Bu, “mutasiya olunan”, “reket” adlandırdığımız KİV üçün bir fürsətdir” - ekspert

28-12-2020, 18:00           
Bu, “mutasiya olunan”, “reket” adlandırdığımız KİV üçün bir fürsətdir” - ekspert
“Yeni media”nı əhatə etməyən KİV qanunu

Azərbaycanda informasiya istehsalı və yayımını tənzimləyən qanunların kəmiyyəti yüksəkdir. "Kütləvi informasiya vasitələri haqqında" qanunu , "Televiziya və radio yayımı haqqında" qanun, “İctimai televiziya və radio yayımı haqqında” qanun, “Məlumat azadlığı haqqında” qanun, “İnformasiya əldə etmək haqqında” qanun, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun... və sair. Səthi hesablamalarıma görə, informasiyanın alınması, emalı və yayılmasına birbaşa aidiyyatı olan qanunların sayı təqribən 7-dir, dolayısı ilə aidiyyatı olan qanunların sayı isə təqribən 8-dir, ümumilikdə ən azı 15 mənbə. Bir bu qədər də kodekslər, beynəlxalq konvensiyalar var.

Kəmiyyətin çoxluğu bəzən ortada uzlaşma problemi yaradır, qanunlar ayrı-ayrı məsələlərə yanaşmada biri digərini inkar edir. “Məlumat azadlığı haqqında” qanunla “İnformasiya əldə etmək haqqında” qanun arasındakı münasibətlər bu baxımdan yaxşı nümunədir. Yaxud, KİV haqqında qanunun 7-ci maddəsi ilə “Fövqəladə vəziyyət haqqında” qanunun 8-ci maddəsi arasındakı uyğunsuzluq zamanında ciddi müzakirələrə yol açmış, mövcud qanunlara yenidən baxılmasının zəruri olduğunu isbatlamışdı. Nümunələrin sayını artırmaq mümkün olsa da, gərək yoxdur. Azsaylı nümunələrlə də isbatlamaq mümkündür ki, informasiya istehsalını tənzimləyən qanunların təmərküzləşdirilməsinə, təkmilləşdirilməsinə, hər kəsin anlayacağı dildə istiqamət verən vahid məcəllənin yaradılmasına ehtiyac var. Bu qədər mənbəni sona qədər oxumaq, öyrənmək, əxz eləmək, ortadakı məntiqi bağları tutmaq bəzən peşəkarlara da nəsib olmur. Digər yandan, günümüzdə xəbər istehsalçılarının sırası təkcə peşəkarlardan ibarət deyil: vətəndaş jurnalistikası, sosial şəbəkə istifadəçiləri, bir sözlə, “yeni media” təmsilçiləri var. Mobil telefonu, komputeri, internetə çıxış imkanı olan hər kəs bu gün xəbər alıcısı, yayıcısı və ya istehsalçısıdır. Onlar xəbər standartlarını öyrənmək üçün uzun-uzadı, çoxsaylı qanunları oxumaqda maraqlı görünmürlər. Hətta oxusalar belə, istədiklərini tapacaqları şübhəlidir. Çünki, kəmiyyətçə yüksək olan mövcud qanunlar “yeni media”nı əhatə etmir. Qanunların kəmiyyəti məsələsinə diqqət ayırmağımız da bu məqamla bağlıdır. İnformasiya məkanında böyük paya malik olan “yeni media”nın həm hüquqi tənzimlənməsi, həm də özünütənzimləməsi sahəsində ciddi boşluq mövcuddur.

KİV haqqında qanundakı boşluqlar

Kommunikasiyanın tipi sürətlə dəyişir. KİV-lər bu dinamika ilə ayaqlaşmaq üçün çaba göstərir, internetin gətirdiyi imkanlardan faydalanırlar. Ortada rəsmi statistika olmasa da, ayrı-ayrı monitorinq təşkilatlarının hesabatları vardır. Media üzrə beynəlxalq monitorinq təşkilatları qeyd edirlər ki, hazırda internet informasiya resurslarının informasiya təminatındakı payı ənənəvi KİV-lərin payından az deyil, çoxdur. Ən azı 50-nin 50-yə nisbətindədir. Söhbət ənənəvi KİV-lərin öz yayımlarını internet üzərinə köçürmələrindən, web səhifələr yaratmalarından, sosial şəbəkələrdə hesab açmalarından getmir. Məsələ budur ki, KİV-in internet üzərində strukturlaşan yeni tipləri meydana çıxıb, xəbər portalları, sosial şəbəkələr üzərində qurulan TV-lər yaranıb. KİV-in ənənəvi tipi ilə yeni tipi arasındakı fərq təkcə yayımın formasında- internetdən istifadə edilərək reallaşdırılmasında deyil. Fərq, həm də, KİV-lər üçün təsbit edilmiş strukturlaşmadadır, xəbər standartlarındadır, ən əsası, hüquqi məsuliyyətdədir. Yeni standartlar KİV haqqında qanunda hüquqi baxımdan təsbit edilmədiyi üçün, çox zaman fərdlərin arzu və istəklərinə, düşüncə və qabiliyyətlərinə, intellekt səviyyələrinə uyğunlaşdırılır. Bu isə xaotik durum yaradır, hər kəsin öz bildiyini etməsi üçün zəmin yaradır. .

KİV haqqında qanunun 3–cü maddəsi (Əsas anlayışlar) KİV-in tipi, strukturu, dövriyyəsi barədə standartların təsvirini verir. 28-ci maddədə isə (İstinad məlumatları) KİV qurumunun rekvizitləri barədə təsəvvür formalaşdırılır. Problem ondadır ki, KİV-in yeni tiplərində, xüsusən, sosial şəbəkələr üzərində qurulan TV-lərdə bu standartlar itir, məkan (ünvan), zaman (verilişin və ya KİV-in dövriliyi), rekvizitlər barədə məlumat vermək tələbi, demək olar ki, aradan qalxır. Daha doğrusu, bu standartlara əhəmiyyət verilmir, diqqət yetirilmir. Diqqət yetirməlidirlərmi?

Məsələ ondadır ki, "Kütləvi informasiya vasitələri haqqında" qanun bu suallara aydınlıq gətirmir. Yəni, KİV haqqında qanun yeni dövrün reallıqları ilə, internet medianın standartları ilə uzlaşmır. Düzdür, qanunun 3-cü maddəsi “ internet informasiya ehtiyatları”nı da “kütləvi informasiya xidməti” kimi təsbit edir. Amma bu, durumu dəyişmir. Çünki, qanunda ənənəvi KİV-lərin (qəzet, jurnal, televiziya, radio, informasiya agentlikləri) struktur, rekvizit standartları barədə aydın təsvir verilir. İnternet KİV-lərin standartları barədə isə bilgi verilmir, təsəvvür formalaşdırılmır. Bir sözlə, 1999-cu ildə qəbul edilmiş "Kütləvi informasiya vasitələri haqqında" qanun zamanın tələblərindən geri qalır, internet üzərində qurulan KİV-lərin standartlarını əhatə etmir.

Digər qanunlarda da durum bənzərdir. 2013-cü ildən başlayaraq, internet üzərindən yayılan informasiyanın hüquqi tənzimlənməsi yönündə qərarlar verilir, qanunlarda əlavə və dəyişikliklər edilir. 2013-cü ildə Cinayət Məcəlləsinə, 2016-cı ildə İnzibati Xətalar Məcəlləsinə, 2017-ci ildə isə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavə və dəyişikliklər edildi. Amma bütün bu əlavə və dəyişikliklər ayrı-ayrı məqamlara, daha çox, yayılan məzmuna aiddir, internet KİV-lərin fəaliyyətini ümumilikdə əhatə etmir, strukturlaşma barədə təsəvvür yaratmır. Məsələn, 2013-cü ildəki dəyişiklik internet üzərindən yayılan təhqir və böhtan hallarını; 2016-cı ildəki dəyişiklik sosial şəbəkələrdə saxta hesablar yaradılmasının məsuliyyətini əhatə edir. İnternet KİV-lərin struktur, rekvizitlər və hüquqi status məsələsi açıq qalır, onların məsuliyyəti məsələsi isə qanunlarda deyil, ayrı-ayrı ekspertlərin mülahizələrində əks olunur. Əslində, bütün bu boşluqların kökündə "Kütləvi informasiya vasitələri haqqında" qanun dayanır. Öncə bu qanun dövrün standartları baxımından yenilənməli, internet üzərində qurulan KİV-lərin status və strukturlaşması barədə təsəvvürləri tamamlamalı, sonra digər qanunlar da ona uyğunlaşdırılmalıdır. Təhlillər göstərir ki, KİV haqqında tamamilə yeni, daha əhatəli bir qanunun qəbul edlməsinə zərurət vardır. Hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanun özünün mövcudluğu dövründə 79 dəfə dəyişdirilib (http://www.e-qanun.az/framework/30 ), amma 62 maddədən ibarət olan bu qanun, hələ də müasir çağırışlarla uzlaşmır.

Xaotik durum “fürsətcillər” üçün əlverişlidir

İnternet üzərində strukturlaşıb peşəkar xəbər istehsalı ilə məşğul olan KİV-lər statuslarının tanınması baxımından çətinlik çəkirlər; fəaliyyətlərini realizə etmək müstəvisində problemlərlə üzləşirlər. 100-lərlə abunəçisi, 1000-lərlə izləyici auditoriyası olan internet TV-lər mövcuddur ki, hüquqi statusları yoxdur, fəaliyyətlərini realizə edə bilmirlər, işlərini yalnız sosial şəbəkələrin şərtləri çərçivəsində qururlar. Amma bu, peşəkar xəbər istehsalçıları üçün problem yaradırsa, KİV standartlarını pozanlar, KİV-dən pozucu məqsədlər kontekstində istifadə edənlər üçün fürsət yaradır. Bəli, dövrün şərtləri çərçivəsində “mutasiya olunan”, “reket” adlandırdığımız KİV-lər üçün bu, bir fürsətdir; “bulanıq suda balıq sövdasına düşənlər” yaranmış durumdan eninə-geninə faydalanırlar.

Hər gün qarşılaşdığımız durumlardan örnək verməklə mövzumuzu tamamlayaq.

Mətbuat Şurasına ünvanladığı müraciətdə şikayət müəllifi olan iş adamı diqqət çəkən problemi təsvir edib. Onun çalışdığı “Firmaya gələn jurnalist cəbhə xəttində döyüşən əsgər ailələrinə yardım göndərmək məqsədilə kampaniya keçirdiklərini” bildirib, iş adamından 500 manat istəyib. İş adamı əsgər adını eşidincə, razılaşıb, vəsaiti köçürmək üçün bank hesabı və mühasibatlıq sənədləri istəyib. Problem də buradan yaranıb. Özünü “məşhur KİV qurumunun jurnalisti” adlandıran şəxs bank rekvizitlərinin olmadığını bildirib, vəsaitin nəğd ödənilməsini tələb edib. İnternetə daxil olub, çalışdığı “TV”-nin fəaliyyətini göstərib, mövcudluqlarını isbat edib. Ayıq iş adamını bu yolla çaşdıra bilmədiyini görüncə, variantı dəyişib, hədə, şantaj başlayıb. Rekvizitlərinin olmaması onları işlərindən ayırmır, şantaj etməkdən çəkindirmir. Onlar mövcuddurlar, işlərini görürlər; internet KİV-in statusunun tanınmaması, məsuliyyətinin, öhdəliklərinin qanunla müəyyənləşdirilməməsi işlərinə yarayır, fəaliyyətlərini stimullaşdırır. Şikayətçi iş adamı barədə 3 məqalə hazırlayıblar, saytlarında yerləşdiriblər.

Şikayət olunan “jurnalist”in fəaliyyəti neqativdir, ürək bulandırır. O bir tərəfdən rüşvət istəməklə qanunları pozursa, digər tərəfdən mənəvi normaları aşır, “Vətən müharibəsi” kimi müqəddəs anlayışdan öz çirkin məqsədləri üçün istifadə edir. Görünür, milli vəhdət, milli mücadilə mahiyyəti daşıyan “44 günlük Vətən müharibəsi” də onlara təsir etməyib, pis əməllərindən çəkindirməyib. Amma nə qədər ağır olsa da, biz şikayətə rəy vermədik, rəsmi münasibət bildirmədik. Çünki, şikayət olunan “jurnalist”in çalışdığı “KİV redaksiyası”, əslində sosial şəbəkə üzərində yaradılmış hesabdır, şəxsi profildir. Sadəcə adını KİV qurumu qoyub. Mətbuat Şurası isə sosial şəbəkələr üzərindən, şəxsi profillərdən yayımlanan neqativlərə görə rəy vermək səlahiyyətinə malik deyil. Şura yalnız fəaliyyəti qanunlarla tənzimlənən KİV qurumları barədə rəy verməyə səlahiyyətlidir. Bəs sosial şəbəkə üzərində qurulan şəxsi profili KİV qurumu kimi təqdim etmək qanuna uyğundurmu? Birmənalı cavab vermək çətindir. Mövcud KİV qanunu belələrinin statusu barədə aydın təsvir vermir. Amma “mürgüləyib qalmış qanun”dan asılı olmayaraq, onlar mövcuddurlar, fəaliyyətdədirlər. Auditoriyaları olan , sosial şəbəkələr, xüsusən, youtube üzərindən yayım verən TV-lərin sayı kifayət qədərdir. Onların sırasında neqativ olanları zərərsizləşdirmək, barələrində hüquqi ölçü götürmək, faydalı olanları isə stimullaşdırmaq üçün qanunların əhatə dairəsinə daxil edilməlidirlər. Qanunlar yeni reallıqları əhatə etməlidir.

Müşfiq Ələsgərli //pravda.az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.