Sərt karantinə ehtiyac varmı? - “Nəinki indi, çoxdan ehtiyac yox idi”
1-09-2020, 17:37
![ Sərt karantinə ehtiyac varmı? -](/uploads/posts/2020-09/1598967430_1.jpg)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusla əlaqədar ölkələrə sərt karantin rejiminin qaldırılması ilə bağlı müraciətindən sonra Azərbaycanda da mərhələlərlə yumşaldılmalara gedilir.
Sentyabrın 30-dək karantin rejiminin yalnız Bakı, Sumqayıt və Abşeronda tətbiqinə qərar verilib. Halbuki daha əvvəl bu tədbirlər əlavə 13 rayon və şəhərdə də tətbiq edilirdi. Bununla yanaşı, bir neçə sahə və fəaliyyətlərlə bağlı məhdudiyyətlər aradan götürülüb. Həkim və epidemioloqların dediyinə görə, ölkənin ümumi epidemioloji durumunda da tədricən stabillik müşahidə olunur. Yəni yoluxma sayında azalma, sağalanların sayında isə artım var.
Digər tərəfdən, rəsmilər payız aylarında mövsümü respirator xəstəliklərin baş qaldıracağı təqdirdə koronavirunun ikinci dalğasının başlaya biləcəyini ehtimal edirlər. Bu halda sərt karantin rejiminin bütün ölkə boyu tətbiqi qaçılmaz ola bilər.
Maraqlıdır, sərt karantinə və ya yeni qadağalara ehtiyac varmı?
Tanınmış terapevt Rasif Bağırov Cebhe.info-ya açıqlmasında maskadan istifadə etmək şərtilə sərt karantin rejiminə və ya qadağalara artıq ehtiyac qalmadığını bildirib: “Maskadan istifadə etməklə bu xəstəliyə qalib gəlmək olar. Maska bu xəstəliyin sayının azaldılmasında müstəsna rol oynayır. Bu proseslər həyata keçirildiyi halda sərt karantin tədbirlərinə heç bir ehtiyac yoxdur. Azərbaycanda, xüsusilə Bakı, Sumqayıt və Abşeronda karantin rejimini sentyabrın 30-na kimi uzadıblar. Buna qətiyyən ehtiyac yoxdur. Ölkədə koronavirusa yoluxanların sayında kifayət qədər azalma var. Bu baxımdan, sərt karantinə nəinki indi, çoxdan ehtiyac yox idi”.
Koronavirusun ikinci dalğasının başlayacağı ehtimalına toxunan həkim maskadan istifadəni bu məsələdə də vacib hesab edib: “Əgər insanlarımız maskadan istifadə etsələr, nə ikinci dalğa, nə də sonrakı dalğalar ola bilər. Düzdür, virusun kökü tamamilə kəsilməz. Amma az yoluxmanın da qarşısını maska ilə almaq mümkündür. Həmçinin, az sayda yoluxmanı yaxın vaxtlarda hazır olacaq vaksinlə də aradan qaldırmaq olar”.
Payızda mövsümü qriplərə gəlincə, Rasif Bağırov hər iki əlamətin klinik gedişinin fərqləndiyini deyib: “Adi qriplə koronavirus klinik əlamətlərinə görə fərqlənir. Bu zaman test etməyə də ehtiyac yoxdur. Sadəcə, qanın ümumi analizini verməklə klinik əlamətləri dəqiqləşdirmək mümkündür”.