olunan hüquq müdafiəçiləri də Yaqlandı pisləyən fikirlərlə çıxış ediblər. Hətta bir qrup hüquq müdafiəçisi bəyanat yayaraq özlərini müdafiə etməyə və Yaqlandı ittiham etməyə çalışıblar.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter”də yazıb ki, “Özünü insan haqlarının “cangüdəni” hesab edən Yaqland çox “usta diplomat”dır. Neçə illərdir Avropada bütün hüquqları pozulan miqrant-qaçqınlarla bağlı cəmi bir neçə dəfə mövqe bildirməyə cürəti çatıb. Amma Komitənin rəhbəri olan kimi təzəcə seçilmiş Prezidentə Nobel mükafatının təşəbbüskarı olmaq fürsətini əldən verməyib. Görünür, nəticəsiz qalmayıb- AŞ-nın baş katibi olub. Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland, şübhəsiz, haralarasa “sədaqəti"nin sonsuz olduğunu göstərir”.
Azərbaycanın AŞPA yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə deyib ki, Azərbaycanda yaradılmış, qeyri-hökumət təşkilatları, dövlət nümayəndələri, parlament üzvlərindən ibarət olan işçi qrupu fəaliyyət göstərir: “Əminəm ki, bundan sonra da göstərəcək”. O, APA-ya açıqlamasında deyib ki, mətbuatda AŞ-nin Azərbaycanla əlaqələrini kəsməsi barədə məlumatlar dərc edilir, lakin bu fikilər həqiqəti əks etdirmir: “Sadəcə, bu işçi qrupunun işində Avropa Şurası baş katibinin nümayəndəsi də iştirak edirdi və biz çox təəssüflənirik ki, cənab Yaqland belə bir bəyanat verərək nümayəndəsinin işçi qrupunda iştirakının qarşısını aldı. Bununla, Avropa Şurası özünə böyük bir zərbə vurdu. Ona görə ki, bu işçi qrupunu biz Avropa Şurası üçün yaratmamışıq. Bu, bizim təşəbbüsümüzdür. İşçi qrupu Azərbaycanda insan haqları ilə bağlı məsələləri araşdırıb həll etmək istiqamətində xeyli iş görüb”.
Həmçinin o, bu bəyanatın arxasında hansı anti-Azərbaycan qüvvələrinin dayandığının Azərbaycana məlum olduğunu deyib: “Biz bu anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə bu gün də rastlaşırıq. O cümlədən də bu bəyanat məhz həmin anti-Azərbaycan qüvvələrinin təsiri altında verilib. Bu, isterik vəziyyətdə olan erməni lobbisinin təsiridir. O cümlədən müstəqil Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti, Azərbaycanın bu gün söz sahibinə çevrilməsi xüsusi qüvvələri narahat edir və onlar Avropa Şurasında belə bir bəyanatın verilməsinə təkan veriblər. Bununla, onlar işçi qrupuna deyil, Avropa Şurasının nüfuzuna zərbə vurdular. Biz insan haqları ilə bağlı məşğul olmuşuq, oluruq və gələcəkdə də olacağıq. Avropa Şurası baş katibinin nümayəndəsi işçi qrupunun işində iştirakdan imtina edirsə, etsin. Lakin bu o demək deyil ki, işçi qrupunun fəaliyyəti dayandırılacaq. İşçi qrupunun həmsədri kimi deyirəm, işçi qrupu fəaliyyətini davam etdirəcək. İşçi qrupu Azərbaycanda demokratikləşmə proseslərinin, insan haqları ilə bağlı məsələlərin həlli istiqamətində fəaliyyətini davam edəcək. QHT nümayəndələri, millət vəkilləri, dövlət rəsmiləri işçi qrupunda işlərini davam etdirməkdə israrlıdırlar”.
İşçi qrupun üzvü Arzu Abdullayeva isə qeyd edib ki, Yaqlandın fikirlərini İşçi Qrupunun sonu saymaq olar: “Çünki İşçi Qrupu cənab Yaqlandın xahişi ilə yaranıb, amma insan hüquq və azadlıqları istiqamətində heç bir dəyişikliyin olmadığını görəndə, bu bəyanatı verməliydi”.
Arzu Abdullayeva İşçi Qrupunun uzun müddətdir toplanmadığını bildirib: “Eyni zamanda, bizim təkliflər müzakirə olunmur, dinlənilmir. Bildiyimə görə, Avropa Şurası rəsmiləri hakimiyyətlə danışıqlar aparıblar və məsələ belə qoyulub: ya Birgə İşçi Qrupu həqiqətən işləsin, ya da fəaliyyəti dayandırılsın. Bizimlə də belə məsləhətləşmələr olub. Mən qrupun dağılmasını istəməzdim, dialoq qarşı-qarşıya dayanmaqdan daha yaxşıdır. Çox əfsuslar ki, vəziyyət belə alındı”.
İşçi qrupunun üzvü Sahib Məmmədov isə deyib ki, Avropa Şurasının baş katibi öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan geri çağırmaqla dialoqa qarşı olduğunu ortaya qoyub: “Bu qərar Avropa Şurasının daşıdığı statusla bir araya sığmır. Yaqland nəzərə almalı idi ki, Avropa Şurası QHT deyil və bu cür emosional addım atmamalı idi. Yaxşı olardı ki, əməkdaşlığın daha geniş formada davam etdirilməsi barədə təkliflər verəydi. O, belə bir əsas gətirir ki, guya Azərbaycanda siyasi məhbuslar dözülməz şəraitdədir. Bunu deyərkən hansı informasiyaya istinad edirlər?”.
S.Məmmədov qeyd edib ki, hətta “siyasi məhbus” olduğu iddia edilən məhbusların özləri də bəyan edir ki, saxlanma şəraiti ilə bağlı onlara heç bir təzyiq yoxdur: “Bir də ki Yaqland və onun nümayəndəsi işçi qrupunda olmayanda, nə olacaq ki?! Bunun işçi qrupunun fəaliyyətinə heç bir təsiri olmayacaq və biz bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik”.
Xatırladaq ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupda iştirakına son qoymaq qərarını açıqlayıb.
Musavat.com