Nemət Pənahlı rus generalın 20 Yanvarla bağlı şok iddiasından danışdı
21-12-2018, 08:59
Kərəm Məmmədov: “Dünya tarixində dənizçilərin görmədiyini 7 kapitan başda olmaqla, bizlər gördük”
Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat departamentinin rəhbəri, general-polkovnik Nikolay Yuryev TASS Agentliyinə müsahibəsində 1990-cı ildə Bakıda törədilən 20 Yanvar qətliamı ilə bağlı ciddi iddialar səsləndirib. Rusiyalı kəşfiyyatçı həmin ildə paytaxtımızda baş verən hadisələr zamanı nümayişçilərin Xəzər Dəniz Donanmasının gizli sənədlərini və silahlarını əldə etməyə cəhd etdiklərini bildirib.
N.Yuryev bunları deyib: “1990-cı ilin yanvarında Bakıda baş verən hadisələr zamanı nümayişçilər bir neçə dəfə Xəzər Dəniz Donanmasının gizli sənədlərini və silahlarını əldə etməyə cəhd göstərdilər. Əks kəşfiyyatçı hərbçilərdən donanmanın arxivlərinin verilməsini tələb etdilər. Yaranmış vəziyyətin mürəkkəbliyini nəzərə alaraq SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin Xəzər Dəniz Donanması üzrə rəisi, birinci dərəcəli kapitan German Uqryumov nümayişçilərə hərbi texnikanın, silah və sənədlərin çıxarılma marşrutu barədə dezinformasiya məlumatların sızdırılmasını təşkil etməyi tapşırdı. Biz bu yolla silah-sursat və arxivləri, həmçinin kəşfiyyatçılar, dənizçilər, onların ailələrini Bakıdan təhlükəsiz çıxara bildik. Mən özüm isə Bakını ən sonda tərk etdim”.
Milli azadlıq hərəkatının öncül isimlərindən olan, AMDP-nın sədri Nemət Pənahlı rusiyalı generalın iddiaları ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Mən bu arada danışsam, bir qədər qeyri-dəqiqlik olar. Çünki o vaxt gəmi kapitanı olan Kərəm Məmmədovun rəhbərliyi ilə 7 kapitanımızın qəhrəmanlığı dünya tarixində tək-tük olar. Hamıya bəllidir ki, 20 Yanvar hadisələri vaxtı Xəzər Dəniz Gəmiçiliyində işləyənlər hərbi gəmiləri buxtada mühasirəyə aldılar. Uzun müddət onların oradan tərpənməsinə imkan vermədilər. O vaxt biz imperiyanın nələr edə biləcəyini düşünüb tədbirlərimizi görmüşdük, o cümlədən gəmi kapitanları. Hansı millətin tarixində Kərəm Məmmədov kimi kapitan olsaydı, indi ona heykəl qoyulmuşdu. Amma indi nə dövlət, nə də cəmiyyət olaraq bilmirik ki, Kərəm kapitan haradadır, nə işlə məşğuldur. Hərbi gəmiləri mülkü gəmilərlə mühasirəyə alıb uzun müddət tərpənmələrinə imkan verməmək asan iş deyil. Dünya tarixində belə hadisə inanmıram ki, olsun. Onlar faktiki olaraq həyatlarını riskə qoymuşdular. Şüurlu şəkildə ölümə getmişdilər. Mən də o vaxt gəmilər olan yerə getmək istədim. Amma gəmi kapitanları razı olmadılar ki, sən gəlsən, gəmiləri batıracaqlar. Məhz həmin gəmilər vasitəsilə bütün dünyaya sovet qoşunlarının Bakıda törətdikləri cinayət çatdırıldı. Həmin vaxt Azərbaycan tərəfdən hərbi gəmilərdəkilərin ələ keçirilməsi, həmçinin arxiv sənədləri və silahları ələ keçirmək cəhdləri ola bilərdi və bu da normal qarşılanmalıdır”.
Kərəm Məmmədovun özü ilə də əlaqə saxladıq. O, generalın dediklərində həqiqətlərin olmadığını söylədi: “Silahlar və sənəd məsələlərini yalan danışırlar. Biz o sənədləri heç cür ələ keçirə bilməzdik. Biz mülkü, onlar hərbi gəmilərdə idilər. Həmin vaxt şəhidlərimizi dənizə tökmək planlarından xəbər tutmuşduq. Ona görə 120-dən çox gəmi yığdıq və yanvarın 19-dan 20-nə keçən gecə ora yığışdıq. Buna ən çox səbəb indiki Prezident Administrasiyasının qarşısında 10 minə yaxın vətəndaşımızın mühasirəyə alınması idi. Onları öldürə bilərdilər. Onun üçün qərara gəldik ki, Bakı buxtasına gedək. Biz ora gələndə hərbiçilər bizimlə yaxından maraqlandılar. 120 gəmini idarə etmək üçün o zaman 7 kapitandan ibarət iclas keçirdik, danışıqlar aparmaq və efirdə yaxşı danışmaq üçün.
Bizə həmin vaxt xəbər gəldi ki, indiki Bayraq Meydanına şəhidləri gətirirlər. O zaman hərbi baza orada yerləşirdi. Şəhidlərimizi dənizə atmaq istəyirdilər. İclasda 7 kapitan olaraq qərara gəldik ki, şəhidlərimizi yalnız bizim meyitimizin üzərindən keçirib apara bilərlər. Bunu onlara xəbərdarlıq etdik. Tələb etdik ki, qoşunlar çıxarılmasa, əks tədbirə əl atacağıq. Gəmilərdən birini siqnal olaraq yandıracağımızı da bildirdik. O zaman çox ciddi tarixi hadisələr yaşanırdı. Bayraq Meydanı tərəfdə bir kanal var idi. Biz o kanalın ağzını böyük bir gəmi ilə kəsdik. Nəticədə onların gəmiləri çıxa bilmədi. Təsəvvür edin ki, o zaman ölkədə nə prezident, nə baş nazir və nə də daxili işlər naziri var idi. Bizimlə maraqlanırdılar və məhz bizi görüşə dəvət etdilər. Bizə dedilər ki, siz icazə verin, bizim bir gəmi dənizçilərin ailəsini Mahaçqalaya aparacaq. Biz buna icazə vermədik və dedik ki, niyə onları aparırsınız, kimdir onları qıran? İsrarla dedilər ki, onları qırırlar. Biz də bildirdik ki, o zaman icazə verin gəmini yoxlayaq. Yalnız bundan sonra gəminin gedişinə icazə verə biləcəyimizi onların nəzərinə çatdırdıq. Yoxlanış üçün ora yollanan ”Babazadə" gəmisini həbs etdilər. Kapitan bizə xəbər verdi ki, bizi tutmaq istəyirlər. Biz efirə çıxdıq və qəti şəkildə əks tərəfə bildirdik ki, sizin gəmiləri məhv edəcəyik. Bundan sonra qorxub gəmini geri buraxdılar. Həmin günün də səhəri Ali Sovetin sədri olan Elmira Qafarova ilə, eləcə də Tofiq İsmayılov və Arif Məlikovla görüşdük. Orada Allahşükür Paşazadə də var idi. Bizə bildirdilər ki, yazdığınız məsələləri özünüzdə saxlayın, biz fövqəladə iclas keçiririk, sadəcə, deputatlar qorxularından gəlmirlər. Bizə təşəkkür edib bildirdilər ki, sizlər qırğının qarşısını aldınız.
Tofiq İsmayılov bizim qəhrəmanlığımızdan danışdı. Bildirdi ki, sizlər olmasaydınız, qırğınlar davam edəcəkdi. Bizə orada bildirdilər ki, SSRİ müdafiə naziri Dmitri Yazov gəmi kapitanları ilə görüşmək istəyir. Bu, təsəvvür edin ki, nə demək idi. Ölkədə rəhbərlik yoxdur deyə 7 gəmi kapitanı ilə danışıqlar aparırlar. Arif Məlikov sağdır və bu şeylərin hamısını o da qəşəng bilir. Bizim haqda kitab da yazıb. Yazovla görüşə Allahşükür Paşazadə, Arif Məlikov, Ziya Bünyadov, Tofiq İsmayılov da getdilər. Kapitan Müzəffər Əliyev orada ona nisbətən bizlərin cavan olduğunu deyib, görüşə özünün gedəcəyini bildirdi. Həmin gün yanvarın 23-ü idi. Şəhidlərimizi artıq dəfn etmişdik. O zaman belə düşüncə var idi ki, bunlar bizdən qisas almaq üçün görüşə çağıra bilərlər. Müzəffər Əliyev orada deyib ki, bura yatmağa gəlmisiniz, hərbi qüvvələrinizi götürüb gedin, problemlərimizi özümüz həll edək. Təsəvvür edin ki, bunu SSRİ-nin silahlı qüvvələr nazirinə sadə bir kapitan deyib. O vaxt Azərbaycanda heç kəs cürət edib bunu deyə bilməzdi. Amma bunu biz deyirdik. Həmin gün admiral Sidorovla da görüşdük. O, bizə dedi ki, yanvarın 24-də saat 14:00-da Bakı buxtasında fövqəladə vəziyyət elan edirəm. Ayın 24-də deyildiyi kimi, bizi darmadağın etdilər, gəmilərin hamısını gülləbaran etdilər. 70 nəfəri də həbs edilər. Dünya tarixində dənizçilərin görmədiyini 7 kapitan başda olmaqla, bizlər gördük".
musavat.com