Marketlərdən alış-veriş edərkən buna diqqət edin: aldadıla bilərsiz - FOTOLAR

28-12-2015, 02:23           
Marketlərdən alış-veriş edərkən buna diqqət edin: aldadıla bilərsiz - FOTOLAR
Bəzən mağazalarda malların vitrindəki qiyməti ilə kassadakı qiymətləri uyğun gəlmir. Vitrindəki qiymət ucuz olsa da kassada bunun əksini müşahidə etmək olur. Bu problem marketlərdə alıcılarla satıcılar arasında ən çox rast gəlinən mübahisə mövzusudur.
Bu cür hallar dəfələrlə baş verib. Lakin manatın devalvasiyasından sonra bu cür hallara daha çox rast gəlinir.

Hazırda marketlərdə olan bütün malların qiymətində artım var. Bəzi marketlər ucuz qiymətlərlə alıcı cəlb etməyə çalışırlar. Lakin bu zaman müştəriləri aldadırlar. Vitrindəki qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir. Bunu isə diqqətli olan, malı aldıqdan sonra qəbzdəki qiymətlə tutuşduran alıcılar aşkar edə bilir.

Marketlər bunun izahı kimi deyirlər ki, qiymətlər dəyişdiyindən bu cür yanlışlığa yol verilib. Market sahibləri bunu sırf texniki problemlə izah edirlər. Amma bütün hallarda alıcı maddi zərər görmüş olur.

Musavat.com xəbər verir ki, belə hallardan biri də “Favorit” marketdə baş verib. Vitrində qiyməti 16,56 manat olan yağın kassadakı qiyməti 20,29 manatdır.
Bu cür halla rastlaşan müştəriyə market əməkdaşları belə cavab verib: "Qiymət artımından sonra malın qiymətini vitrində dəyişməmişik".

Lakin market əməkdaşlarının bu dediyini yalanlayan sübut elə vitrindəki qiymətin üzərində olan tarixdir. Həmin tarix 22 dekabrı, yəni devalvasiyadan bir gün sonranı göstərir. Bu o deməkdir ki, malın yeni qiyməti devalvasiyadan sonra vurulub. Müştəri pulunun qaytarılmasını istəsə də ondan artıq alınan 3,73 manat qaytarılmayıb.
Bəs belə olan halda müştəri nə etməlidir?

İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, belə olan halda alıcı ən aşağı qiyməti ödəyərək istədiyi malı almalıdır: “Müştəri marketdə malların çeşidlərinə baxır və öz büdcəsinə uyğun qiymətdə olan malı seçir. Alıcı əlbəttə ona sərf edən qiymətdə olan malı almaq istəyir. Və belə halla rastlaşan alıcı ən ucuz qiyməti ödəməlidir”.

Ekspert bu cür hallarla rastlaşan alıcıları müvafiq qurumlara müraciət etməklərinin vacib olduğunu bildirdi: “Bu istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Manatın devalvasiyasından sonra bəzi marketlər alıcılara göstərmək istəyirlər ki, guya onlarda qiymət artmayıb. Ancaq mallarını baha qiymətə satırlar. Buna görə də vitrindəki qiymətlə, kassadakı qiymət fərqli olur. Belə olan halda alıcı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Bu sırf həmin ticarətçilərin spekulyasiyasıdır”.

Qeyd edək ki, dövlət xidmətinin çağrı mərkəzi ilə bu nömrə ilə əlaqə yaratmaq olar: 195-2

Musavat.com














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.