Paşinyanın siyasi hakimiyyətinin uzun sürməsi Azərbaycana nə dərəcədə sərf edir? - İnanmayacağımız FAKTLAR

15-11-2020, 10:10           
Paşinyanın siyasi hakimiyyətinin uzun sürməsi Azərbaycana nə dərəcədə sərf edir? - İnanmayacağımız FAKTLAR
Bir həftəyə yaxındır ki, İrəvanda mitinqlər davam edir. Azadlıq meydanı etirazçılarla dolub boşalır. Mitinq iştirakçıları bir çox tələblər irəli sürürlər. Əsas tələb isə təslimçi sülh müqaviləsinə imza atmış Nikol Paşinyanın istefasıdır. Həm suçlu, həm də güclü Paşinyan geri çəkilmək fikrində deyil. O getdikcə quduzlaşır. Quduzlaşdıqca da ətrafındakı “dostları”na ziyan vurur. Son 5 gündə Paşinyan xeyli sayda silahdaşını istefaya, bir qismini isə barmaqlıqlar arxasına göndərib. Bununla belə Nikolun kreslosunun laxladığını söyləmək çox tezdir. Çünki Paşinyan addımlarında qətiyyətlidir. Bəs bu qətiyyəti, gücü Paşinyan haradan və kimlərdən alır? Təbii ki, səbəblər çoxdur.

Birincisi, Paşinyanın ən böyük dayağı ABŞ və Avropadır. Bəllidir ki, 2018-ci ilin yazında Soros fondunun dəstəyi və bir sıra Avropa dövlətlərinin səyi ilə Ermənistanda məxməri inqilab baş verdi. Və Qərb meyilli, anti-Rusiya əhval-ruhiyyəli sıradan bir jurnalist Ermənistanda siyasi hakimiyyətinin başına keçdi. Və ötən 2,6 ildə və hətta son günlərdə ABŞ və Avropa Paşinyanı çox güclü şəkildə dəsdəkləyir.

İkincisi, Paşinyanın əsas dayaqlarından biri xarici ölkələrdəki erməni diasporudur. Bunun səbəbi isə xarici ermənilərin 2018-ci ilə qədər Ermənistanda investisiya yatırmaq imkanının olmamasıdır. Çünki Ermənistandakı bütün istehsal və xidmət sahələri bu və ya digər şəkildə Rusiya şirkətlərinin əlindədir. Hətta enerji daşıyıcılarına bütünlüklə ruslar nəzarət edir. Bir sözlə, hazırda Ermənistan Rusiyanın vassalıdır. Bu vəziyyətdə isə erməni milyonçular Paşinyana ümid yeri kimi baxır. Təsadüfi deyil ki, son 10 gündə xaricdə yaşayan hansısa imkanlı bir erməni Paşinyanı tənqid və təhdid etməyib.

Üçüncüsü, Ermənistandakı milli və qərb meyilli qüvvələr Paşinyanı dəstəkləyir. Çünki millətçi erməni siyasətçiləri Rusiya boyunduruğundan qurtulmaq istəyirlər. Buna görə də Paşinyana güclü dəstək verirlər.

Ona görə də bir həftə davam edən etiraz mitinqləri fonunda Paşinyan o qədər də zəif və əlacsız görünmür. Əksinə, Nikol 10 noyabr şokunu yavaş-yavaş unudur və özünü toparlayır.

Paşinyan yaxşı bilir ki, o, Qərbin Ermənistanda sonuncu mogikanıdır. Ona görə də o, bütün qərarlarında ictimai fikri qətiyyən diqqətə almır. Bu, bir qədər müstəqil siyasətçi imitasiyası yaratsa da, əslində Qərbin bəd niyyətlərinə Paşinyanın hakim kəsilməsidir. Paşinyanın Qərb qarşısında konkret öhdəlikləri var. Bu öhdəliklərdən birincisi isə Rusiyanın cənubu Qafqazdan sıxışdırılıb çıxarılması layihəsidir. Bunu tək mən yox, atrıq Ermənistanda çoxları bilir. Məsələn, ermənistanlı politoloq Andranik Miqranyan “Moskovskiy Komsomolets”ə verdiyi müsahibəsində bu barədə ətraflı danışıb. O deyib ki, “Bu adam (Paşinyan –red) uzun illər əvvəl müxalifətdə olanda yazırdı ki, Qarabağ heç kimə lazım deyil, təslim edilməli və o bölgə unudulmalıdır. Çünki o, Levon Ter-Petrosyanın köməkçisi olub və bu, Ter-Petrosyanın planı idi. Qarabağı təslim edin və digər məsələləri həll edin”. Politoloq daha sonra bildirib ki, “Vaxtilə Strobe Talbott (ABŞ dövlət katibinin keçmiş müavini ) Ter-Petrosyana Bakıdan çıxan qaz boru kəmərlərinin Ermənistan ərazisindən keçməsini təklif etdi. Əvəzində Azərbaycan torpaqlarını təhvil verin – dedi. O vaxt Ter-Petrosyanın formulu belə idi: “Qarabağ de fakto müstəqildir, de-yure Azərbaycanındır”. Buna görə Levon istefa etmək məcburiyyətində qaldı”.

Həm Qərbdə, həm AB –da, həm də Ermənistanda çoxları bilir ki, Qarabağ münaqişəsi Rusiyanın bir layihəsidir. Məhz bu layihənin icrası hesabına Rusiya həm Ermənistanı, həm də Azərbaycanı özündən asılı vəziyyətdə saxlamaq istəyir. Və müəyyən mənada buna nail də olur.

Bütün bu deyilənlərdən belə bir qəribə nəticə çıxır. Paşinyanın hakimiyyətdə qalması ABŞ-dan, Avropadan və ermənilərdən daha çox Azərbaycanın işinə yarayır. Çünki Paşinyanının Rusiyaya nifrəti, Qərb qarşısında isə öhdəliklləri var. Paşinyan nə qədər Qərbə meyillənsə, Rusiya bir o qədər Azərbaycana yaxınlaşır. Bu isə Azərbaycanın milli maraqlarına əlavə dividentlər gətirir. Yəni Paşinyana gücü çatmayan Rusiya Ermənistanı daha çox təzyiq edir. Bu təzyiqlərdən isə ən çox bəhrələnən Azərbaycan olur. Biz bunu son ay yarımda əyani şəkildə gördük. Əminəm ki, Paşinyan ən azı bir neçə ay hakimiyyətdə qalsa nəinki, ermənilər birdəfəlik Qarabağı, hətta Zəngəzuru itirmək təhlüksəi ilə üz-üzə qalacaq.

Gəlin hadisələri qabaqlamayaq. Onsuz da hadisələrin bu cür axarı bizi qane edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.