Azərbaycanlı KVN-çi azərbaycanlıları ermənilərin qarşısında tövbə etməyə çağırdı
26-04-2015, 19:02
Uşaqları nifrətə öyrətmək lazım deyil”.
Məşhur azərbaycanlı KVN-çi (Şən və Hazırcavablar Klubu), əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü Cavid İmamverdiyev azərbaycanlıları ermənilərin qarşısında tövbə etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, aprelin 24-də qondarma “erməni soyqırımı” günü rusiyalı teleaparıcı Tina Kandelaki Facebook-dakı rəsmi səhifəsində status yazıb. O bildirib ki, yarısı ermənidir və 24 apreli “Bütün ermənilər üçün kədər günü” adlandırıb.
“Mən yarıyadək erməniyəm. Biz günahsız öldürülənlər, erməni olduğu üçün öldürülənlərə görə dua edirik. Erməni xalqının gücü və ruhu ondadır ki, oğul və qızları harada yaşamaqlarından asılı olmayaraq, bu gün hər bir şəxs görünməz iplə bir-birinə bağlıdır və bu, bütün dünyaya göstərir ki, erməni xalqını sındırmaq olmaz”, - deyə, Kandelaki bildirib.
Bu status teleaparıcının azərbaycanlı fanatları arasında kəskin narazılıq doğurub və onlar öz cavablarında Xocalıda baş vermiş real soyqırımı göstəriblər.
Lakin azərbaycanlılar arasında Kandelakini dəstəkləyərək, həmvətənlərini ermənilər qarşısında tövbə etməyə çağıran şəxs də tapıldı. Bu, “Parni iz Baku” KVN komandasının keçmiş iştirakçısı Cavid İmamverdiyevdir.
“Təsadüfən bu müzakirələrlə qarşılaşdım və ermənilərin azərbaycanlıları, azərbaycanlıların isə erməniləri necə həvəslə təhqir etməsindən dəhşətə gəldim, - deyə, İmamverdiyev yazır. – Uşaqlar, bəlkə daha bəsdir? Bəli, etiraf etmək lazımdır ki, Türkiyədə soyqırım olub, Xocalı və Sumqayıt və tariximizin digər dəhşətli məqamları olub. Bütün bunları etiraf etmək, başsağlığı vermək və tövbə etmək lazımdır. Biz qədimdən qonşuluqda yaşayırıq, bəzi dostlarımızın damarlarından həm azərbaycanlı, həm də erməni qanı axır. Ermənistan və Azərbaycandan kənarda əvvəlki kimi birlikdə biznes qururlar. Uşaqları nifrətə öyrətmək lazım deyil. Yenidən əsrlərlə yaşadığımız kimi yaşamağa cəhd göstərmək lazımdır. Sülh və razılıq dünyasında”, - deyə, İmamverdiyev yazır.
Həmin şərhin skrinşotlarını təqdim edirik.