"Dünyanı ağır, amma iqtisadi məntiqə, elmə uyğun proseslər, bizi isə ....."
31-07-2020, 00:06
!["Dünyanı ağır, amma iqtisadi məntiqə, elmə uyğun proseslər, bizi isə ....."](/uploads/posts/2020-07/1596132343_1.jpg)
FED toplantısı haqqında.
Dünən ABŞ-da FED-in növbəti toplantısı oldu, uçot dərəcəsi dəyişmədi, önə bir neçə mesaj çıxdı: 1) FED deyir ki, həm ABŞ, həm Dünya iqtisadiyyatı hələ uzun zaman özünə gələ bilməyəcək, 2) FED qeyd etdi ki, artıq onlar üçün inflyasiya indikatoru önəmli deyil, yəni, inflyasiya gözləntiləri ikinci dərəcəli məsələdir, əsas odur ki, defilyasiya (qiymətlərin enməsi, ucuzlaşma) olmasın, çünki, böhranda defilyasiya olsa biznesin azalan stimulu (istehsal etmək, xidmət göstərmək, satmaq, tikmək və s.) tamamilə ölə bilər, 3) FED deyir ki, kisənin ağzını açıb, sona qədər iqtisadiyyata pul səpəcək, bu anlamda özləri üçün heç bir hədd, sərhəd qoymayıblar – bu o anlama gəlir ki, indi FED dolların Dünyada bir az da ucuzlaşmasına maraqlıdır, çünki ucuz dollar ABŞ iqtisadiyyatına dəstək olur, ixracatı stimullaşdırır.
Qızılın qiyməti haqqında.
“Bloomberg”- də maraqlı bir məqalə gördüm: Müəllif 100 il əvvəl ABŞ-da orta maaşa düşən qızıl həcmini hesablayıb, onu bu gün ABŞ-da olan orta maaşla müqayisə edib və məlum olur ki, əgər yan təsirlər, siyasi, iqtisadi böhranlar, təlatümlər olmasa idi qızılın 1 unsiyasının qiyməti bu gün 490 dollar olmalıdır – bu gün birjalarda 1 unsiya qızılın qiyməti isə 1956 dollardır. Səbəbi çox sadədir: Dünyada həmişə iqtisadi, siyasi böhranlar olan kimi qızıl “güvənli liman” rolunu oynayır, investorlar öz vəsaitinin bir qismini qızılda saxlamağa üstünlük verirlər (bu ilin yanvar ayında qızılın qiymətinin kəskin artacağı ehtimalı haqqında geniş müsahibəm olub, şərhlərdə yerləşdirəcəm). İndi Dünya önünü görə bilmir, iqtisadiyyat daralır deyə qızılın qiyməti artır – qızılın qiymətinin artması isə Dünyanın yaxın zamanda böhrandan çıxa bilməyəcəyinə işarədir, yəni, heç də yaxşı hal deyil. Dünyada iqtisadi böhran yavaşlayan, böyümə sürəti və risk iştahı artan kimi qızılın qiymətində enmələr olacaq – bu baş verən kimi anlamaq lazımdı ki, Dünya iqtisadiyyatı toparlanmağa başladı.
Dünyada qəbul edilən 15 trilyon dollardan çox təşviq paketləri haqqında.
Son araşdırmalar onu deməyə imkan verir ki, Dünya ölkələri iqtisadiyyata dəstək, pandemiyanın zərərlərini azaltmaq və post-pandemiya dövrünə hazırlaşmaq üçün artıq 15 trilyon dollarlıq təşviq paketləri qəbul edib və bu ilin sonuna paketin həcmi 20 trilyona çatacaq. Dünya iqtisadiyyatının illik dövriyyəsi 75-80 trilyon dollar həcmindədir – bunu ona görə yazdım ki, təşqivin miqyasını təsəvvür edəsiniz. Bu qədər təşviq Dünya iqtisadiyyatının gələcəyinə əlavə problemlər yaradacaq, yəni gələcəkdə təşviqin yaratdığı vəziyyətdən çıxış da ağrılı olacaq. Qısa misal: Təsəvvür edin ki, bir ev yanır, yanğınsöndürənlərin ilk ağlına gələn fikir, ilk görəcəyi iş yanğını söndürməkdir, ona görə də evə su, köpük səpirlər ki, yanğın sönsün, amma həmin su və köpük həcmi evi pis günə qoyur - əşyalar xarab olur, yanğının dəymədiyi yerləri belə su-köpük xarab edir və sonra uzun müddət təmir gedir, yanğının vurduğu ziyandan daha çox söndürülmə zamanı dəyən ziyanın aradan qaldırılmasına vəsait xərclənməli olunur. Bu gün Dünya iqtisadiyyatında “yanğındır”, Mərkəzi Bankların və Hökumətlərin ilk işi “yanğını söndürməkdir”, bunun üçün iqtisadiyyata lazım olduğundan da artıq pul səpirlər ki, ilk olaraq “yanğın söndürülsün”, sonra “təmir” haqqında düşünəcəklər. Belə bol likvidlik, ucuz maliyyə mənbələri artıq Dünyada yeni “şişmiş balonlar, şarlar” yaratmağa başlayıb, səhmlərin, mənasız kripto paraların, qızılın, istənilən aktivlərin bahalaşması ilə nəticələnir. Bir müddət sonra bu “şarlar” yavaş-yavaş “partlayacaq”, Dünyada yeni böhran dalğaları yaradacaq. Yəni, bu gün Dünya “yanğını söndürür”, sabah isə “suyu-köpüyü” təmizləməyə məcbur qalacaq.
Azərbaycan iqtisadiyyatı haqqında.
Bizim yerimiz başqadı, dünyanın bizə, bizim isə dünyaya birbaşa aidiyyatımız yoxdur, bir borudan sallanıb gedirik, sloqanımız da “harda qırıldı, qırıldı” şüarıdır. Bu gün bizim Mərkəzi Bankımız da uçot dərəcəsini dəyişib, 0,25% azaldıb, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub. Ac həriflər tamaşasında Yaşar Nuriyevin qəhramanlarından birinin dediyi kimi, “həəə nooolsun”, yəni, bunun iqtisadiyyata təsiri yoxdur axı, çünki normal iqtisadi modeli olan ölkələrdə Mərkəzi Bankların uçot dərəcəsi ölkədə olan kredit faizləri üçün yön verən, həlledici amil olur, amma bizdə heç bir ciddi təsiri yoxdur – çünki, zatən iqtisadiyyat yoxdur. Sübut istəyirsiniz, buyurun: 2014-cü ildə MB-ın uçot dərəcəsi 3,5% idi – amma ölkədə biznes kreditlərinin ortalama faizi 18% civarında idi, istehlak kreditləri isə az qala 30%-ə çatmışdı, sonra iki devalvasiya oldu, Mərkəzi Bank 2016-ci ildə uçot dərəcəsi 15%-ə qalxdı və .... banklarda kredit faizlərində ciddi dəyişiklik olmadı. Bu gün MB uçot dərəcəsini 6,75%-ə çəkib, amma banklarda kredit fazilərinə bunun heç bir təsiri olmayacaq.
Xülasə, Dünyanı ağır, amma iqtisadi məntiqə, elmə uyğun proseslər, bizi isə “əl ilə idarə olunan”, heç bir institutsional əsası, dayağı olmayan dövr gözləyir...
Natiq Cəfərli.
iqtisadçı ekspert
Teref.az