Səfər Əbiyev yaxın adamlarını nə üçün səfərbər edib?

29-04-2015, 12:58           
Səfər Əbiyev yaxın adamlarını nə üçün səfərbər edib?
Sabiq müdafiə naziri Səfər Əbiyev və onun yaxın ətrafı ilə bağlı bir sıra ilginc məlumatlar əldə etdiyimizdən onları diqqətinizə çatdırmaq istərdik. Beləliklə, general-polkovnikin özü və çevrəsi ilə əlaqədar son zamanlar mətbuatda yayımlanan materiallardan əndişələndiyini vurğulayan mənbənin sözlərinə görə, sabiq nazir müxtəlif yollarla bir sıra media orqanları ilə dostlaşmağa çalışır.

Mənbə iddia edir ki, artıq Səfər Əbiyev bir zamanlar onun komandasında təmsil olunan yaxın adamlarını bu işlə bağlı səfərbər edib: "Belə ki, sabiq müdafiə naziri etibar etdiyi şəxslərə ölkənin əsas mətbuat orqanları ilə "dil tapmaq" barədə tapşırıq verib. Çünki o, özü və çevrəsi ilə bağlı müxtəlif media qurumlarında yer alan informasiyalardan ciddi təlaşa düşüb. Odur ki, Səfər Əbiyev özünümüdafiə üçün məhz bu yolu seçib".

Əldə etdiyimiz digər bir məlumatda isə sabiq nazirin hansı səbəbdən vəzifədən azad olunmasına aydınlıq gətirilib. Beləliklə, general-polkovnikin bir sıra ölkələrdə gizli bank hesablarının olduğunu vurğulayan mənbənin sözlərinə görə, bir müddət öncə Macarıstanın OTR BANK-ı sabiq müdafiə nazirinin 65 milyon avroluq bank hesabını dondurub: "Deyilənlərə görə, bankın rəsmiləri Səfər Əbiyevdən bu məbləği necə qazanması barədə gəlir deklorasiyası təqdim etməyi xahiş ediblər. Lakin qarşı tərəf banka lazım olan sənədi təqdim edə bilməyib. Bundan başqa, bir müddət öncə Tiflisdə 12,8 milyon dollar qiyməti olan 6 hidroelektrik stansiya almaq üçün Budapeştdə yaşayan 2 azərbaycanlının bank hesabına 17 milyon dollar köçürülməli idi. Lakin bu zaman ortada 4,2 milyon dollar fərq, yəni "şapka" əmələ gəlir. O da qeyd olunur ki, İnterpolun Macarıstan bürosunun hesabatlarında göstərilir ki, 2 ay ərzində Azərbaycandan bu dövlətdəki 5 bank hesabına şübhəli pul köçürməsi qeydə alınıb. Bu köçürmələrdən 686 min, 196 min, 617 min və 252 min dollar əlavə "gəlir" əldə edilib. Bu məlumatlara əsaslanıb, o zamanlar müdafiə naziri vəzifəsini tutan Səfər Əbiyevin ayda orta hesabla 3 milyon dollar "mənfəət" qazandığını müəyyən etmək olar. Özü də bu, təkcə Macarıstanda müəyyən olunan 5 hesabla bağlı məlumatlara əsasən gəlinən nəticədir". Sabiq müdafiə nazirinin Almaniyada, Avstriyada, İspaniyada, İsveçdə və İsveçrədə də bank hesablarının olduğunu deyən məlumatlı şəxs iddia edir ki, Tovuz rayonundakı Ağdağ seolit yatağı uzun illər Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi, hazırda ev dustağı olan və Səfər Əbiyevlə yaxınlığı ilə seçilən Elçin Xəlilovun nəzarətində olub: "Maraqlı maqam ondadır ki, Azərbaycanda çıxarılan seoliti almaq istəyən xarici və yerli biznesmenlər bu gün də Elçin Xəlilovun prezidenti olduğu "İntergeo-Tetis" şirkətinə müraciət etməlidirlər. Çünki bu qiymətli mineralın çıxarılaraq xammal şəklində satılmasında əsas şəxs odur. Qeyd edim ki, kifayət qədər qiymətli hesab olunan Ağdağ seolit yatağı ilk dəfə 1990-cı illərin əvvəllərində işlənib. Həmin vaxt bu məqsədlə ABŞ-dan mütəxəssislər dəvət olunmuşdu. Həmin mütəxəssislər yatağın il ərzində 1 milyon ton seolit vermək gücündə olduğunu və yatağın bu templə 1 əsr işlənə biləcəyi haqda rəy veriblər. Bu isə o deməkdir ki, sözügedən yataq hər il dövlət büdcəsinə əlavə 120-130 milyon dollar gəlir gətirə bilər. Səfər Əbiyevin yaxın adamı olan Elçin Xəliliov həbsdə olsa da, yataq yenə də onun nəzarətindədir. Deyilənlərə görə, seolit yatağının işlənməsi sabiq müdafiə naziri ilə onu birləşdirən əsas biznes sahələrindən biridir. Belə ki, 1995-ci ildən bu günə qədər də yataq adıçəkilən şəxslərin ixtiyarındadır. Təkcə bu yatağın işlənməsindən əldə edilən gəlir hər il milyonlarla dollar olub. Həmin pulların hara sərf olunması isə hələ də ictimaiyyətə bəlli deyil…" \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.