Bir nəslin sonuncu kişisi şəhid oldu

20-12-2015, 21:29           

Dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə düşmənin susdurulması zamanı ordumuzun əsgəri Rəşad Əlyar oğlu Cəfərzadənin həlak olması ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Məsələ burasındadır ki, 4 gün öncə şəhid olan əsgərimiz başsız ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu.

Modern.az saytının məlumatına görə, şəhidin son mənzilə yola salınmasını mərasimini izləyənlər bu ürəkağrıdan mənzərədən sarsılıblar. Şəhidi onun ana əvəzi - xalası, yeganə bacısı, ata əvəzi dayısı torpağa tapşırıblar. Hər iki valideynini hələ körpə ikən itirən Rəşad və bacısını xalası və dayısı çox böyük çətinliklə boya-başa çatdırmışdılar. Ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılan mərhum əsgərimiz Rəşad Cəfərzadə həm də əslən Ağdam rayonundan olan çağırışçı idi. Məcburi köçkünlük və yetimçiliklə böyüyən Rəşad 21 yaşında erməni xainlərinin gülləsinə tuş gələrək şəhid oldu. Çox acı və acı olduğu qədər də ürək dağlayan bir faciə baş verdi.

Hərbi ekspert, Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Üzeyir Cəfərov bu faktdan çıxış edərək ölkənin qanunvericilik orqanına - Milli Məclisə və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvlərinə müraciət ünvanlayıb.

“Eyni zamanda ağızlarına “su alıb” susan çoxsaylı hərbiyönümlü QHT-lərin rəhbərlərinə, üzvlərinə müraciət edirəm. Ey mənim "daşürəkli" həmvətənlərim! Sizə elə gəlmirmi ki, biz tarix və Tanrı qarşısında çox böyük yanlışlığa, səhvə və günaha yol veririk??!!. Bu məsələ ötən illərdə də gündəmə gəlsə də, nədənsə sonra unuduldu, yaddan çıxdı. Mətbuatımız da bu vacib məsələni nədənsə unutdu və biz yalnız hadisə baş verəndən-verənə bu haqda ya bir az danışırıq, ya da emosiyalarımızı sosial şəbəkələr vasitəsiylə bölüşüb sakitləşirik. Amma, söhbət Azərbaycan xalqının genefondundan gedir”.

Hərbi ekspert deyir ki, Azərbaycanda nə demoqrafik çətinliklər var, nə də əsgər çatışmazlığı hiss olunur.

“Bəs onda bu cür tək və ya yetim uşaqları niyə qoruya bilmirik? Və onlar hərbi xidmət zamanı, xüsusən döyüş bölgələrində bu və ya digər səbəblərdən həlak olduqda, buna görə kimsə məsuliyyət və ya vicdan, narahatçılıq hiss edirmi görən? Axı biz faktiki olaraq özümüz özümüzü çox pis vəziyyətə qoyuruq. Neçə illərdir ki, mənim özüm və bəzi QHT rəhbərləri bu məsələni həm güc strukturlarının, həm də Milli Məclis, Prezident Adminstrasiyası səviyyəsində həll olunması üçün təkliflər irəli sürmüşük. Evin tək oğlan uşaqları, şəhid ailələrindən olanlar ya həqiqi hərbi xidmətdən azad edilsinlər, ya da onlara ön xəttdə əsgəri xidmət keçmək qadağan olunsun.
Lakin çox təəssüflənirəm ki, bəzi "daşürəkli" şəxslər hələ də özlərini ya bilərəkdən, ya da bilməyərəkdən eşitməzliyə, görməzliyə vurublar. Sanki onlar Azərbaycanda deyil, bir başqa yad ölkədə yaşayırlar. Görəsən nə vaxta kimi? Zərbə isə gördüyünüz kimi bütövlükdə dövlətimizə, dövlətçiliyimizə, xalqımıza və onun gələcəyinə dəyir”.
teref.az olaraq dəfələrlə Üzeyir bəyin dediyi bu problemi qaldırmışıq.Amma nədənsə bizim 1-2 sini çıxmaq şərti ilə hərbi təmayüllü QHT-lərimizin başı başqa daha vacib işlərə qarışıq olduğu üçün səsimizə səs verməyiblər! Artıq yetrə bu məsələ həll olunmalıdır!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.