İctimai-siyasi təşkilatlar adından prezidentlər İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana müraciət hazırlanır.
18-11-2020, 06:09

Teref.az yazır ki, ictimai-siyasi təşkilatlar adından prezidentlər İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana müraciət hazırlanır.
Bunu ADR sədri Qubad İbadoğlu öz səhifəsində elan edib. Teref.az olaraq müraciətin mətnini təqdim edirik:
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına
Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına
Biz, bu müraciəti imzalayan ictimai-siyasi təşkilatların rəhbərləri 44 günlük ikinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusunun düşmənə qarşı döyüşlərdə göstərdiyi fiziki və taktiki hazırlıq səviyyəsinin, eyni zamanda texniki və digər təminatlarının yüksək səviyyədə olmasından məmnunluğumuzu bildirir və gənc ordumuzla fəxr etdiyimizi bəyan edirik.
Türkiyə Cümhuriyyətinin Azərbaycannın öz ərazi bütövlüyünün bərpası istiqamətində düşmənlə savaşda göstərdiyi siyasi, mənəvi, diplomatik, logistik dəstəyini yüksək qiymətləndirir və ölkəmizin bu haqq işində bütün kənar təzyiqlərə rəğmən sərgilənmiş olduğu əzmkar mübarizəyə görə təşəkkür edirik. Hesab edirik ki, xilaskar Azərbaycan ordusu Türkiyə silahlı qüvvələri ilə hərbi əməkdaşlıq sayəsində qazandığı təcrübədən də yararlanaraq torpaqlarımızın işğaldan azad olunması zamanı yüksək döyüş qabliyyəti göstərmiş və bu səbəbdən də döyüşlərdə itkiləri az olmuşdur. Azərbaycan xalqı qardaş Türkiyə Cümhuriyyəti ilə bu əməkdaşlığın davamlı və dərin olmasını arzulayır. Regionda rus-erməni strateji müttəfiqliyinin zərərlərinin artdığının müşahidə edildiyi indiki zamanda bizlər də siyasi-hərbi müstəvidə əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edirik.
Qeyd edirik ki, noyabrın 10-dan etibarən Rusiyanın vasitəçiliyi ilə Qarabağda atəşkəs rejiminin tətbiqindən sonra qarşılaşdığımız çətinliklər bu əməkdaşlığın əhəmiyyətini daha da artırır və onu zəruri edir. Belə ki, Rusiya Müdafiə Nazirliyi üçtərəfli qaydada qəbul edilmiş bəyanatın şərtlərini kobud şəkildə pozaraq Qarabağda “sülhməramlı”ların istifadəsi üçün nəzərdə tutulmayan hərbi texnikalar - hava hücumundan müdafiə sistemləri, helikopterlər, aviasiya vasitələri, qrad qurğuları, ORLAN - 10 PUA-ları, RB 341 B "LAER-3" radiotexniki kəşfiyyat stansiyaları yerləşdirməklə yanaşı bəyanatda nəzərdə tutulmayan ərazilərimizdə - Şuşada, Kəlbəcərdə və Ağdamda da müşahidə məntəqələri qurmaq və patrul xidməti təşkil etmək iddiasındadır. Eyni zamanda bəyanatda Rusiya "sülhməramlı" kontingentinin Qarabağda erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilməsi nəzərdə tutulsa da Ermənistan Baş naziri bəyanat verərək hərbi birləşmələrin Dağlıq Qarabağ ərazisindən çıxarılmayacağını bildirməsi vasitəçi tərəf kimi Rusiyanın bu istiqamətdə heç bir tədbir görməməsi ciddi narahatlıqlar yaradır. Atəşkəsə nəzarət üzrə Sülhməramlı Nəzarət Mərkəzinin yaradılması gecikdirilir, ermənilərin geri qayıtmaları BMT -nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında həyata keçirilməsi nəzərdə tutulsa buna da əməl olunmur.
Rusiya tərəfindən bölgədə müzakirə və məsləhətləşmələr birbaşa olaraq qondarma "Dağlıq Qarabağ Respublikasının" prezident”i ilə aparılır və Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə, Dağlıq Qarabağda suveren hüquqlarının təmin olunmasına əməl olunmur.
Bundan əlavə, Kəlbəcərin boşaldılması qrafiki pozulmaqla yanaşı ermənilər oradakı yaşayış yerlərini tərk edərkən "sülhməramlılar”ın gözü qarşısında dağıntılar, yanğınlar törədir, təbiətə, ətraf mühitə ziyan vurur, flora, faunanı məhv edir və ekosistemi pozurlar.
"Sülhməramlı" kontingentin ötən qısa müddətdəki qüsurlu fəaliyyəti Azərbaycan ictimaiyyətində Rusiyanın strateji müttəfiqi olan Ermənistanın bölgədəki hərbi, siyasi mənafeləri ilə uzlaşdığı qənaətini yaradır və atəşkəslə bağlı bəyanata imza atmış qarşı tərəflərin regionda yenidən hərbi durumun gərginləşdirilməsində maraqlı olduqları fikrinin yaranmasına səbəb olur.
Yaranmış indiki arzuolunmaz şərait Azərbaycan dövlətinin təhlükəsizliyinin təmin olunması istiqamətində addımların atılmasının vacibliyini diqtə edir. Bu istiqamətdə atılmış ən təsirli addımlardan birincisi iki qardaş ölkə arasında hərbi sahədə mövcud olan strateji əməkdaşlıq münasibətlərinin strateji hərbi müttəfiqlik münasibətləri səviyyəsinə yüksəldilməsi ola bilər.
Odur ki, Sizlərə müraciət edərək Azərbaycanın təhlükəsizliyinin, bütövlüyünün və Dağlıq Qarabağda suveren hüquqlarının təmin edilməsi məqsədilə iki qardaş ölkə arasında hərbi müttəfiqlik münasibətlərinin qurulması istiqamətində təxirəsalınmaz və təcili addımlar atmağa çağırırıq, bu strateji müttəfiqliyin Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin olunmasında Türkiyə dövlətinin əhəmiyyətini nəzərə alaraq müraciətin nəzərə alınmasını və bu istiqamətdə müzakirələrin mümkün qədər tez başlanılmasını xahiş edirik.