Həkim həyəcan təbili çaldı – Xərçəng yayılmaqda davam edəcək, çünki...

7-01-2019, 23:35           
Həkim həyəcan təbili çaldı – Xərçəng yayılmaqda davam edəcək, çünki...
Xərçəng xəstəliyi artıq Azərbaycanın da qorxulu bəlasına çevrilib.
Bu xəstəlik nəinki gəncləşib, hətta uşaqlar arasında da surətlə yayılıb. Reallıq onu göstərir ki, ölkədə hər 10 nəfərdən 4-ü xərçəngə tutulur.

Statistika göstərir ki, xərçəng xəstəliyi 2017-ci illə müqayisədə 3,7 dəfə artıb. Bir sözlə bu xəstəlik qrip kimi surətlə yayılmağa başlayıb. Hər dəfə xəstəliyin artma səbəbindən danışılanda, buna qida və ölkədə radiasiya fonun dəyişməsi kimi şablon əsaslar göstərilir. Amma xərçəngin konkret hansı səbəbdən yaranması və yayılması araşdırılmır. Nəinki araşdırılmır, hətta qarşısının alınması üçün önləyici tədbirlər görülmür.

Ekspertlərin təklifinə görə, dövlət tərəfindən məsələ nəzarətə götürülməli və cavabdeh dövlət qurumlarından nümayəndələr cəlb olunmaqla Komissiya yaradılmalıdır.

Bu komissiya işlək olmalı və hesabatlardan ibarət konkret tədbirlər həyata keçirməlidir.

Xəstəliyin qarşısının alınması üçün belə bir komissiyanın yaradılması effektli ola bilərmi?


Həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlamasında deyib ki, xərçəng xəstəliyinin əmələ gəlmə səbəbləri var və ona qarşı iş aparılmalıdır:

“İş aparılması isə ölkədə gedən bugünkü proseslərlə bir qədər uyğunluq təşkil etmir. Məsələn, ölkədə ekoloji durumun normal olmamasıdır ki, bu məsələnin yalnız bir tərəfidir. Əhalinin həddindən artıq çoxunun sıx şəkildə paytaxta yerləşməsidir. Üçüncü əsas məsələ isə qəbul edilən qidalarımızın nəinki dünya standartlarına, hətta MDB standartlarından da qat-qat aşağı olmasıdır. Daha sonra ölkədə əsəb və sinir gərginliyi hallarının və yaşayış tərzinin zəif olması da əsas şərtlərdəndir.

Bütün bunlar bir yerdə cəmləşərək xərçəng xəstəliyin meydana gəlməsi və yayılmasına səbəb olur. Bu səbəbləri müəyyən dərman və həkimlə aradan qaldırmaq mümkün olur. Amma sadaladığımız məsələləri yoluna qoymaq mümkün olmur. Bütün bunları ortaya qoyub müzakirə edəndə görmək olur ki, bu ölkədə belə də olmalıdır. Başqa yolu yoxdur. Hansıki, bu bilavasitə dövlətin özündən asılı olan bir məsələdir”.

Həkimin sözlərinə görə, xərçəng xəstəliyi yayılmaqda davam edəcək, azalmayacaq:

“Çünki onu yaradacaq səbəblər aradan qaldırılmalıdı. İstəyirsizsə, dünyadan ən gözəl həkimləri, mütəxəssisləri gətirin. Bu xəstəlik azalan deyil. Qida Təhlükəsizliyi Agentliyi yeni yaradılıb. Amma bu quruma qədər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkəyə gətirilən qida məhsullarının tərkibini yoxlayan laboratoriyalar və digər qurumlar var. Bunlar heç biri lazımi səviyyədə işləmirlər. Məsələn, Gömrük Komitəsinin sədri açıqlamasında bildiri ki, ölkəyə gətirilən məhsulların böyük əksəriyyəti monopoliya altındadır. Əgər o monopolist varsa, o zaman ona necə deyəcəksən ki, dördüncü növ buğdanı gətirib birinci növ kimi bizə sırıma... Bu, mümkün olan şey deyil. Bunun qarşısı çox yüksək səviyyədə alınmalıdır. Amma alınmayanda digər məsələlər də zəncirvari şəkildə davam edir.

Bu məsələnin qarşısı ölkədə monopolizm sistemilə çox güclü mübarizə aparılması ilə alına bilər. Hansısa komissiyanın yaradılması ilə heç nə olan deyil. Komissiya da gəlib, sonra o monopolistin əlinə baxacaq.

Əziyyəti isə sadə vətəndaşlar çəkir. Mən həkim olaraq çalışsam da, özümü bu xəstəlikdən qoruya bilmərəm. Ölkədə satılan çörəyi mən mütləq yeməliyəm, başqa çörək yoxdur. Əgər o çörəyin tərkibi kimyəvi maddələrlə doludursa, mən nə edə bilərəm? Bu elə bir məsələdir ki, ondan heç həkimlərin özləri də sığortalana bilmirlər”.

Alçina Amilqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.