Prezident və birinci xanım Ağdamda açılışlarda
5-11-2018, 15:12
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım Ağdam Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.
Muğam Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdülər. Dövlətimizin başçısı görüşdə çıxış etdi. Xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Xalq artisti, tarzən Ramiz Quliyev görüşdə çıxış etdilər. Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər. Dövlətimizin başçısı "Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxdılar. "Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirdi ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.
Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşdülər. Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsdi. Sonda xatirə şəkli çəkdirildi.