Tikinti şirkətləri, mənzil sahiblərini necə aldadır ?!
30-11-2018, 07:43
Teref.az yazır ki, paytaxta tikilən yeni binalarda Mənzil-tikinti şirkətləri, MTK-lar mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən 1000 AZN pul tələb edirlər.
Köhnə tikililərdə isə bu bu xidmət vətəndaşlara pulsuz həyata keçirilir. Qaz sayğacları “Azəriqaz” QSC, elektrik sayğacı “Azərişıq” ASC, su sayğacları da öz növbəsində “Azərsu” ASC tərəfindən tam pulsuz olaraq quraşdırılır. Əslində vətəndaşlar arasında bu cür ayrıseçkilik doğru deyil. Ölkə prezidenti İlham Əliyevin 2009-cu il, 1 oktyabr tarixli fərmanına əsasən fiziki şəxs olan istehlakşıların sayğaclarla təmin edilməsi tamamilə pulsuz həyata keçirilməlidir.
Sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov məsələ ilə bağlı pra.az-a fikirlərini açıqlayıb. Ekspert bildirir ki, Azərbaycan Respublikasının bütün vətəndaşlarına (fiziki şəxslərə) kommunal xidmət göstərmək üçün nəzərdə tutulan sayğaclar dövlət büdcəsi hesabına aparılmalıdır: “Bu haqda MM-nin müvafiq qanunvericiliyə edilən dəyişiklikləri 2009-cu ildən qüvvədədir. Fiziki şəxslərdən pul tələb olunması qeyri qanunidir. Lakin yeni tikilmiş binalar qeyri-qanuni olaraq “balansa götürülmədiyindən” vətəndaşlar həmin mənzillərə mülkiyyət hüququ ala bilmirlər. Bu boşluqdan istifadə edən bina sahibləri də müqavilə ilə satdıqları mənzil sahiblərindən əlavə pul yığıb rüşvət verməyə məcbur olunurlar”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunun istehlakçıların hüquqlarının pozulması halı olduğunu bildirir. Qurumun sədri PRA.az-a açıqlamasında deyib:
Bu ölkə prezidentinin əhalininin sosial müdafiəsi haqda fərmanına yönəldilmiş bir sui-qəsddir. İlham Əliyev hələ bir neçə il öncə fərman verdi ki, sayğaclar fiziki şəxslərə pulsuz quraşıdırılsın. Lakin təzə tikilən binalar MTK-lara, hüquqi şəxslərə məxsusdur. Hüquqi şəxslər pul ödəməlidirlər. Yeni binaların tikintisini aparan MTK-lar da hüquqi şəxs olduqlarından sayğacı almaq üçün vəsait ödəyirlər. Sonra isə əvəzini bina sakinlərindən çıxırlar. Bu qanuna zidd bir haldır”.
Eyyub Hüseynov noyabr ayının 22-də də korrupsiyaya qarşı keçiriləcək beynəlxalq yığıncaqda bu məsələni qaldıracağını dedi: “Bunlar qeyri-qanuni işlərdir. Vətəndaşlardan 2000-3000 manata qədər pul alınır. Biz dəfələrlə bununla bağlı dövlət orqanlarına, Vergilər Nazirliyinə məktublar yazmışıq. Çox təəssüflər olsun ki, hökümətin istehlakçı hüquqlarını qoruyan qurumları bu məsələdə çox seyirçi bir mövqe tuturlar”.
Qurumlar da yeni tikililərdə sayğacların pulla quraşdırılmasına görə məsuliyyət daşımadıqlarını deyirlər.
“Azərsu” nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, bu qurum yalnız köhnə binalarda sayğacların quraşdırılmasına cavabdehdir. Yeni tikililərdə isə bu işi Mənzil Tikinti Kooperativləri görür: “Mənzil Tikinti Kooperativliyi bizdən texniki şərt alanda onlar qarşısında hər binanın sayğaclaşması, binaların qarşısında su anbarının tikilməsi və daxili təchizat, kanalizasiya xətlərinin çəkilməsi tələblərini qoyuruq. Tikinti şirkətləri bunları həyata keçirəndən sonra biz onu qəbul edirik. Lakin sayğaclara görə pul alınmasına bizim heç bir aidiyyatımız yoxdur. Biz yalnız köhnə binalarda, həyət evlərində sayğacları pulsuz quraşdırıq. Yeni tikililərə görə yalnız MTK-lar məsuliyyət daşıyır”.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC)-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev dedi ki, köhnə binalardan fərqli olaraq yeni tikililərdə quraşdırılan sayğaclar dövlət tərəfindən ödənilmir. Bunlar MTK-ya aiddir. Quraşdırılma haqqı da MTK-lar tərəfindən verilir. Buna görə “Azərişıq” ASC məsuliyyət daşımır.
“Azəriqaz” QSC-nin mətbuat xidməti ilə isə əlaqə saxlamaq mümkün olmadı. Amma yəqin ki, bu qurumun da cavabı eyni olacaqdı.
Beləliklə vətəndaşlara ikili yanaşma göz qarşısındadır. 1 vətəndaşa sayğac pulla digərinə pulsuz verilir. Əslində sayğacların hüquqi şəxslərə pulla verilməsi dedikdə MTK yox, kommersiya, ticarətçi sənaye müəssisələri nəzərdə tutlmalıdır. Yəni hüquqi şəxslər enerji və təbi sərvətdən istifadə edib qazanc əldə edən insanlar hesab edilməlidirlər. MTK isə vətəndaşların öz mənzil şəraitini yaxşılaşdırmaq üçün yaratdığı könüllü birlikdir. MTK-nın sərmayədarları mənzil sahibləridir.
Nəyə görə bahalı villalara, imarətlərə, bağ evlərinə fiziki şəxs adı ilə sayğac pulsuz, vətəndaşların MTK vsaitəsilə inşa etdikləri mənzillərə sayğaclar pulla quraşdırılmalıdır?
Binaların vaxtında təhvil verilməməsi, onları rəsmləşdirilməməsi onsuz da MTK-dan ev alan vətəndaşlara kifayət qədər problemlər yaradır. Neçə kooperativ firıldağının üstü açılıb, vətəndaşların vəsaiti batıb? Bunu dəqiq bilən də yoxdur.
Ortalıqda görünən isə budur ki, əslində adı çəkilən qurumlar sayğac pulunu vətəndaşlardan kooperativin əli ilə alırlar. Beləliklə Prezidentin müvafiq fərmanından yan keçmək üçün gözəl bir imkan düşünülüb. Hamıya məlumdur ki, sayğaclar binaya yox, kooperativin üzvlərinə məxsus olan vətəndaşların mənzillərinə quraşdırılır.
Teref.az