Azərbaycan Avropa Birliyi ilə sazişi bu ilin noyabrında imzalaya bilər

4-01-2019, 09:10           
Azərbaycan Avropa Birliyi ilə sazişi bu ilin noyabrında imzalaya bilər
Ekspert sənədlə bağlı əldə olunan razılaşmalar və prosesə mane olan səbəblərdən danışdı
Azərbaycanla Avropa Birliyi (AB) arasında tərəfdaşlıq sazişinin 2019-cu ildə imzalanacağı bildirilir. Lakin rəsmi açıqlamalarda konkret tarix açıqlanmır. Bəs belə bir sənəd 2019-cu ildə imzalanacaqmı, prosesin yekunlaşmasına və imzalanmaya hansı amillər mane olur?

AB üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində Azərbaycanla AB arasında münasibətlərin 23 illik tarixi olduğunu və ikitərəfli münasibətlərin hüquqi bazasının Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslandığını dedi: “Bu 23 illik dövrdə Azərbaycanla AB arasında əməkdaşlıq şurası, əməkdaşlıq komitəsi, parlamentlərarası əməkdaşlıq komitəsi, ticarət, iqtisadiyyat və hüquqi məsələlər üzrə alt-komitə, enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə alt-komitə kimi strukturlar ikitərəfli mütəmadi dialoqun aparılması üçün daimi fəaliyyətdədirlər. Üzərində işlənilən yeni saziş Azərbaycan və AB arasında münasibətlər üçün yeni hüquqi əsas kimi nəzərdə tutulur və Azərbaycan-Avropa Birliyi münasibətlərində mühüm mərhələnin başlanğıcıdır. Yeni tərəfdaşlıq sazişi üzərində tərəflər intensiv iş aparır və sazişin bəndlərinin əksəriyyəti tərəflər arasında razılaşdırılıb.

AB ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq və Azərbaycanın AB-nin enerji təhlükəsizliyində rolu və töhfəsi ikitərəfli strateji əməkdaşlığın təməlini təşkil edir və yeni tərəfdaşlıq sazişi Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradacaq.

Baxmayaraq ki, saziş ötən il imzalanmadı, 2018-ci il AB və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi, tərəflər arasında uzun müddətdir davam edən danışıqların nəticəsinin əldə olunması üçün məhsuldar bir il kimi yadda qaldı, yeni hərtərəfli sazişin imzalanması üçün aparılan danışıqlar prosesinin dinamik inkişafı ilə müşayiət olundu. 2018-ci il Azərbaycan prezidenti İlham Əliyevin istər AB-nin mərkəzi siyasi, iqtisadi və təhlükəsizlik təsisatları, istərsə də strateji üzv ölkələrin rəhbərləri ilə keçirdiyi görüşlər, imzalanan yeni sənədlər Azərbaycanın Aİ ilə münasibətlərini daha da möhkəmləndirdi və bunun nəticəsi kimi Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri üzrə danışıqlar yekunlaşdı, buna dair baza sənədi paraflandı. 2018-ci ildə Azərbaycanla Aİ arasında təhlükəsizlik üzrə ilk dialoq başlandı və təhlükəsizlik məsələləri iki istiqamət üzrə, regional və qlobal təhlükəsizlik mövzusunda müzakirə olundu və ilkin razılaşmalar əldə olundu.

Regional və beynəlxalq gündəlikdə duran məsələlər, terrorizm, separatçılıq və ekstremizmin bütün forma və təzahürlərinə qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq və qaçaqmalçılıq, kibertəhlükəsizlik və digər təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi və ilkin razılaşmalar əldə olundu. Ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı öhdəliklərinə sadiq qalan tərəflər təhlükəsizliklə bağlı müzakirələrdə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və münaqişənin regional və qlobal təhlükəsizliyə neqativ “töhfəsi” istiqamətində məsələlərin müzakirəsini apardılar".

Ekspert qeyd etdi ki, 2018-ci ilin payızından yeni sazişin bəndləri çərçivəsində tərəflərarası ticarət məsələləri ətrafında geniş müzakirələr keçirilib və ticarət sahəsində çox mühüm irəliləyişə nail olunub: “AB ilk dəfə olaraq, Ümumdünya Ticarət Təşkilatına daxil olmayan bir ölkə ilə iqtisadi razılaşmaya getdi və bunun üçün Azərbaycan və AB ÜTT-yə daxil olanadək bu təşkilatdakı mövcud mexanizmləri əvəzləyəcək və hər iki tərəfə faydalı yollar tapılması mexanizmlərinin işlənməsinə başladı”.

AB ilə danışıqlar prosesinin yekunlaşmasına və imzalanmaya hansı amillərin mane olmasına gəlincə, Y.Hacıyeva dedi ki, tərəflər arasında tamamilə razılaşdırılmamış məqamlar hələ də təhlükəsizlik və ticari məsələlərdir: “Azərbaycan haqlı olaraq regional təhlükəsizlik məsələlərinin müzakirəsi zamanı Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi və didərgin düşmüş insanların öz evlərinə geri qayıtmasını bölgədə davamlı sülh və dayanıqlı inkişafa gətirə biləcək əsas məqam kimi qeyd edir. Ümumiyyətlə, Azərbaycan üçün AB ilə təhlükəsizlik dialoqunun nüvəsini əldə olunmuş razılaşmaların ərazi bütövlüyümüzün bərpa olunmasına xidmət etməsi, konfliktin həllində real irəliləyişlərin əldə olunması təşkil edir. Təhlükəsizlik məsələləri ətrafında növbəti müzakirələrdə regional təhlükəsizliyin həssas bəndi kimi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq təhlükəsizliyə təsir nüansları və məqamlarının müzakirəsi nəzərdə tutulur və bu vacib məqam tərəflər arasında münaqişənin həllinin labüdlüyünə əminliyi artırır. Məhz bu məsələlər tərəflərin bu ilin yanvarında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlərində müzakirə olunacaq və ortaq razılaşmanın əldə olunması üçün məqsədyönlü işlər görülür. Plan üzrə sənədin ilkin razılaşdırılmış mətninin ”Şərq tərəfdaşlığı"nın 10 illiyi tədbirlərinədək hazırlanması və daha sonra mart ayında yekun müzakirəsi nəzərdə tutulur. Hesab edirəm ki, nəzərdə tutulan tərəfdaşlıq sazişinin imzalanması 2019-cu ilin noyabr ayında baş tutacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.