BDU-nun professorundan təhsillə bağlı təkliflər...
18-07-2020, 17:05

Teref.az yazır ki, BDU nun ərəb ədəbiyyatı üzrə professor Aida Qasımova təhsillə bağlı öz Facebook səhifəsində belə bir status paylaşıb.
BDU-nun Şərqşünaslıq fakültəsində 33 illlik müəllim stajım var. Bu illər ərzində təhsil sahəsində gördüyüm "islahatlar" əsasən bunlardır:
1) İkipilləli (bakalavr, magistr) təhsilə keçilməsi. Bakalavr əvvəlki 5 illik təhsilin zəif forması, magistratura isə boş yerə vaxt itirməkdir.
2) 10 balla qiymətləndirmə. Obyektivlik olsa, 5 ballıq sistem də pis deyildi.
3) Müəllimlərdən elmi iş tələb edilməsi. Təhsili elmlə birləşdirmək bu cür həyata keçmir. Bunun üçün Elmlər Akademiyası universitetlər ilə birləşməli, elmi-tədqiqat institutları yaranmalı idi.
4) Şifahi imtahan yazılı anonim imtahanla əvəz edilib. Anonimlik isə ancaq sözdədir. Saat 1-də imtahanı bitirən tələbələrin anonimliyi pozmaq üçün düz bir saat vaxtı olur.
5) Buraxılış işlərinin güclü şəkildə azaldılması. Məqsəd yəqin ki, əsas alqı-satqı obyektlərindən heç olmasa birini zəiflətmək olub.
Məndən olsa təhsil sahəsindı islahatları belə başlardım:
1) Müəllimlərin maaşının 3 dəfə artırılması və rüşvət alan müəllimin dərhal işdən azad edilməsi.
2) Tələbələrə öz müəllimini seçmək imkanının verilməsi. Bu, olduqca sağlam bir rəqabət yaradardı.
3) Semestr nəticələrinin seminar qiymətləri, referatlar və test imtahanları əsasında formalaşması və bu işdə müəllimin rəyinə hörmət edilməsi.
4) Tələbələrin məzun olduqdan sonra işlə təmin olunmasına kömək göstərilməsi.
5) Dərslik və monoqrafiyaların elmi səviyyəsinə diqqət yetirilməsi, plagiat faktlarının qarşısını almaq yolunda ciddi tədbirlərin görülməsi. Tərcümə plagiatını aşkarlamayan müasir anti-plagiat proqramlarının yarasızlığını bundan əvvəl dəfələrlə qeyd etmişəm.
Başqa bir statusunda Aida Qasımova Təhsil naziri postunda, öz sözləri ilə desək, “Narxoz bazarını İqtisad Universitetinə çevirmiş” Ədalət Muradovu görmək istədiyini bildirib.
Teref.az