"Tramp "Patriot" sistemlərini Ukraynaya verməkdən imtina edib, Avropa həll yolunu axtarır" - "Bild"

Bu gün, 10:54           
"Tramp "Patriot" sistemlərini Ukraynaya verməkdən imtina edib, Avropa həll yolunu axtarır" - "Bild"
ABŞ prezidenti Donald Trampın qərarı Ukraynaya hava hücumundan müdafiə sistemlərinin ("Patriot") tədarükünü çətinləşdirib.

Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

Nəşr yazır ki, əvvəlcədən planlaşdırılıb ki, ABŞ öz ehtiyatından sistemləri Kiyevə ötürəcək, əvəzində isə Almaniya onların yerini doldurmaq üçün vəsait ayıracaq. Lakin Tramp bu razılaşmanı rədd edib. Artıq Avropa ölkələri öz arsenalından Ukraynaya yardım yollarını axtarır. Mənbələr bildirir ki, Almaniya Ukraynaya özündə olan "Patriot" komplekslərini verməyə məcbur qala bilər.

Hazırda Almaniya ordusunda 12 sistemdən yalnız bir neçəsi istifadəyə tam hazırdır - üçü Ukraynaya göndərilib, ikisi Polşada NATO logistik təchizat yollarını qoruyur, üçü isə modernləşdirmə mərhələsindədir. Bir sistem isə təlim məqsədilə istifadə olunur. Beləliklə, hazırda Almaniyanın yalnız iki-üç müdafiə sistemi qalıb.

"Patriot"-un yeni sistemi ancaq 2026-cı ildə hazır olacaq

Trampın ABŞ ordusundakı sistemləri verməkdən imtinasından sonra Avropa ölkələri, xüsusilə Almaniya, alternativ yollar axtarır. Müzakirələrdə belə bir plan formalaşıb: İsveçrə "Patriot" sistemi almaq növbəsində geri çəkilsin və yeni tikilməkdə olan bir sistem Ukraynaya göndərilsin. Lakin bu kompleksin istehsalı 6-8 ay çəkəcək.

Bu səbəbdən Berlində o da nəzərdən keçirilir ki, Almaniya hazırda malik olduğu sistemlərdən birini Ukraynaya ötürsün və əvəzində yeni kompleks sifariş etsin. Ancaq bu sifarişin yerinə yetirilməsi illərlə vaxt ala bilər. Almaniya hökuməti artıq 8 yeni sistem üçün sifariş verib - ilk partiyanın yalnız 2026-cı ilin sonlarında Bundesverə çatdırılması planlaşdırılır.

"Patriot" sistemləri Ukraynaya nə vaxt çatacaq?

Almaniya kansleri Fridrix Mers iyulun 17-də Londonda keçirilən mətbuat konfransında bildirib ki, Ukrayna yaxın həftələrdə "Patriot" kompleksləri alacaq. Onun sözlərinə görə, müdafiə nazirlikləri bu tədarükün sürətlə həyata keçirilməsi üçün təfərrüatları müzakirə edir. NATO-nun baş komandanı Aleksey Qrinkeviç də sistemlərin tezliklə Ukraynaya ötürülməsi üçün hazırlığın bütün sürəti ilə davam etdiyini deyib.

Trampın planı Avropanı silahlandırmağa yönəlib

"The Wall Street Journal" nəşri yazır ki, Tramp administrasiyası ilk dəfə olaraq silah tədarükünü sürətləndirmək üçün aktiv rol oynayıb: İsveçrə növbədən geri çəkilib və Almaniya yeni "Patriot" sistemlərini daha tez əldə edəcək. Bu, Almaniyaya mövcud sistemlərini Ukraynaya göndərmək imkanı verə bilər.

Trampın strategiyası budur: ABŞ silah vermir, lakin Avropa özü Ukraynaya dəstək göstərir və lazım gələrsə, ABŞ-dan öz ehtiyacları üçün yeni sistemlər sifariş edir. Bu qərar bir tərəfdən ABŞ ordusunun ehtiyatlarını qorumaq məqsədi daşıyır, digər tərəfdən isə Avropa ölkələrini daha çox məsuliyyətə cəlb edir. Amma nəticədə Ukrayna üçün vaxt itirilir və müdafiə ehtiyacları hələ də tam qarşılanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru