Çovdarovla işləyən 3 hakimin adı çəkildi - Eldar İsmayılov, Faiq Qəniyev, Novruz Kərimov...
7-12-2015, 21:11
Eldar Mahmudovun milli təhlükəsizlik naziri olduğu 2004-2011-ci illərdə bir sıra hakimlərin onun və müavini Akif Çovdarovun diktəsi ilə qərarlar qəbul etdiyi üzə çıxır.
Konkret olaraq, Respublika Prokurorluğunun “MTN işi” ilə bağlı açıqlamasında 58 sahibkarın şikayətini qeyd etmək mümkündür. Bu sahibkarların əksəriyyəti haqqında məhkəmə hökmlərini hakimlər Eldar İsmayılov, Faiq Qəniyev və Novruz Kərimov çıxarıb. Yaxud jurnalist Pərviz Həşimov barədə məhkəmə hökmünü Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun rəhbərlik etdiyi heyət qəbul etmişdi.
Novruz Kərimov baş redaktor Əvəz Zeynallı haqda hökm çıxaran məhkəmə heyətində də var idi. Novruz Kərimov vaxtilə MTN-də müstəntiq vəzifəsində çalışıb. Yaxud Faiq Qəniyev 2010-cu ilin aprelin 1-də vəkil Elçin Sadıqovu MTN-nə çağıraraq haqqın.az saytının baş redaktoru Eynulla Fətullayevin işi ilə bağlı dindirmək istəsə də, vəkil bundan imtina etmişdi. Buna görə vəkili 6 saat MTN-də saxlamışdılar. E.Sadıqov səbəbini öyrənmək istədikdə, göstərişin Akif Çovdarovdan gəldiyini bildirmişdilər.
Bu araşdırmayla bağlı bağlı Meydan TV vəkil Elçin Sadıqovla əlaqə saxlayıb.
Vəkil bildirib ki, 1 aprel 2010-cu il tarixdə, həmin vaxt MTN-də müstəntiq işləyən Faiq Qəniyev ona zəng edərək, icraatında olan cinayət işi ilə bağlı nazirliyə ifadə verməyə çağırıb: “Mən ora gedəndə məlum oldu ki, bu çağırış icraatında olan cinayət işi ilə bağlı yox, vəkili olduğum Eynulla Fətullayevin Akif Çovdarovun cinayətləri barədə mətbuatdakı yazılarına görədir. Nazirlikdə Qəniyev mənə dedi ki, əslində, heç bir cinayət işi yoxdur, sadəcə, Çovdarovun göstərişi ilə bağlı çağırmışam. Akif Çovdarov demişdi ki, Eynulla Fətullayevə onun barəsində yazmamağı çatdırım. Qəniyev dedi ki, Çovdarovun göstərişi ilə səni mətbuatdakı yazılara görə dindirməliyəm. Mən cavab verdim ki, vəkil apardığı iş haqda dindirilə bilməz və ona bu barədə sual verilməməlidir. Ona görə də imtina edirəm. Təxminən 6 saat məni gözlətdi, sonra Akif Çovdarova ifadə verməməyimlə bağlı məruzə etdi. Nəhayət, axşam saatlarında ifadə vermədiyimi bir daha qətiləşdirəndən sonra evə buraxdı. Buna baxmayaraq, Çovdarov barədə yazılar dayanmadı. Bir məqamı da xatırlayım, Çovdarov hazırda mühacirətdə olan jurnalist Aqil Xəlilin işində başqa bir vəkil vasitəsilə mənə hədə-qorxu gəlmişdi”.