Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...
Bu gün, 11:28
![Çörək bahalaşır... GEDƏK TORT YEYƏK?.. - SÜNİ MÖHTƏKİRLİK...](/uploads/posts/2025-02/1739336985_1.jpg)
Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb. İqtisadiyyat.az-ın məlumatına görə, ötən həftə ilə müqayisədə topdansatış bazarında un bahalaşıb. Un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar. Açıqlanan rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 - 28,2 manat aralığında dəyişir. Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən təqdim olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin un istehsalçılarının hazırda topdansatış qiymətləri ilə bağlı təqdim etdiyi cədvəldə sahibkarlıq subyektləri arasında unun qiymətini qaldıranlar da var, qaldırmayanlar da. Məsələn, “ATS MİLL” MMC 50 kq-lıq un kisəsini ötən həftə də 27.20-yə satıb, hazırda da eyni qiymətə təklif edir. Amma “Anadolugida” MMC 27.15-ə satdığı 50 kq-lıq kisəni hazırda 27.40-a təklif edir. “Bakı Taxıl Terminalı” MMC qiymətdə 5 qəpik artım edib. “Hazartürk”də qiymət 27 manatdır. “Karmen” un kisəsi də 27 manat 5 qəpiyədir.
Belə bir dəyişiklik nəylə bağlıdır?
İqtisadçı Pərviz Heydərov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, unun qiymətinin artması dünya bazarı ilə bağlı deyil. İdxalın əvvəlkinə nisbətən azalmasıyla bağlıdır:
- Ölkədə una olan tələbat əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı düşüb. Ölkə daxilində istehlak həcmi enib. Əhali əvvəlki qədər un və un məhsullarından istifadə etmir. Bu da idxalçıları (məlumdur ki, biz idxaldan asılı vəziyyətdəyik – P.Heydərov) idxalın həcmini azaltmağa məcbur edir. Yəni əvvəlki dövrlə müqayisədə daha az un idxal edilir ölkəyə. Bunun nəticəsidir ki, daxildə topdansatışla məşğul olan sahibkarlar, ola bilsin, anbarlarındakı ehtiyat həcmə görə və yaxud müəyyən dövrdə tələbatın genişlənəcəyi nöqteyi-nəzərindən təşviş keçirərək bu cür qiymət artımına yol verirlər. Əslində, bunun heç bir əsası yoxdur. Tələbat genişlənərsə, artarsa, idxal yenidən artırıla bilər. Bu, sadəcə olaraq süni ajiotajdır. Xüsusən də topdansatış ticarətlə məşğul olanlar arasında yaranan süni ajiotaj bu cür qiymət artımına gətirib çıxarır. Ölkədə unun qiymətinin artması üçün iqtisadi baxımdan, tələb-təklif nisbəti baxımından heç bir əsas yoxdur.
Qeyd edək ki, unun topdansatış qiymətinin artması çörəyin qiymətində son günlər müşahidə edilən artımla da əlaqələndirilir. Bildirilir ki, çörəyin qiymətinin qalxması unun da topdansatış qiymətinin qalxmasını şərtləndirib. P.Heydərov isə bu versiyanı tamamilə təkzib etdi və bildirdi ki, unun topdansatış qiymətinin qalxmasının çörəyin qiymətinin artmasıyla heç bir real əlaqəsi yoxdur:
- Qiymət artımı tələb-təklif nisbəti altında, iqtisadi qanunların diktəsi nəticəsində baş verməlidir. Bizdə isə belədir ki, sahibkarın anbarında 3-4 kisə ehtiyat məhsul azalırsa və əlindəki kanallardan məlumat əldə edirsə ki, anbarın dərhal doldurulması mümkün deyil, həmin qiymət dəyişikliyinə gedilir, qiymət artımı edirlər. Bu, subyektiv xarakterli amillərin təsiridir. Burada heç bir təzyiq elementi yoxdur. Sırf subyektiv, süni ajiotajdan doğan qiymət artımıdır.