Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi qalmasına çalışır - GƏLİŞMƏ
29-12-2018, 14:02
Ötən sayımızda qeyd etdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev dekabrın 27-də ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşüb. Tədbir zamanı Dövlət Gömrük Komitəsinin fəaliyyəti haqqında məlumat verən Səfər Mehdiyev iddialı çıxış edərək Azərbaycanda inhisarçılığın olmadığını bildirib. Belə ki, "Ölkədə inhisarçılığın olduğunu deyənlər bir dənə fakt göstərsinlər. Sabah kimsə ölkəyə 100 ton banan gətirirsə, görə bilməz ki, kimsə ona irad bildirir" deyən komitə sədrinin sözlərinə görə, bu, mümkün deyil.
Səfər Mehdiyev qeyd edib ki, banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi, ümumiyyətlə, sərbəstdir: "Belə fakt varsa, birini göstərin. Azərbaycanda lisenziyası tələb olunan mallar, aksiz markalanmalı mallar da daxil olmaqla və qanunvericiliyə uyğun olan istənilən məhsulu icazə lisenziyası ilə ölkəyə alıb gətirmək mümkündür. Banan və digər kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi ümumiyyətlə sərbəstdir". Bununla yanaşı, Dövlət Gömrük Komitəsinin sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini də bəyan edib: "Gömrük sistemində hər hansı məhsulun inhisarçılığı mümkün deyil. Biz malların ixracı ilə məşğul olmağa şərait yaradırıq. Kimsə elə bilir ki, mən inhisarçılığı qoruyuram. Xeyr, biz daxili bazarı qoruyuruq. Daxili bazarı və yerli istehsalı qorumaq məqsədi ilə hansısa xammalın rüsumlarını aşağı salırıqsa, bu da Nazirlər Kabinetinin qərarına uyğun olaraq həyata keçirilir. Daxili bazarın tənzimlənməsinin açarı gömrük orqanlarındadır. Bu səlahiyyət də bizə cənab Prezident tərəfindən verilib. Daxili bazarı hansı şəkildə qorumaq lazımdırsa, qiymət siyasəti, tarif və qeyri-tarif bunu həyata keçirəcəyik". Bu gün qəbirstanlıqdan bir ad götürüb, xaricdən ölmüş insanların adına bahalı telefonların göndərildiyini iddia edən Səfər Mehdiyev qeyd edib ki, həmin telefonların əksəriyyətinin qiyməti 1000 ABŞ dollarından çoxdur. Artıq bu faktlarla bağlı istintaq gedir, cinayət işləri başlanılıb. Bu gün bizim problemimiz "qurunun oduna yaş da yanar" dediyimiz məsələdir. Qanunvericilikdə güzəşt varsa, cəmiyyətimizdə bundan sui-istifadə edənlər var. Bu, bizim üçün riskdir".
Dövlət Gömrük Komitəsinin sədri onu da bildirib ki, ölkəyə mal idxalı ilə məşğul olan "Camex” şirkəti DGK-ya elektron qaydada müraciət edib: "Biz malları qaytarmaq üçün 2 gün sonra onları geriyə yazırıq. Sonradan məlum olur ki, həmin mallar anbarda yoxdur. Bununla bağlı 4 gömrük işçisi haqqında cinaəyt işi başlanılıb. "Camex” şirkətinin özünü cinayət məsuliyyətinə cəlb etmişik. Beynəlxalq şirkətlər də oyun oynayır. Elektron ticarət sivil ticarətdir və bunu etmək lazımdır. Amma bu, o demək deyil ki, vergi rüsumunun ödənilməsindən yayınmalısan və yaradılmış imkanlardan, dövlətə çatacaq vergi rüsumlarından azad olmalısan. Bizim problemimiz budur. Bunun qarşısını almaq üçün bütün xidmətlər aeroportda cəmləşdirilib. Əgər əvvəllər gündəlik 1-2 min manat vergi toplanılırdısa, bu gün 20-30 min manat vergi toplanılır. Biz bu yolla vergi yığımını 30 dəfə artırdıq". Azərbaycanın daxili bazarına hələ də, qaçaqmalçılıq yolu ilə mal çıxarıldığını vurğulayan Səfər Mehdiyev bildirib edib ki, kontrafakt malların poçt xidmətləri, elektron ticarət vasitəsilə gətirilməsinin qarşısı alınıb: "Kölgə iqtisadiyyatı budur. Bu gün mobil telefon mağazaları Komitəyə minnətdarlıq, təşəkkür məktubları yazırlar. Çünki, kontrafakt malların poçt xidmətləri ilə, elektron ticarət vasitəsilə gətirilməsinin qarşısı alınıb. Bu qanundursa, biz qanuna əməl etməliyik. Hər kəsə 1 000 dollarlıq mal almağa icazə verilib. Əgər kiməsə 1 001 dollarlıq mal alıbsa, mütləq onun vergisini ödəməlidir".
"Gömrüyün "qara kassası"na şəxsən nəzarət edən cənab Mehdiyev bunu gözəl bildiyindən qapıçısı olmayan boş qapıya toplar vurmağa uğursuz cəhdlər edib"
Gördüyünüz kimi, Dövlət Gömrük Komitəsinin sədri birmənalı şəkildə bəyan edib ki, bu gün Azərbaycanda inhisarçılıq yoxdur. Halbuki iqtisadçı ekspertlərin əksəriyyəti bunun tam əksini qeyd edirlər. Məsələn, "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı-ekspert Qadir İbrahimli sözügedən tədbirdə səsləndirilən fikirlərin bir çoxu ilə razılaşmadığını bildirməklə yanaşı, xaricdən ölkəyə qayıdan insanlara ailə üzvlərinin istehlakı üçün mobil telefon, siqaret gətirməyə belə, icazə verilmədiyini, həmin malların "qaçaqmal" adı ilə müsadirə edildiyini qeyd edib: "Əvvəla, ondan başlayaq ki, komitə sədrinin baş redaktorlarla görüşünün özü yanlış format idi. Çünkü hörmətli baş redaktorların çoxu politoloqdur, bir hissəsi də şair. Yəni onların baş gömrükçüyə veriləsi sualları yoxdur. Görüşə baş redaktorlar yox, iqtisadiyyatdan yazan jurnalistlər dəvət olunmalı idi. Konkret desək, cənab Mehdiyev, qapıçısı olmayan boş qapıya yaxşıca toplar vurub. Hərçənd ki, boş qapıya vurduğu topların da hamısı sərrast olmayıb.
Götürək elə gömrükdə monopoliyanın ləğvi ilə bağlı qapının yanınından, üstündən ötən zərbələri. Deyir şəffafdır. Necə şəffafdır ki, ölkəyə qayıdan insanlara ailə üzvlərinin istehlakı üçün mobil telefon, siqaret gətirməyə belə, icazə verilmir və "qaçaqmal" adı ilə müsadirə edilir. Nəyə görə? Çünki siqaret və mobil telefon konkret firmaların inhisarındadır və baş gömrükçü onlara xidmət öhdəliyi götürüb. Belə deyilsə, siqaret və mobil telefon idxalı ilə məşğul olan idxalçı şirkətlərin sayı və adları açıqlansın".
Antiinhisar qanunverciliyinə görə, bazarın bir seqmentində bir şirkətin payının 35 faizdən yüksək olmasının qanunsuz olduğunu vurğulayan iqtisadçı-ekspertin sözlərinə görə, bu baxımdan ən azı 3 siqaret, 3 mobil telefon idxal edən şirkət olmalıdır: "Necə şəffaflıqdır ki, İranla sərhəd rayonların sakinlərinin ailə istehlakı üçün gətirdiyi toyuq məhsulları "quş qripi" adı ilə müsadirə edilir. O başqa məsələdir ki, gömrüyün "qara kassa"sının bir hissəsi bu il leqallaşıb. Ancaq bu, hələ islahat analamından çox uzaqdır. Uzun müddət gömrüyün "qara kassası"na şəxsən nəzarət edən cənab Mehdiyev bunu gözəl bildiyindən qapıçısı olmayan boş qapıya toplar vurmağa uğursuz cəhdlər edib".
"Azərbaycanda inhisarçılığın yeni forması tətbiq olunur"
Nəzərinizə çatdıraq ki, iqtisadçı-alim, sabiq millət vəkili Nazim Bəydəmirli isə sözügedən mövzu ilə bağlı meydan.tv-yə verdiyi açıqlamasında hazırda Azərbaycanda inhisarçılığın yeni formasının tətbiq olunduğunu bildirib. Ekspert qeyd edib ki, xarici iqtisadi əlaqələrlə məşğul olan istənilən adi sahibkarın gətirdiyi malın ödədiyi vəsaiti bank hesabı ilə olsa da belə, müvafiq komitə invoysları qəbul etmir: "Səbəb göstərirlər ki, bu, bazar qiymətindən aşağı olduğundan yeni invoys tətbiq edəcəklər. Digər inhisarçı şirkət malı neçəyə alsa da, hətta invoysları dəyişdirsə də, onunku "yaşıl xətt"lə keçir. Beləliklə, adi sahibkarın gətirdiyi maldan gömrük rüsumu və əlavə dəyər vergisi daha çox tutulur, inhisarçı şirkətlərdən isə əksinə, az alınır. Əslində, brokerlərin komitədən nümayişkəranə şəkildə kənarlaşdırılması inhisarçılığın bitməsi anlamına gəlmir. Bu mənada inhisarçılığın yeni növü tətbiq edilib".
"Sahibkar onunla rəqabətdə olan şirkətin hansı rüsum ödədiyini öyrənə bilmir, çünki kommersiya sirri var deyib o məlumatları vermirlər"
Sabiq millət vəkili dediklərini isbat etmək məqsədiylə misallar çəkərək qeyd edib ki, sahibkar Rusiyadan Azərbaycan üzərindən İrana taxta göndərir. Və bir vaqonun burda qeydiyyatdan keçməsi adi şirkətə 2500 dollara başa gəlirsə, inhisarçı şirkətə 1500 dollara başa gəlir. Digər bir misal olaraq deyib ki, İrandan armatur idxal edən adi şirkətə, qonşu ölkədə yerli valyutanın devalvasiyasına görə mal dollar ekvalentində ucuz başa gəlir. Fiziki və hüquqi şəxs buna 370 dollar ödəyibsə, üstəlik 30-35 dollar nəqliyyat xərcləri çəkibsə, təxminən 410 dollara Azərbaycana çıxır. Amma gömrük rəsmiləşdirilməsi zamanı alış qiymətinə istinad edilmir və 500 dollardan qiymət qoyub süni qiymət artımı yaradırlar. Başqa bir misal kimi o, idxal olunan malın beynəlxalq kodunun olmasına, bu kodun invoys və bəyannamə sənədlərində necə olmasına baxmayaraq gömrük komitəsinin onu 5, 10, 15 faiz gömrük rüsumları ilə rəsmləşdirməsini həyata keçirdiyini vurğulayıb: "Sahibkar da heç nəyi sübut edə bilmir. Bəlli məsələdir ki, inhisarçı şirkət gömrük rüsumu olan malları 5 faiz, adi sahibkar ən yaxşı halda 10 faizə rəsmiləşdirəcək. Beləliklə, bu yeni inhisarçılıq da belə həyata keçiriləcək. Bu inhisarçıları da ancaq komitə rəhbərliyi bilir. Sahibkar da onunla rəqabətdə olan şirkətin hansı rüsum ödədiyini öyrənə bilmir, çünki kommersiya sirri var deyib o məlumatları vermirlər". Bütün bunları nəzərə alan Nazim Bəydəmirli hesab edir ki, tam şəffaflığın yaradılması üçün Dövlət Gömrük Komitəsi ləğv olunmalıdır.
"Dövlət Gömrük Komitəsi ayrıca bir qurum kimi mənasızdır"
Mövzu ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli isə bu qənaətdədir ki, son zamanlar gömrük sistemində müəyyən dəyişikliklər olduğundan Səfər Mehdiyev onları uğur kimi qəbul edib, belə bir bəyanatlar verərək Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi qalmasına çalışır: "Misal kimi, rəsmiləşdirilmənin artırılmasını, Dövlət Gömrük Komitəsinin büdcəyə köçürmələrində ciddi artımın olmasını qeyd etmək mümkündür. Halbuki ticarət dövriyyəsində böyük bir artım olmayıb. Sadəcə, rəsmiləşdirilmənin hesabına Dövlət Gömrük Komitəsi büdcəyə daha çox vəsait cəlb edib. Və bunu bir uğur kimi qəbul edib belə bir bəyanatlar verərək, Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi qalmasına çalışır. Çünki çoxdandır söhbətlər var ki, Dövlət Gömrük Komitəsi ayrıca bir qurum kimi mənasızdır. Mən də bunun tərəfdarıyam. Hesab edirəm ki, bu qurum Vergilər Nazirliyinin tabeçiliyinə verilməli və nazirliyin nəzdində bir departament kimi fəaliyyət göstərməlidir. Ümumiyyətlə, gömrük və rüsumlar bir mərkəzdən idarə olunmalıdır. Bu, daha effektivdir. Odur ki, əgər bu çıxışı daha geniş mənada təhlil etsək, çox güman ki, bu çıxışın arxasında Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi qalmasına çalışmaq kimi bir məsələ dayanır".
"Elə bir model qurulub ki, bəzi məmurlara məxsus olan şirkətlərin ölkəyə mal gətirməsi daha asan və sərfəlidir, kənar şəxslərin isə bu bazara daxil olması çox çətindir"
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin Azərbaycanda inhisarçılığın olmamasına dair səsləndirdiyi fikrə gəlincə, iqtisadçı ekspertin sözlərinə görə, bu, çox qeyri-ciddi bəyanatdır: "Çünki ölkədə rəsmi inhisarçılar da var, hansılar ki, dövlət tərəfindən təbii inhisarçılar adlanır. Yəni bu, dövlət tərəfindən bilinir və qiymət siyasəti, o cümlədən idxal-ixrac əməliyyatları dövlət tərəfindən tənzimlənir. Bundan başqa, qeyri-rəsmi inhisarçılar da var. Əgər Dövlət Gömrük Komitəsinin müvafiq şöbəsi bazarı öyrənsəydi, o zaman görərdilər ki, bazardakı bir sıra şirkətlər seqmentlər üzrə az qala 90 faizdən yuxarı paya malikdirlər. Məsələn, "Azərsun" şirkəti bir çox bazar seqmenti üzrə, misal üçün çay bazarında hegemonluğa malikdir. Demək olar ki, bütün çay bazarı "Azərsun" şirkətinin əlindədir. Bu o demək deyil ki, Dövlət Gömrük Komitəsi sərhəddə bayanıb heç bir malı ölkəyə buraxmır, yəni birbaşa inhisarçılıq yaradır. Bu, belə baş vermir. Təbii ki, insanlar ölkəyə mal gətirə bilərlər. Sadəcə, bəzilərinə üstünlüklər verilir, gömrük keçid məntəqələrindən daha tez keçirlər, işləri daha asan şəkildə görülür. Bəziləri isə incidilir, gecikdirilir. Nəticədə ya malları xarab olur, ya da gətirdikləri nəqliyyat vasitələrinə əlavə pul ödəməyə məcbur olurlar ki, sonda bu işlərlə məşğul olmaq onlara sərf etmir. Beləliklə də bazardan çəkilirlər. Yəni inhisarçılıq belə yaradılır. İndi orta əsrlər deyil ki, monarxlar müxtəlif zadəganlara rəsmi inhisarçı statusu versin. Məsələn, o zamanlar filan zadəgan ancaq istiot, digəri duz, başqa birisi isə çay gətirə bilərdi. Təbii ki, indi bu, belə deyil. Yəni ölkədə belə bir inhisarçılıq modeli deyil. Sadəcə, elə bir model qurulub ki, bəzi məmurlara məxsus olan şirkətlərin ölkəyə mal gətirməsi daha asan və sərfəlidir, kənar şəxslərin isə bu bazara daxil olması çox çətindir. Bu mənada inhisarçılığın olması, mənə elə gəlir ki, heç kimdə şübhə doğurmur".
Hurriyyet.org