Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərin istehsalı, idxalı və satışı üçün lisenziyalar ləğv olunub - Hökumətdən ciddi JEST
22-12-2015, 13:40
Azərbaycanda tütün məmulatının və etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) istehsalı, idxalı və satışı lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.
İndiyə qədər tütün məmulatının, etil və alkoqollu içkilərin istehsalı, idxalı və satışı üçün ayrı-ayrılıqda 5500 manat dövlət rüsumu ödənilməklə Kənd Təsərrüfatı Nazirliyindən lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb.