Bir dövlət qurumunun yaşı 30-u keçməyən rəisləri - Azərbaycanda nadir hadisə!
21-12-2015, 11:09
Son günlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki “Azərpoçt” MMC ətrafında maraqlı hadisələr cərəyan edir.
Xatırladaq ki, bu ilin noyabrın əvvəllərində "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bunun ardınca “Azərpoçt”un bəzi vəzifəli şəxslərinin də həbsi xəbəri yayılıb, bir sıra poçt filiallarının rəisləri fəaliyyətində yol verdikləri nöqsanlara görə tutduğu vəzifələrdən azad olunublar.
Ən son məlumata görə, son bir həftə ərzində nazirliyə məxsus “Azərpoçt” MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib. Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib.
Qaynar.info ətrafında hay-küylü proseslərin cərəyan etdiyi “Azərpoçt”la bağlı maraqlı məlumat əldə edib. Məlumata görə, bu qurumda bir sıra yüksək vəzifələri yaşı 30-u ötməyən şəxslər tuturlar.
Məsələn, sözügedən MMC-nin Əməliyyatlar şöbəsinin rəisi Fərid Hüseynovun cəmi 27 yaşı var. O, Xəzər Universitetinin Maliyyə və Kredit fakultəsini 2009-cu ildə bitirib və həmin ilin iyununda "Azərpoçt"da iqtisadçı kimi işə başlayıb. Cəmi 23 yaşında "Azərpoçt"un Əməliyyatlar şöbəsinin rəis müavini olan F. Hüseynov, 2012-ci ilin fevralından rəisi vəzifəsinə təyin edilib.
Qurumun Plastik kartlar şöbəsinin rəisi Fərid Cəfərovun isə 30 yaşı var. O, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2004-2006-cı illərdə həmin universitetin magistr pilləsini bitirib. 24 yaşında “Azərpoçt”un Maliyyə Xidmətləri Marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. Hazırda isə qurumun Plastik kartlar şöbəsinin rəisi postunu tutur.
“Azərpoçt”un Xəzinədarlıq şöbəsinin rəisi Gündüz Gözəlov isə bu vəzifəyə təyin edilərkən 29 yaşında olub. Türkiyə Respublikasının Ankara şəhərində yerləşən "Qazi" universitetinin "İqtisadi və idarəetmə" ixtisasına qəbul olunan, ardınca Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati İdarəetmə" fakultəsini bitirən G. Gözəlov 2007-ci il noyabrından "Azərpoçt"un Xəzinadarlıq şöbəsində iqtisadçı vəzifəsinə qəbul edilib. Bir il sonra isə artıq rəis postunu tutmağa başlayıb.
Adıçəkilən MMC-nin Mühasibat uçotu və hesabat şöbəsinin rəisi Vüqar Əfəndiyev isə 2008-ci ilin yanvar ayından bu vəzifədə çalışır. O, 30 yaşında belə bir vəzifəyə gətirilib. Daha əvvəl Proqramlaşdırma və Marketinq, Maliyyə və Uçot şöbələrinin də rəisi olan Əfəndiyev həmin vaxt daha da gənc imiş.
“Azərpoçt”un Risklərin İdarə Edilməsi Şöbəsinin rəisi Rauf Dünyamalıyev isə hazırda 30 yaşındadır. 2002-2007-ci illərdə Qafqaz Universitetinin İqtisad İdari Bilimlər fakultəsi, Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb.
2008-ci ildən - yəni hələ 23 yaşında ikən Risklərin İdarə Edilməsi Şöbəsinin rəisi təyin olunub.
Xatırladaq ki, “Azərpoçt” Azərbaycanın milli poçt şəbəkəsinin operatorudur. 1993-cü ildən Ümumdünya Poçt İttifaqının üzvüdür. Hazırda Azərpoçt" yüzlərlə poçt filialı və poçt qovşağından, poçt şöbəsi və poçt agentliyindən ibarətdir.