Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 12:25
![Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA](/uploads/posts/2025-02/1739344491_1.jpg)
Son günlər Azərbaycanla Rusiya arasında gərginlik müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin mətbuatında qarşılıqlı ittihamlar səsləndirilir.
Yaranmış gərgin vəziyyət indiki mərhələdə iki ölkənin iqtisadi münasibətlərinə təsir etməsə də, bu gərginliyin gələcəkdə iqtisadi əlaqələrə də təsir edəcəyi gözlənilir.
Bəs görəsən, iki ölkə arasında iqtisadi münasibətlər pisləşərsə, bundan hansı ölkə daha çox zərər görəcək?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, Rusiya İtaliya və Türkiyədən sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır:
“Qeyri-neft məhsullarının ixracında isə Rusiya ilk sırada yer alır. Rusiya Azərbaycan üçün əsas kənd təsərrüfatı bazarıdır. Xüsusilə pomidor, xiyar, nar, üzüm və digər meyvə-tərəvəz məhsulları Rusiyaya ixrac edilir. Rusiyanın bu məhsulların idxalına qadağa və ya məhdudiyyət qoyması Azərbaycanın fermerlərinə təsir edə bilər. Rusiya Azərbaycan məhsullarına qadağa qoyarsa, bunun Rusiya üçün də mənfi təsirləri ola bilər. Belə vəziyyət Rusiya bazarında bu məhsulların azalmasına, nəticədə qiymət artımına səbəb ola bilər”.
Ekspert bildirir ki, iki ölkə arasında münasibətlərin pozulması ölkələrdən hər hansı birinə ciddi təsir etməyəcək:
“Rusiya iqtisadiyyatı Azərbaycanla müqayisədə çox böyükdür. Rusiya iqtisadiyyatında Azərbaycanın payı elə də mühüm yer tutmur. Eyni zamanda, Rusiya da Azərbaycan üçün strateji əhəmiyyətli ölkə deyil. Azərbaycan iqtisadiyyatı daha çox enerji sektoru üzərində qurulub ki, burada da Rusiyadan asılılıq demək olar ki, sıfıra bərabərdir. Azərbaycanın əsas enerji bazarları Avropa ölkələridir. Rusiya Azərbaycanın neft və qaz ixracında heç bir rol oynamır.
Rusiya-Azərbaycan münasibətlərindən təsirlənəcək əsas sektor kənd təsərrüfatı hesab olunur ki, bu da yəqin ki, müvəqqəti xarakter daşıyacaq. Əgər Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarına qadağa qoyarsa, yeni bazarların tapılması çox uzun çəkməz. Hesab edirəm ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarına həm Avropada, həm də Yaxın Şərqdə tələbat yüksəkdir”.
“İndiki halda, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasından ən çox əziyyət çəkənlər Rusiyada yaşayan azərbaycanlılar olacaq. Hazırda Rusiyada milyondan çox azərbaycanlının yaşadığı və işlədiyi bildirilir. Onlar Azərbaycana da hər il yüz minlərlə vəsait göndərirlər. Yəni, Rusiya hazırda Azərbaycanda bir çox ailə üçün mühüm gəlir mənbəyidir”, - ekspert bildirib.