Buda Cavad xan ruhuna hörmətimiz... Gəncədə Cavad Xan qəsəbəsinin yanında ZİBİL POLİQONU... - Sakinlər DAD DEYİR...
Bu gün, 00:02

Gəncə şəhərinin məişət tullantıları poliqonu on mindən çox sakini olan Cavadxan qəsəbəsinin tam yaxınlığında yerləşir. Yaşayış massivi ilə ərazini cəmi 100-150 metr məsafə ayırır. Qısa arayış verək ki, qəsəbə 1990-cı illərin sonunda salınıb. Məişət tullantıları poliqonu da həmin illərdə mövcud olub. İllər bir-birini əvəzlədikcə evlərin sayı da artıb. Paralel olaraq suni şəkildə məişət tullantıları poliqonunun da sahəsi genişləndirilib. Bu gün tullantıların daşındığı ərazi 100 hektardan çoxdur. Nəticədə Cavadxan qəsəbəsində evlər zibil poliqonunun bir addımlığındadır.
Sakinlərə poliqona girməmək üçün qadağa da qoyulub, yəni girişdə “Kənar şəxslərin girişi qadağandır” adlı lövhə vurulub.
Qəsəbənin içərisindən hər gün yüzlərlə məişət tullantıları daşıyan yük avtomobilləri keçir. Daşınan zibillərin əksəriyyəti isə küçələrə tökülür. Sakinlər üfunət iyindən qış aylarında belə qapı və pəncərələri bağlamaq məcbiriyyətində qalırlar.
Qəsəbə sakini Həsən Bayramov Teleqraf-ın yerli bürosuna bildirib ki, hazırkı vəziyyətdən qurtarmaq üçün əlacları evlərini satıb, ərazidən köçməkdir.
"Külək əsən zaman yandırılan tullantıların iyi gələndə, buradan köçüb getmək istəyirik. Çox dəhşətli mənzərədir. İcra Hakimiyyətinə müraciət etmişik. Baxan yoxdur. Sanki zibil poliqonunun heç kəsə aidiyyəti yoxdur, camaat bu zülmü çəkməlidir”.
Qəsəbənin digər sakini Rövşən İsmayılov mövcud durumdan narazılığını bildirir:
“Zibidaşıyan maşınlar qəsəbənin içərisi ilə hərərkət edirlər. Hər yer çox bərbad gündədir. Qapıları bağlayıb məcbur kondisioneri qoşuruq. Xəstəlikdir də. Uşağı çölə buraxa bilmirsən, nə edəcəyimizi də düşünə bilmirik".
Məişət tullantıları poliqonu Gəncə Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) balansındadır. Sakinlərin sözlərinə inansaq, aidiyyəti qurumlar da bu problemdən xəbərdardırlar.
Mövzu ilə bağlı MKTİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, indiki şərtlər altında qurumun görə biləcəyi heç bir tədbir yoxdur.
Sakinlər isə problemin tezliklə həll olunacağı ümidi ilə yaşayırlar.



