Şahin Seyidzadə mandatından MƏHRUM EDİLƏ BİLƏR - BUNA GÖRƏ...
Dünən, 17:32

“Şahin Seyidzadəyə qarşı cinayət işi açılsa, cinayət məsuliyyətinə cəlb olunsa, bu halda mandatından məhrum edilə bilər”.
Bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsəniv deyib.
“Hələ indiyə qədər görmədim ki, Hesablama Palatasının apardığı hansısa yoxlama nəticəsində kimisə cinayət məsuliyyətinə cəlb etsinlər. Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində artıq işləmir. Hazırda deputatdır. Belə olsa da, normal qaydada inkişaf etmiş hüquq sistemi olan bir dövlətdə dərhal həmin adam çıxıb məlumat verməli, əsaslandırmalıdır. Faktlar varsa, özü getməlidir. Bizdə isə başa düşürük ki, belə olmur…”, - hüquqşünas bildirib.
Xatırlatma: Hesablama Palatası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs və tabeliyindəki təşkilatlarda yoxlama (kənar dövlət maliyyə nəzarəti) aparıb. Audit prosesi 29.02.2024-cü il tarixindən 13.04.2024-cü il tarixinədək aparılıb və 01.01.2022-ci il tarixindən 31.12.2023-cü il tarixinədək olan dövrü əhatə edib. Audit zamanı milyonlarla manarlıq pozuntu aşkarlanıb. Qeyd edək ki, auditin aparıldığı dövrdə quruma Şahin Seyidzadə rəhbərlik edib. O, 2022-2024-cü illədə qurumun İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Ötən il keçirilən parlament seçkilərində isə deputat seçilib və hazırda parlamentdə fəaliyyətini davam etdirir.