Neft bazarının ağaları - Putin, Tramp, Məhəmməd bin Salman, yoxsa...
29-11-2018, 10:19
İqtisadçı: “Yaxın aylarda qiymətə təkan verə biləcək yeganə vasitə OPEK-dir”
Nüfuzlu “The Korea Herald” qəzeti dünyada neft bazarının ağalarının kimliyi ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunur ki, OPEK neft bazarına nəzarəti itirib. İndi üç nəfərin hərəkətləri (və ya “tvit”ləri), yəni prezident Donald Tramp, Vladimir Putin və vəliəhd şahzadə Məhəmməd bin Salman 2019-cu ildə və ondan sonraya neftin qiymətini təyin edir.
Məsələ barədə danışan iqtisadçı ekspert Vüsalə Əhmədova 6 aydan sonra ölkələrin haradan neft ala biləcəkləri ehtimallarından söz açdı: “Ayın əvvəlində ABŞ-ın İrana sanksiyaları qüvvəyə mindikdən sonra çoxları neftin bahalaşacağını gözlədiyi halda bu baş vermədi. Çünki, Çin, Hindistan, Türkiyə, Cənubi Koreya, Yaponiya, Tayvan, İtaliya və Yunanıstana sanksiyalardan müvəqqəti güzəşt edilərək 6 ay ərzində onların İrandan neft idxal etmələrinə icazə verildi. Sual olunur ki, 6 aydan sonra bu ölkələr haradan neft idxal edəcəklər? Düşünürəm ki, həmin ölkələr sonra da İrandan neft idxalına davam edəcəklər. Neft elə məhsuldur ki, açıq və xüsusilə geniş miqyasda qaçaqmalçılığının həyata keçirilməsi mümkündür. Hətta ABŞ kimi bir ölkənin belə İran neftinin ixracını məhdudlaşdırmaq cəhdləri uğursuzluqla nəticələnə bilər. Hazırda bir çox neft şirkətləri İrandan çıxmış olsalar da, İran neftinin alıcıları olduğu kimi qalmaqdadır. O da başa düşüləndir ki, neftin aşağı qiyməti milli iqtisadiyyatların fəaliyyətinin əsasını təşkil etdiyi bir vaxtda, böhran vəziyyətində neft treyderlərinin öz gəlirli bizneslərini dayandırmalarına mane olacaq təsirli bir mexanizm hələlik mövcud deyil. Əminliklə demək olar ki, təxminən onlarla İran tankeri öz mövqelərini avtomatik olaraq təyin edən transponder cihazlarını hazırda söndürmüş vəziyyətdədirlər. Artıq peyk naviqasiya sistemlərində onların harada olduqları da görünmür. Tankerlər istədikləri kimi alıcı ölkələrə üz tuta və öz bizneslərini davam edə bilirlər. Çünki nə olursa-olsun təchizat zəncirindən bir anda imtina etmələri mümkün deyil. Düşünürəm ki, ABŞ-ın İran neftinin ixracını sıfıra endirmək cəhdi uğursuzluğa düçar ola bilər.
Hazırda “Significant Reduction Exemptions” adı altında tətbiq edilən istisnalarla Cənubi Koreyaya gündəlik 130 min barel, Hindistana 300 min barel, Çinə 360 min barel, Türkiyəyə isə 100 min barel həcmində İrandan neft idxal etmələrinə icazə verilib. Bir tərəfdən, 180 günün tamamında dünya bazarında neftin həcmində real azalmaların yaşana biləcəyi və qiymətlərdə artım olacağı düşünülür. Çünki istisnalar tətbiq edilməsəydi neftin qiymətinin 100 dollara yüksələcəyi gözlənilirdi. Digər tərəfdən isə ABŞ neft hasilatını durmadan artırır. Hazırda gündəlik 11,3 milyon barel hasilat həyata keçirdiyi deyilir. 2019-cu ilin ortalarına qədər isə ABŞ-ın gündə 12 milyon barelden çox hasilat edəcəyi gözlənilir. Bu isə qiymətlərin çox da yüksəlməyəcəyini göstərir".
İqtisadçı onu da qeyd etdi ki, yaxın bir neçə ayda neftin qiymətinə təkan verə biləcək yeganə vasitə OPEK-dir: “Bu günə qədər Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Rusiya digər ölkələrin istehsalındakı məcburi azalmaları kompensasiya etmək və müqavilə şərtlərinin 100% yerinə yetirilməsini təmin etmək üçün istehsalı artırdılar. Bundan sonra artıq OPEK dekabr ayında keçiriləcək toplantısında 2019-cu il üçün tələb və təklif proqnozlarını qiymətləndirərək istehsal səviyyəsinin azaldılmasına, artırılmasına və ya olduğu kimi saxlanılmasına qərar verəcək. İran əlbəttə ki, qiymətlərin yüksəlməsinə nail olmaq üçün hasilatın artırılmasını istəmir. Səudiyyə Ərəbistanı və Rusiyanın isə bu istəyə məhəl qoyacağını sanmıram. Bazarda tədarük həcmi həddindən çox olmayacağı təqdirdə Səudiyyə Ərəbistanı hasilatı azaltmayacağını bəyan edib. Rusiya isə yaxın aylarda istehsalını artırmağı planlaşdırdığını söyləyib. Göründüyü kimi, OPEK-in hasilatı dondurması və ya məhdudlaşdırması üçün bu iki ölkənin dəstəyi mütləqdir.
Neftin qiymətinin cümə günü 51,17 dollar səviyyəsinə enişinin ardınca, bazar ertəsi gününün sonunda 51,70 dollar səviyyəsinə qədər artım göstərdi. Tələb və təklif arasında balansı təmin etmək üçün OPEK+ toplantısında müqavilə bağlanılacağı gözlənilir. Neft üçün hazırda yüksək risk daşıyan mənfi hal ABŞ-Çin ticarət qarışıdurması sayılır. Çünki Donald Tramp bazar ertəsi günü bildirdi ki, heç bir razılıq əldə olunmasa Çin mallarının əlavə həcminə də tariflər tətbiq ediləcək və ümumilikdə rüsumlar 25%-ə qədər arta bilər. Əlbəttə ki, hər iki halda konstruktiv danışıqlar bazarın həssaslığını artıra bilər və ənənəvi olaraq riskli neft aktivlərinə olan tələbatı dəstəkləyə bilər. OPEK toplantısı üzümüzə gələn ayın 6-da baş tutacaq. Yaxın Şərq karteli qiymətlərin daha da düşməsinin qarşısını almaq üçün neftin ümumi tədarükünü tənzimləməyə qərar verə bilər. Ancaq neft bazarı hələ ki nəhənglərin əlindədir. Onlar tərəfdən fundamental təzyiq qalmaqda davam edir. Bazar iştirakçılarının diqqəti daha çox təchizat artığına fokuslanıb deyə bilərik. ABŞ, Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı intensiv artırması uzunmüddətli perspektivdə neftin qiymətinin aşağı olacağını göstərir. Bütün bu kimi hallar 2019-cu il üçün neftin barelinin orta illik qiymətinin ən yaxşı halda 62-58 dollar arasında olacağını proqnozlaşdırmağa əsas verir. Həmçinin İran sanksiyalarından dolayı bazar gündə 500 min barelədək itkilərə məruz qalacaq. Bu isə 2019-cu ilin ikinci yarısı üçün qiymətlərin qısamüddətli olaraq 7-8% yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə, neft bir sıra fundamental amillərin təzyiq altındadır, bunlardan biri də iqtisadi artımda qlobal yavaşlamadır. Misal üçün, dünyanın ən iri neft idxalçısı olan Çində artıq bir tənəzzül yaşanır. O cümlədən ABŞ şist ehtiyatlarındakı artım qiymətlərin kəskin yüksəlməyəcəyini deməyə əsas verir".