Kadırovun Bakı səfəri: Azərbaycandan investisiya gözləntisi

30-11-2018, 08:31           
Kadırovun Bakı səfəri: Azərbaycandan investisiya gözləntisi
Respublikanın iqtisadiyyatı dağıdıcı müharibələrdən sonra hələ də özünə gəlməyib

İki gün əvvəl Çeçenistan prezidenti Ramzan Kadırov Azərbaycanda oldu, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edildi. Bu, son illərdə Çeçenistan rəhbərinin Azərbaycana ikinci səfəri İdi. 2015-ci ildə Bakıya gələrkən Kadıorv Milli Məclisdə də görüşlər keçirmişdi. Bu dəfə isə yalnız ölkə prezidenti ilə görüşüb.

“Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, Çeçenistan başçısını Azərbaycana gətirən əsas səbəb investisiya məsələsidir: “Rusiyada iqtisadi vəziyyət ağırdır. Rusiya prezidenti Vladimir Putin Çeçenistanı müharibədən sonra faktiki, yenidən qurdu. Çeçenistandakı infrastrukturun yenidən qurulmasına Moskva milyardlarla dollar pul xərclədi. Ancaq hazırda Moskva Çeçenistana investisiyaların həcmini azaldır. Onsuz da Şimali Qafqaz indinin özündə Rusiyanın ən çox pul xərclədiyi bölgədir, bu yükü daşımaq getdikcə çətinləşir. Ona görə də Çeçenistana yeni istiqamətlərdən investisiyalar lazımdır. Ramzan Kadırov varlı ərəb dövlətləri ilə dostluq edir ki, onlardan investisiyalar ala bilsin. O, eyni məqsədlə Azərbaycanla yaxınlıq etmək istəyir. Azərbaycan Qafqazın ən varlı dövlətidir. Rusiyanın Qafqazdakı federasiyaları Azərbaycandan investisiyalar gözləyir. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu məqsədlə Şimali Qafqazdakı federasiyalara bir neçə dəfə səfərlər edərək görüşlər də keçirib. Elə Kadıvorun İlham Əliyevlə görüşündə Şahin Mustafayevin iştirak etməsi də Çeçenistan liderinin Bakıya hansı məqsədlə gəldiyinə işarə idi”.

Mərkəzdən bildirilir ki, keçmiş illərdən fərqli olaraq Çeçenistanda savaş və terror yoxdur, sabitlikdir: “Ancaq Çeçenistan və Dağıstandakı sabitliyin davamlı olması haqqında qəti fikir söyləmək də çətindir. Risklər hələ var. Rəsmi Bakı Dağıstana, Çeçenistana, Krasnodar vilayətinə investisiya qoymağa və yeni iş yerləri açmağa hazırdır. Ancaq Bakı bunun qarşılığında Moskvadan Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyir. Rəsmi Bakı bilsə ki, Moskva Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edəcək, Rusiyanın Şimali Qafqazdakı federasiyalarına daha böyük investisiyalar yatırar”.

Yeri gəlmişkən, R.Kadırovu Bakıya gətirən səbəb olaraq Mərkəzin irəli sürdüyü variant xeyli real görünür. Belə ki, Çeçenistan son illərədək Rusiya federal büdcəsindən ən çox dotasiya alan 3 regiondan biri olub. 2007-2015-ci illərdə Çeçenistan Rusiya mərkəzi büdcəsindən ümumilikdə 539 milyard rubl dotasiya alıb. Respublika gəlirlərində orta illik məbləği 60 milyard rubl təşkil edən dotasiyanın payı 80-81 faiz ətrafında olub. Rusiyanın 2017-ci ildə təsdiqlənən 2018-20-ci illər üzrə büdcəsində isə illik dotasiyanın 27 milyard rubl təşkil etməsi nəzərdə tutulur. Bu isə 2015-ci ilə nisbətən 2 dəfədən də çox azalma deməkdir. Çeçenistan əhalisi gəlirlərin səviyyəsinə görə Rusiya subyektləri (cəmi 70 subyekt) arasında 65-66-cı yeri tutur. Respublikanın iqtisadiyyatı dağıdıcı müharibələrdən sonra hələ də özünə gəlməyib.

2015-ci ildə R.Kadırov Vladimir Putindən respublikanın əsas neft-kimya müəssisəsi olan “Çeçenneftximprom” ASC-nin onlara verilməsini xahiş edib. Rusiya prezidenti buna razılıq verib. Lakin ASC-ni idarə edən “Rosneft”in Çeçenistana verilməli olan əmlakı 12,5 milyard rubl dəyərləndirməsi üzündən tərəflər arasında razılaşma əldə olunmayıb. Bu ilin sentyabrında isə V.Putin ASC-nin 2 ay müddətində Çeçenistan Respublikasının balansına verilməsinə dair sərəncam imzalayıb. Çeçenlərin ASC-ni alandan sonra böyük neft emalı zavodu inşa etmək planlarının olduğu deyilir.

Çeçenistanın ümumi neft ehtiyatları 60 milyon ton civarında hesablanır. Son illərdə burada neft hasilatı durmadan azalır. Hasilatı artırmaq üçün yerli hökumətin ciddi maliyyə dəstəyinə ehtiyacı var.

Hələ ötən il Rusiya prezidentinin məsləhətçisi Aslanbəy Aslaxanovun mətbuata verdiyi açılmada bildirmişdi ki, Azərbaycan Çeçenistana iqtisadiyyatın bərpa olunması üçün kömək edə bilər: “Azərbaycan Çeçenistan Respublikasına praktiki olaraq tamamilə dağıdılmış neft kompleksinin bərpası, aqrar məsələlərdə, yeni texnologiyalar, işçi qüvvəsi, ixtisaslaşdırılmış azərbaycanlı mütəxəssislərlə kömək edə bilər. Çeçenistanda iqtisadiyyatın praktiki olaraq bütün sahələrində, tikinti, aqrar sektor, dəmir yolu, neft hasilatı və digər sahələrdə mütəxəssislərin kəskin çatışmazlığı var. Biz, yüklərin ötürülməsi məsələsində əməkdaşlıq edə bilərik. Neft-qaz sahəsi, boru kəmərləri, neft və qazın nəqli məsələlərində Azərbaycanla qarşılıqlı münasibətlər üçün böyük imkanlar var”.

2015-ci ildə Azərbaycana gələn R.Kadırov Milli Məclis rəhbərliyi ilə görüşündə Çeçenistanda yaxşı investisiya mühitinin formalaşdığını və Azərbaycanın iş adamlarının Çeçenistan iqtisadiyyatına sərmayə yatıra biləcəklərini qeyd etmişdi.

Onu da bildirək ki, son zamanlar Azərbaycandan Çeçenistan paytaxtı Qroznı şəhərinə tikintidə işləməyə gedənlərin sayında ciddi artım var. Xüsusilə Qərb rayonlarında bəzi şirkətlər işçiləri briqadalar şəklində Qroznıya aparırlar. Onların Çeçenistan paytaxtında Azərbaycan şirkətlərinin apardığı tikintilərdə işlədikləri bildirilir. Bu isə Azərbaycandan bu respublikaya investisiyaların artıq başlanmış olduğunu göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.