GENERAL VƏLİ ƏLƏSGƏROV NƏZARƏT ALTINDA! – “MTN işi” Naxçıvana sıçradı!

20-12-2015, 20:42           

Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri general-leytenant Vəli Ələsgərov hazırda ev dustaqlığındadır. Bu sensasiyalı məlumat AzPolitika.info saytı yayıb. Məlumatda bildirilir ki, V.Ələsgərovla bağlı istintaq başlayıb, onun həbs olunacağı gözlənilir.

Xatırladaq ki, Vəli Ələsgərov dekabrın 18-də vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə – Naxçıvan MTN-in bazası əsasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə Fazil Ələkbərov təyin olunub.

V.Ələsgərovun Naxçıvan xüsusi xidmət orqanının rəhbərliyindən uzaqlaşdırılması MR-də təəccüblə qarşılanmışdı. Çünki hamı onu MR Ali Məclisinin sədri Vasif Talıbovun ən yaxın adamlarından biri kimi tanıyırdı. Bu səbəbdən müəyyən gözləntilər də var idi ki, V.Ələsgərov başqa vəzifəyə təyin olunacaq. Hətta onun Azərbaycan DTX-na rəis müavini gətiriləcəyi haqda da xəbərlər yayılmışdı. Lakin dünəndən etibarən, Vəli Ələsgərovla bağlı qeyri-müəyyənliyə aydınlıq gəlməyə başlayıb. Əldə olunan məlumatlar onu göstərir ki, Naxçıvan MTN-nin keçmiş rəhbəri istintaq altındadır. “AzPolitika” öyrənə bilib ki, Vəli Ələsgərovun vəzifəsindən uzaqlaşdırılması Azərbaycan MTN-də aparılan əməliyyatın tərkib hissəsidir, belə ki, onun oktyabrın 17-dən sonra ifşa olunan Mahmudovçu cinayətkar qruplaşma ilə dərin əlaqələri üzə çıxıb. Məlum olub ki, Azərbaycan MTN-də olduğu kimi, Naxçıvan MTN-də də qanunsuz dinləmələr həyata keçirilib, əldə olunan məlumatlardan şantaj məqsədilə, istisna deyil ki, həm də siyasi motivli şantaj məqsədilə istifadə olunub. Bəzən isə dinləmələrin miqyası Naxçıvanın sərhədlərindən də kənara çıxıb, belə ki, Naxçıvana heç bir aidiyyatı, əlaqəsi olmayan insanlar da MR MTN-ində quraşdırılmış müasir aparatlar vasitəsilə dinlənilib. Bu qanunsuz dinləmələr vasitəsilə əldə olunan məlumatlardan isə müxtəlif məqsədlər üçün istifadə olunub.

Mənbə deyir ki, Naxçıvanda vəzifəli şəxslərin istisnasız olaraq hamısı Vəli Ələsgərov tərəfindən dinlətdirilib. Şübhələr var ki, o, MR-in siyasi rəhbərliyinin də telefon danışıqlarını dinləyib.

Məlumata görə, Vəli Ələsgərovla Eldar Mahmudovun çox yaxşı münasibətləri olub. Hətta bir neçə il əvvəl V.Ələsgərov Naxçıvan şəhərində, Naxçıvan çayının qırağında Eldar Mahmudov üçün çox möhtəşəm bir villa da tikdirib.

Vəli Ələsgərovun Naxçıvandakı obyektlərinin nəzarət altına götürüldüyü haqda informasiyalar da öz təsdiqini tapır. Dünən məlumat vermişdik ki, keçmiş nazirin Naxçıvan şəhərində yerləşən bəzi obyektləri – “XI əsr” adlı restoranı və ona bitişik marketi, həmçinin pivə klubu boşaldılır. Bu gün verilən məlumatlara görə, artıq həmin obyektləri sökməyə başlayıblar.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevlə bağlı qeyri-müəyyənlik isə davam edir. Onun qardaşı Nemət Mustafayevin həbs olunduğu barədə məlumatları dəqiqləşdirmək mümkün olmayıb. Lakin Naxçıvandan gələn məlumatlar bu generalın ətrafında da hansısa proseslərin getdiyindən xəbər verir. Və istisna deyil ki, bu prosesin də Vəli Ələsgərovla hansısa bağlılığı var. Çünki Vəli Ələsgərovla Kərəm Mustafayevin yaxın dost olduqları haqda da məlumatlar var.

Naxçıvandan verilən və dəqiqləşdirilməmiş bir başqa məlumatda isə Ali Məclisin nüfuzlu şöbə müdirlərindən birinin işdən çıxarıldığı və nəzarət altına alındığı bildirilir.

Bütün bu baş verənlər Eldar Mahmudovun Naxçıvandakı gizli komandasının ifşasıdırmı? Bu suala cavabı yaxın günlərdə tapa biləcəyik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.