Texnologiya Universitetində böyük korrupsiya faktları aşkarlandı - İş prokurorluqda
5-02-2016, 14:08
2015-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən aparılan yoxlamalar nəticəsində Təhsil Nazirliyinin Texnologiya Universitetində 1502,79 min manat məbləğində mənimsəmə hallarına dair yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
teref.az yazır ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılan 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılan 259,25 ştat vahidi ləğv edilib, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb.
Orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılan 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilən şagirdlərin sayı 297 nəfər azaldılıb, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.