Mehridən keçən yol bərpa olunmadıqca Azərbaycan heç bir yolu açmayacaq
Bu gün, 10:39
![Mehridən keçən yol bərpa olunmadıqca Azərbaycan heç bir yolu açmayacaq](/uploads/posts/2025-02/1739341161_1.jpg)
Mehridən keçən yol bərpa olunmadıqca Azərbaycan heç bir yolu açmayacaq, heç bir nəqliyyat layihəsi reallaşmayacaq.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov danışıb.
Deputat Ermənistanın Zəngəzur dəhlizinə alternativ kimi ortaya atdığı “Sülh kəsişməsi” layihəsinə münasibət bildirərək vurğulayıb ki, Azərbaycanla razılaşdırılmadan yollar açılmayacaq:
“Nəinki Azərbaycan, Türkiyə də yolları açmayacaq. Belə olan təqdirdə hansı layihədən danışa bilərlər?”
R.Müsabəyov hesab edir ki, Ermənistanin baş naziri Nikol Paşinyan ənənəvi olaraq iş görmək əvəzinə, təbliğatla məşğuldur:
“Əvvəl qərar verilməli, sonra iş görülməlidir. Mehridən keçən yol bərpa olunmadıqca Azərbaycan heç bir yolu açmayacaq. Boş vədlər səsləndirməklə iş olmur. Layihə təsdiq olunmalı, ona maliyyə ayrılmalı, tenderlər keçirilməli və konkret bərpa işinə başlanmalıdır. Boş sözlərlə Azərbaycandan hansısa müsbət yanaşma əldə etmək qeyri-mümkündür”.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Ermənistanın “Sülh kəsişməsi” layihəsinə diqqət çəkib. Dövlət başçısı bildirib ki, sözügedən “layihə”nin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bu, dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırılıb.
Prezident vurğulayıb ki, Ermənistan bu layihəni, doğrudan da, həyata keçirmək istəyirsə, ilk növbədə Azərbaycana müraciət etməlidir: “Çünki bizsiz bu, sadəcə olaraq kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır”.