OPEK-də parçalanma, yoxsa...

5-12-2018, 08:51           
OPEK-də parçalanma, yoxsa...
Ekspert: “Qiymətlərə təsir uğrunda rəqabət getdikcə kəskinləşir”
Dünya neft bazarı iki hadisənin təsiri altındadır. Bunlardan biri ABŞ-Çin ticarət müharibəsinin birincinin qələbəsi ilə başa çatması, ikincisi isə Qətərin Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEK) tərk etməsidir.

Xatırladaq ki, Qətər 2019-cu il yanvarın 1-dən OPEK-dən çıxacaq. Qətərin enerji naziri Saed əl-Kabinin sözlərinə görə, 6-7 dekabr tarixlərində Rusiyanın da iştirakı ilə Vyanada keçiriləcək və neft hasilatının azaldılmasının müzakirə olunacağı “OPEK+” sammiti Qətərin qatılacağı son iclas olacaq.

Saed əl-Kabi həmçinin iddialara cavab olaraq bildirib ki, Qətərin OPEK-dən çıxmasının Səudiyyə Ərəbistanının onlara qarşı boykot siyasəti ilə heç bir əlaqəsi yoxdur: “57 ildir ki OPEK-in üzvü olan Qətər üçün bu qərarı vermək elə də asan olmadı. Amma bu illər ərzində OPEK-in neft istehsalı ilə bağlı qərarlarında ölkəmizin təsiri çox az idi. Bu qərarımız siyasi motivli deyil və texniki və strateji dəyişikliklə əlaqədardır. Bundan sonra Qətərin öz təbii qaz sənayesini inkişaf etdirmək səylərinə fokuslanmaq niyyətindədir. Təşkilatdan çıxmağımıza baxmayaraq, bütün digər qeyri-OPEK neft hasilatçıları kimi Qətər də öz öhdəliklərinə riayət edəcək”.

Qeyd edək ki, OPEK-in faktiki lideri olan Səudiyyə Ərəbistanı İranla yaxınlaşdığına görə 2017-ci ilin iyunundan etibarən Qətərə qarşı siyasi və iqtisadi boykot tətbiq edir. Ər-Riyadın boykot siyasətinə Körfəzin digər 3 ərəb ölkəsi də qoşulub. Bu baxımdan, Qətərin qərarının Səudiyyə ilə konfliktlərlə bağlı olmadığı deyilsə də, reallıqda 57 illik üzvlüyün dayandırılmasında bu amilin mühüm rol oynadığı şübhə doğurmur.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Qətərin OPEK-i tərk etməklə bağlı bəyanat verməsi neqativ hadisədir: “Qətər və Səudiyyə Ərəbistanı siyasətdə antaqonist mövqeli dövlətlərdir. Qətərin OPEK-dəki xüsusi çəkisi 1,85 faizdir və onun qərarı bazara o qədər də təsir etmədi. OPEK dinamik təşkilatdır, üzv dövlətlərin sayının xüsusi təsiri olmur”.

İlham Şaban qeyd edib ki, Qətər Azərbaycandan az neft hasil edir və onun gündəlik hasilatı 600 min barelə çatmır: “Azərbaycan neftinin təqribən 75 faizini Azəri-Çıraq-Günəşli (AÇG) bloku hasil edir - 588 min barel. Ümumən gündəlik hasilat isə 750 min barel səviyyəsindədir. Qətərin hasilatı isə 580 min bareldir. Qətər elə AÇG qədər neft hasil edir.

Həm də bu ölkə İran və Rusiyadan sonra dünyanın üçüncü qaz hasilatçısıdır. 77 milyon ton sıxılmış qaz istehsal edir və qeyd edirlər ki, hasilatı 110 milyon tona qədər artırsınlar" (Teleqraf.com).

Qətərin OPEK-dən çıxmaq qərarının bir səbəbi kimi ABŞ-da hazırlanan NOPEK adlı qanun layihəsi göstərilir. Yanvar ayında Konqresin müzakirəsinə çıxarılacaq qanun layihəsi neftin bahalaşması üzündən maliyyə itkisinə məruz qalan ABŞ istehlakçılarına dünya neft bazarında qiymətlərə təsir göstərən kartel sövdələşməsinin iştirakçılarından məhkəməyə şikayət etmək hüququ verir. Sənəd OPEK üzvləri, xüsusilə də Səudiyyə Ərəbistanında ciddi narahatlıqlara səbəb olub. Hətta Rəsmi Ər-Riyad ABŞ-ın nüfuzlu vəkil kontorlarından biri ilə layihəyə qarşı mübarizə məqsədilə əməkdaşlıq müqaviləsi bağlayıb.

Qətərin OPEK-dən uzaqlaşmasında bu qanunun təsir dairəsindən çıxmaq istəyinin dayanması da istisna edilmir.

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, hazıra dünya neft bazarında qiymətlərə təsir imkanlarının bir ölkənin əlindən çıxması prosesi gedir: “Qətərin OPEK-dən çıxmağa hazırlaşması, ABŞ-da məlum qanun layihəsinin hazırlanması - bütün bunlar göstərir ki, dünya neft bazarında qiymətlərə təsir uğrunda rəqabət getdikcə kəskinləşir. Əgər bir neçə il öncə bu sahədə əsas imkan ABŞ-ın əlindəydisə, son proseslər göstərir ki, onun bu bazara təsir gücü azalır. Bildiyiniz kimi, ABŞ İrana qarşı sanksiya tətbiq etsə də, əsas alıcıları olan 8 ölkəyə İranla neft alverində güzəştə getdi. Yayda Tramp OPEK-i bir neçə dəfə neftin qiymətini süni şəkildə artırmaqda ittiham etdi. OPEK və Səudiyyə Ərəbistanı bir müddət onun təzyiqlərinə davam gətirsələr də, noyabr ayında Ər-Riyad qəfildən neft hasilatını kəskin artırdı. Bu da jurnalist Qaşıqçının öldürülməsinə görə Səudiyyə şahzadəsinə olan təzyiqlərlə mümkün oldu. Lakin Səudiyyə Ərəbistanının hasilatı yüksək həddə saxlamaq imkanları məhduddur, eyni zamanda qiymətin 60 dollardan aşağı enməsi bu ölkənin özünə də sərf etmir. Çünki onların neftdən başqa heç nələri yoxdur. Ölkənin yeganə gəlir mənbəyi neftdir”.

Ekspertə görə, ABŞ neftin aşağı qiymətini iqtisadi amillərdən daha çox siyasi səbəblərdən istəyir: “Neftin 50 dollardan aşağı qiyməti bu məhsulun əsas istehsalçılarından biri kimi ABŞ üçün sərfəli deyil. Lakin nəzərə almaq lazımdır ki, ABŞ həm də dünya bazarından ən çox neft alan ölkələrdən biridir. Bazara çıxarılan neftin 25 faizdən çoxunu bu ölkə alır. Buna baxmayaraq, ABŞ neftin qiymətinin aşağı salınmasına çalışır. Çünki əsas gəlir mənbəyi neft ixracatı olan ölkələri nüfuz dairəsində saxlamaq istəyir. Buna isə son vaxtlar nail ola bilmir. Bilmədiyi üçün də müxtəlif təzyiq üsullarından istifadə edir”.

P.Heydərovun fikrincə, yaxın müddətli dövrdə OPEK-in dünya neft qiymətlərinə təsir imkanlarının azalması gözlənilən deyil: “OPEK həm üzv ölkələrlə, həm də Rusiya və digər qeyri-üzv ölkələrlə birlikdə neft bazarında həlledici söz sahibi olaraq qalacaq. Təsadüfi deyil ki, 6-7 dekabrda OPEK və OPEK+ ölkələrini hasilatı azaltmaq barədə qərar qəbul edəcəyinə dair məlumatların yayılması son günlərdə neftin qiymətini 58 dollardan 63 dollara qədər yüksəldib. Bu, o deməkdir ki, ABŞ bu bazardakı mövqeyini yaxın müddətli dövrdə gücləndirə bilməyəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.