Şəhidlər nə zaman ÖLÜR? - Şahin Nəcəfov yazır

25-12-2018, 10:02           
Şəhidlər nə zaman ÖLÜR? - Şahin Nəcəfov yazır
Şahin Nəcəfov

Nərmin kimilər bu "cəsarəti” hardan və kimdən alırlar?-TV-lərdən püskürülən "ZƏHƏRLƏR"

Bu günlərdə Nərmin Şahmarzadə adlı birisinin Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında başından böyük açıqlamasına bir ad tapa bilmədim. Bilmirsən ki, həyasızlıqdı- hiddətlənəsən, cahillikdir-məyus olasan, gerizəkalıqdır- heyrətlənəsən, xəyanətdir - nifrət edəsən.

Psixoloq kimi təqdim edilən bu qadın öz açıqlamasında yazır ki, "Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovun adını çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Amma döyüş olmadan, vətəni, yaxınlarını öz canını itirmək təhlükəsi olmadan birini öldürürsənsə bu qəddarlıqdır, mənə görə.
"Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, evə qayıtmaq ücün gün sayan biri idi."

Daha sonrakı açıqlamasında bir az da irəli gedərək deyir ki, "O torpaq sənin olsa da, orda duran erməni əsgərinin anası bacısı var.” Xocalıda olan hadisə bambaşqa bir şeydir: "Düşmən dediyin şeyi sorğulamaq lazımdır. Düşmən sən nəyə deyirsən?”

Bu fikirlər Nərmin Şahmarzadəyə aidir. Amma bizə də maraqlıdır ki, Nərmin Şahmarzadə özünü azərbaycanlı sayırsa, Azərbaycanı özünə vətən sayırsa onun ücün düşmən kimdir? Sən özün düşmən kimə və ya nəyə deyirsən? Ermənilər 20 faiz torpağımızı işgal edib və işğal etdikləri əraziləri boşaltmaq tələbini qəti sürətdə rədd edirlər, əsirlərimizi azad etmirlər. Az qala hər gün mülkü şəxslərə atəş acıb qətlə yetirirlər. İndi nə edək? Erməniyə düşmən deməyək?

Bizim nə deməyimizdən asılı olmayaraq ermənilər bizləri özlərinə düşmən sayır, dəfələrlə yaşadıqları coğrafiyanın xalqlarına xəyanət ediblər, acılar yaşadıblar və bu gündə Azərbaycan xalqı növbəti erməni düşmənçiliyinin bataqlığından qurtulmağa çalışır.

1988- ci ildən bizim istəyimizdən asılı olmayaraq ermənilər torpaq iddiası ilə millətimizi faciəli bir münaqişəyə çəkdilər. Yenə deyirəm, Azərbaycan xalqı bu münaqişəni istəmirdi, arzulamırdı və ona görə də müharibəyə hazır da deyildi. Ermənilərsə bu müharibəyə illər öncə hazırlıqlı olduğu və arxalandıqları güclərin dəstəyilə 20 faiz torpağımızı işğal etdi, Xocalıda zərrə qədər günahı olmayan yüzlərlə qadın, uşaq vəhşicəsinə öldürüldü, əsir alındı, bir milyona yaxın insan doğma yurd -yuvalarından didərgin düşdü. Qədim İrəvan Xanlığında, indiki Ermənistan adlanan dövlətin ərazisində yaşayan bütün azərbaycanlıları son nəfərinə kimi evlərindən qovub çıxardılar. Bu gün Dağlıq Qarabağ və ətraf rayonlarında da bir nəfər azərbaycanlı qalmayıb. Ermənilərin başlatdığı bu etnik müharibə nəticəsində on minlərlə insanımız şəhid, on minlərlə insanımız şikəst oldu, millətin düzəni pozuldu. Bütün bunların səbəbkarı biz deyildik və biz qonşularımızla o cümlədən ermənilərlə heç zaman müharibə istəmirdik.

Son yüz ildə dünyanın siyasi düzəni bir neçə dəfə çox ciddi dəyişiliklər yaşadı, dünyanın siyasi xəritəsi yeni qaydalara uyğun şəkilləndi. Amma böyük dövlətlərin əlində siyasi maşaya çevrilən ermənilərin xəyanətkar fəaliyyəti səbəbindən hər yeni şərait yarananda Qafqaz milli etnik müharibələr ocağına çevrildi və bu səbədən bizlər yeni düzəndə nə layiq olduğumuz mövqeyi əldə etdik, nə də arzuladığımız əmin -amanlığa nail olduq.

Son yüz ildə ermənilər bu səbəblərdən istifadə edərək bir neçə dəfə bizi münaqişəyə çəkiblər. 1905,1915,1918,1988- ci illərdə. Bu müharibələrin heç birinin başlanmasının səbəkarı biz olmamışıq. Dəfələrlə dogma torpağımızdan didərgin düşmüşük, deportasiya olunmuşuq.

Nəzərinizə çatdırım ki, o boyda qüdrətli Avropa dövlətləri belə bir milyon qaçqını qəbul etmək istəmir, sərhədlərini baglayır, bu sayda qaçqının məskunlaşdırmağın imkanları xaricində olduğunu bildirirlər. Amma yenicə müstəqqillik qazanmış Azərbaycan bu böyük fəlakətin ağırlıgını öz çiyinlərində daşımağa məcbur oldu.

Bunları niyə yazdım ? Neçə gündür ki əli qələm tutan hər kəs Nərmin Şahmarzadəyə etiraz edir, ona çatdırmaq istəyirlər ki, Erməni- Azərbaycan müharibəsi bitməyib, biz hələ də müharibə vəziyyətindəyik. Amma nə fayda... Üzürü qəbahətindən betər...

Mübariz İbrahimov bizlər üçün niyə qəhrəmandı? Xocalıdan sonra sınmış vətəndaş ruhumuzu diriltdiyi üçün. Bir öldük, min dirildik xəbəriniz olsun. Peyğəmbərimizin sözüdür "Qəlbində iman işığı varsa düşmənin sayı mindirsə sənə bir görsənəcək, sənin sayın birdirsə, düşmənə min görsənənəcək. "Təkbaşına düşmən səngərinə girmək iman istər, cəsarət istər. Mübariz göstərdi ki, bu xalqı məhv etmək mümkün deyil, bu xalq torpağını heç kimə güzəştə gedən deyil, bu xalq lazım gələndə qisasını alacaq, bu xalq bir gün böyük dövlətlərin sonu görünməyən yalançı sülh oyununa tüpürüb Ərdoğan demiş ansızın ermənilərin hininə girə bilər. Mübariz İbrahimov həm də erməniləri qələbə eyforiyasından oyandırdı ki, bu xalq torpağını heç kimə bağışlamayacaq, qisasını qiyamətə saxlamayacaq.

İşgal olunmuş torpaqlarımızda əlində silah olan hər bir kəs bizim düşmənimiz, onlara qarşı savaşan hər bir əsgər bizim qəhrəmanımızdır. Azərbaycan tərəf 25 ilə yaxındır ki, Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. İlk gündən bəyan edirik ki, Azərbaycanın qanunlarına tabe olan, ərazi bütövlüyümüzü tanıyan, əlinə silah alıb ölkəmizə qarşı terrorizmdə iştirak etməyən hər bir ermənini bizim bərabər hüquqlu vətəndaşımız kimi qəbul etməyə hazırıq. Amma nə yazıq ki, sülh danışıqları erməni tərəfinin təcəvüzkarlığı səbəbindən hec bir nəticə vermir.

Amma məni bir məsələ düşündürür, niyə özünü kosmopolit sayan, guya sülh tərəfdarı olan bu insanlar bircə dəfə də erməniləri ittiham etmirlər;- Torpaqlarımızı işğal edib etnik təmizləmə apardıqlarına görə, mülki əhaliyə qarşı qəddar soyqırım apardıqlarına görə ,yaşadığımız eyni coğrafiyanın əmin amanlığını pozduqlarına, qonşularına xəyanət etdiyinə görə.

Cəmiyyət psixolaq kimi təqdim olunan bu qızın hər bir açıqlamasını izlədikcə həqiqətən də bir psixoloji problemi olduğu görünməkdədir.

Bu açıqlamalar fonunda aydın oldumu niyə Mübariz İbrahimovu qəhrəman sayan xalq Nərmin Şahmarzadə kimiləri xəyanətkar kimi qəbul edir?

Nərmin Şahmarzadənin Azərbaycanın göbəyində oturub danışdıqları ermənilərin yüz ildir ki dünyada apardıqları təbliğatın özüdür "məzlum, genosidə məruz qalmış, zərrə qədər günahı olmayan məsum ermənilər türk müsalman qonşularının aqresiyasına məruz qalırlar və öldürürlər".

Nərmin Şahmarzadənin çıxışının mahiyyəti də budur. Ən təəcüblüsü isə odur ki, bəlkə də heç Ermənistanın Xarici İşlər Naziri ermənilərin mövqeyini bu qədər israrla müdafiə etmir, nəinki bu qız. Yəqin ki, erməni mətbuati və onları dəstəkləyənlər bu qızın açıqlamalarını və ona qarşı olan ictimai təpkini öz xeyirlərinə yetərincə istifadə edəcəklər ki, "zərrə qədər günahı olmayan, ana -bacısının həsrətlə yolunu gözlədiyi əli avtomatlı erməni əsgərinin öldürülməsinə göz yaşları tökən Nərmin Şahmarzadəni Azərbaycanda asıb kəsirlər.” Digər bir qrup isə bu qızın açıqlamalarını söz azadlığı buna verilən təpkiləri isə qaragüruh, yalançı vətənpərvərlik, söz azadlığına qarşı basqı kimi təbliğat aparacaqlar. Necə deyərlər, bir dəli quyuya bir daş atdı, yüz ağıllı yığışıb çıxara bilmədi.

Amma onu da düşünməliyik ki, Nərmin kimilər Azərbaycan cəmiyyətini qarşılarına alacaq qədər bu "cəsarəti” hardan və kimdən alırlar? Özünü sözünü bilməyən bu insanları kimlər, hansı mərkəzlər, hansı nəticələrinə görə TV də ekspert kimi boy göstərmələrinə şərait yaradıb cəmiyyətdə söz sahibinə çevrirlər? 20 faiz torpağı işğal olan bir dövlətdə qazinin, əsgərin, alimin, ziyalının, zəhmətkeş insanların meydanı bu qədər dar olmamalıydı.

Vətənimizin azadlığı və bütövlüyü uğrunda can vermiş şəhidlərimizin Anaları, ailə üzvləri 11 min qan puluna görə dövlət orqanlarının qapılarında təhqir olunmamalıydı. Şəhidlər ölməz deyirik. Bəs düşünmürsünüz ki, bu boyda Ayıbı Ölməyən Şəhidlərimizdə görür? İdman yarışlarında bayrağımızı qaldırdı deyə hər idmançıya 300-500 min pul peşkəş edildiyi halda al qırmızı qanı ilə bayraq çəkən şəhidlərimizə 11 min pul ödəməyi bu boyda biabırçılığa çevirən bir cəmiyyətdə Nərmin Şahmarzadə kimilərinin boy göstərməsi bəlkə də cox təəccüblü görsənməməlidir.

Sonda İsmət Paşanın bu sözlərini qulağımızda sırğa eləsək, faydası olar: "Namuslu və şərəfli insanlar namussuz və şərəfsizlər qədər cəsarətli olmayınca bu məmləkətin yolu işıqlı olmayacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.