Bu gün Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür

26-07-2020, 00:03           
Bu gün Milli Qəhrəman  Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür
Bu gün Milli Qəhrəman, Qarabağ müharibəsində qəhrəmanlıq göstərib şəhid olmuş döyüşçü Asif Məhərrəmovun doğum günüdür.

Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 11 uşaqdan ibarət ailənin ilk övladı olub. Uşaqlığı yoxsulluq içində keçən Asif idmana marağı ilə seçilib. Uşaqlıqdan boks və futbolla ilə məşğul olub. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1971-ci il oktaybrın 31-də Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. 8 ay həbsdə yatdıqdan sonra çıxır. Onun həyatında həbs bununla bitməyib. 1976-cı ildə Asif təsadüf nəticəsində "Təcili yardım" maşınını vurulmasına görə, 4,5 il həbsdə yatır.

1980-ci illərin sonunda həbsxanadan qurtardıqdan sonra, Asif Moskvadakı dostlarının yanına gedir. Asif Məhərrəmova "Fred" ləqəbini 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə veriblər.

Ağdam könüllü özünümüdafiə taboru yaradır və torpaqlarımızın müdafiəsində yaxından iştirak edir. O, 1992-ci ilin 7 martında 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 1992-ci ildə məhz Asifin rəhbərliyi ilə Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edilir. Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanan Asif, müalicə olunduqdan sonra, yenidən cəbhəyə qayıdır. 1993-cü ildə Şelli uğrunda gedən döyüşdə iştirak edir, səhhəti ağırlaşdığından, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir, 1994-cü il 1 iyulda Yalta şəhərində vəfat edir.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.
Bakı şəhəri 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində adına küçə var. Haqqında bir neçə kitab yazılıb.
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru