“Azərbaycanda “Şah İsmayıl” ordeninə layiq adam yoxdur”

22-12-2015, 21:18           
“Azərbaycanda “Şah İsmayıl” ordeninə layiq adam yoxdur”
Azərbaycanın ali ordenlərindən biri uzun illərdir heç bir təltif siyahısında yer almır.

1993-cü ildə o zamankı prezident Əbülfəz Elçibəyin fərmanı ilə təsis edilən orden 1993-cü il dekabrın 6-da təsdiq edilib. O zaman Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini də təsdiqləyib.

Bir müddət öncə Modern.az saytında “Şah İsmayıl” ordeni və onun hələ də heç kəsə verilməməsi barəsində yazılıb Azərbaycanın ali hərbi mükafatı sayılan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissələrin və birləşmələrinin komandirləri təltif edilməlidir.

Orden ordunun təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə, görkəmli sərkərdəlik fəaliyyətinə, fövqəladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir. “Şah İsmayıl” ordeninin taxılma statusu onun ali mükafat olduğunu bir daha sübut edir. Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” sənədə görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cüdür.

Ordenin ilkin təsdiqindən sonra təsviri haqqında yazılan müddəalar sonradan, daha dəqiq desək, 2015-ci ilin əvvəllərində dəyişdirilib. Əvvəlki təsvirdə “Şah İsmayıl” ordeni düzgün səkkizguşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfdə “Şah İsmayıl” yazılıb. Ondan aşağıda ordenini nömrəsi həkk edilib.

2015-ci ildəki qərara əsasən isə hələ də kimsəyə təqdim edilməyən ordenin təsviri daha da mükəmməlləşdirilib. Bu isə onun unudulmadığına, daha çox diqqətdə saxlanıldığına bir işarə idi.

“Şah İsmayıl” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyə görə, ordenin təsviri belə verilir: “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeni biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında “Şah İsmayıl” sözləri yazılıb”.

Əsaslı dəyişiklik isə qızıl suyunun, qızıl materialı ilə əvəz edilməsi oldu.

Lakin ordenin hələ də öz sahibini gözləməsi maraq doğurur. Deputat, tarixçi professor Fəzail İbrahimli Modern.az saytına açıqlamasında ordenin hələ də heç kəsə verilməməsini bu cür əsaslandırıb: “Hər hansı bir orden o zaman verilir ki, onun tələbələrini ödəyən bir məqam olsun. Görünür, bu tələb ödənmədiyindən ordenlə heç kəs təltif edilməyib. Amma bu yaxınlarda onun dizaynının, təsvirinin daha da yaxşılaşdırılması haqqında qərar verildi. Deməli, unudulmayıb. Ordenlə bağlı xüsusin araşdırma aparmamışam. Məntiqlə çıxış edərək deyirəm ki, orden heç kəsə verilməyibsə, deməli əsas səbəbi budur. İnşallah, yəqin ki, sahibini tapar. Atəşkəs davam edir. Beynəlxalq hüquqi normalarla bu məsələ həllini tapsa, daha yaxşı olar. Amma bu alınmasa, müharibə yolu ilə də olsa torpaqlarımızı geri qaytaraq və orden də öz layiqli sahibini tapsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.