Suriyada bu dəfə kim kimi və niyə öldürür - İdlib ətrafında böyük oyunlar

6-01-2019, 10:08           
Suriyada bu dəfə kim kimi və niyə öldürür - İdlib ətrafında böyük oyunlar
Silahlı qruplar arasında şiddətlənən toqquşmalar bölgəni yeni savaşın astanasına gətirib
Son günlər Suriyanın şimalında İdlib vilayətində müxalif qruplar arasında davam edən toqquşmalar yenidən şiddətlənib. Suriya İnsan Haqları Müşahidə Mərkəzinin məlumatına görə, radikal qruplar arasında davam edən toqquşmalarda ölənlərin sayı 130 nəfərə çatıb. Artıq 5 gündür davam edən toqquşmalarda onlarla yaralı var.

Bu gün toqquşmalar daha da şiddətli olub və əl-Qaidənin Suriya qolunun liderlik etdiyi “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması Hələb vilayətinin qərb rayonlarını ələ keçirdib. Bu qrupla savaşan Türkiyənin də dəstək verdiyi “Nurəddin Zengi” qruplaşması nəzarət etdiyi bölgəni itirdikdən sonra Afrinə doğru geri çəkilib. Hətta Afrin ərazisinə də bir neçə mərmi düşdüyü haqda xəbərlər var.

Silahlılar arasında davam edən nüfuz mübarizəsində HTŞ 61, “Nurəddin Zengi” qruplaşmasının da daxil olduğu Milli Qurtuluş Cəbhəsi koalisiyası isə 58 döyüşçü itirib. Toqquşmalarda həmçinin 8 mülki insan öldürülüb.

Qeyd edək ki, ümumi olaraq Milli Qurtuluş Cəbhəsi adlanan silahlı koalisiya 11 qruplaşmanın 2018-ci ilin mayında birləşməsi əsasında qurulub. Bu koalisiyanın əsas qurucusu və dəstəkçisi Türkiyədir. Onunla savaşan HTŞ isə daha əvvəl yaradılıb. Əsasən radikal silahlı qruplardan təşkil olunan HTŞ-nin aparıcı qüvvəsi ən-Nusra Cəbhəsi qruplaşmasıdır. HTŞ son aylara qədər İdlibin 60 faizinə qədər ərazisinə nəzarət edib, bölgədə ən güclü silahlı təşkilat hesab olunub. Ancaq Rusiya və Türkiyə arasında 2018-ci ilin 17 sentyabrında Soçidə əldə olunan anlaşmadan sonra bu qruplar arasında gərginlik yüksəlib. Halbuki bu iki qruplaşma, yəni HTŞ və Mili Qurtuluş Cəbhəsinə daxil olan qruplar 2015-ci ildə “Fəth Ordusu” adı altında birləşərək İdlibi ələ keçirmişdilər.

Görünən budur ki, indi şərtlər dəyişib və vaxtilə bir cəbhədə savaşanlar indi bir-birinə qarşı döyüşür. Məsələ ondadır ki, 2018-ci il 17 sentyabr Soçi anlaşmasına əsasən İdlib vilayəti təminatçı ölkələr arasında bölünüb. Şərti olaraq İdlibin şimal əraziləri Türkiyənin nəzarəti altına keçib. Cənub hissəsində isə atəşkəsə Rusiya və qismən İran nəzarət edəcək. Üstəlik, vilayətin mərkəzindəki 10 kilometr enində zolaq isə neytral zona olmalı idi. İlk günlərdə İdlibdəki silahlı qruplar bu anlaşmaya müəyən qədər tabe oldular və geri çəkilmə baş verdi. Ancaq sonradan neytral bölgədə silahlılar arasında gərginlik yüksəlməyə başladı. İndi isə müxalif qrupların öz arasında toqquşmalar başlayıb. Bu yeni savaşın bir neçə səbəbləri var.

Birincisi, Türkiyə və Rusiya arasında anlaşmanın şərtlərinə əsasən Türkiyə nəzarət etdiyi bölgədə atəşkəsə cavabdehdir. Bu atəşkəsi isə əsasən müşahidə nöqtələrində Türkiyə ordusu, içəridə isə müttəfiq müxalif qruplar təmin etməlidir. Ancaq HTŞ kimi qruplar bu anlaşmaya tabe olmur və tez-tez problem yaradır. Bu səbəbdən də Türkiyə tabe olmayan qüvvələrin zəiflədilməsində maraqlıdır.

İkincisi, Soçi anlaşması və digər razılaşmalara əsasən HTŞ və ən-Nusra atəşkəsə aid deyil, Rusiya bu qrupların terrorçu kimi tanınması və onlara qarşı mübarizə aparmasını şərt kimi anlaşmalara daxil etdirib. Türkiyə də buna imza atıb. Üstəlik. HTŞ hazırda İdlibin böyük hissəsinə nəzarət edir və bu da Rusiya üçün İdlibi tamamilə ələ keçirmək üçün hüquqi əsas verir. Bunun qarşısını isə ancaq qrupu zəiflətmək, nəzarətindəki bölgələri kişiltməklə almaq olar. Əks təqdirdə Rusiya və Suriya hökumət qüvvələri HTŞ-yə qarşı əməliyyatları başlada bilər.

Üçüncüsü, “Milli Qurtuluş Cəbhəsi”ndən fərqli olaraq HTŞ birbaşa Türkiyə hökumətinin nəzarətində deyil, digər xarici ölkələrin bu qrupa təsirləri var. MQC isə tamamilə Türkiyənin nəzarətində olan qüvvədir. Bu isə o deməkdir ki, İdlibdə həm də kənar ölkələrin təsiri faktoru vardır.

Nəhayət, dördüncüsü, yaxın günlərdə Suriyada keçid dövrü və yeni konstitusiyanın hazırlanması ilə məşğul olacaq komissiyanın ilk iclası baş tutacaq. İsrail kəşfiyyatı da elan edib ki, bu il münaqişə bitə bilər. Belə bir vəziyyətdə İdlib kimi strateji nöqtənin kimin nəzarətində olması həm də danışıqlarda əlavə üstünlük demək olacaq.

Ancaq görünən odur ki, HTŞ Türkiyə dəstəkli qüvvələrə qarşı ciddi müqavimət göstərir. Şənbə günü Hələbin bəzi rayonlarının müxaliflərdən alması HTŞ-nin gücünü göstərir. Bu isə Ankara üçün yeni başağrısı deməkdir. Hətta məlumatlara görə, Hələb ətrafında məğlub olan “Nurəddin Zengi” briqadası ləğv olunub. Bu isə Ankaranı indi qəti addımlara sövq edəcək. Çünki yaxın zamanlarda İdlibdə nəzarət bərpa olunmazsa Suriya və Rusiya qüvvələri HTŞ-yə qarşı əməliyyata başlaya bilər.

Kənan Rövşənoğlu,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.