Fərahdakı soydaşlarımızın Azərbaycanın dəstəyinə ehtiyacı var

9-02-2021, 16:01           
Fərahdakı soydaşlarımızın Azərbaycanın dəstəyinə ehtiyacı var
Teref.az yazır ki, Fərah Əfqanıstanın qərbində yerləşən vilayətlərdəndir. Bu qədim diyarın adı hələ 2 min il qabaqkı yunan qaynaqlarında çəkilir. Bu gün vilayətin əhalisinin 1 milyona yaxın, eyni adlı şəhərinsə 50 mindən bir qədər çox olduğu güman edilir.

Fərah üç əsr Dövlət-i Qızılbaşın və ya qərbdə bilindiyi adla – Səfəvi imperiyasının ərazisi olub. Qızılbaş dövləti çağında buranın bəylərbəyiləri (yəni qubernatorları) demək olar ancaq afşarlardan seçilirdi. Ümumiyyətlə Səfəvilər fəth etdikləri bütün ərazilərə, bəzi istisnalar xaricində, türkləri hakim təyin edirdilər. Bununla həm sağlam dayaq əldə etmiş olur, həm də həmin ərazidə qalıcı türk-azərbaycanlı əhali kütləsi formalaşdırmış olurdular. Beləliklə, türklərin heç olmadığı yerlərdə belə söykənəcək tapır və oranı, belə demək olarsa, milliləşdirirdilər. Dövlət-i Qızılbaşın üç əsr nəhəng bir əraziyə nəzarət edə bilməsinin özülündəki səbəblərdən biri də bu idi.

Hazırda Fərah vilayətinin çox hissəsi Taliban terror təşkilatının nəzarəti altındadır. 2018-ci ilin yazında Taliban hətta Fərah şəhərinin özünü ələ keçirmişdi, çox çətinliklə hökumət qüvvələri geri ala bilmişdilər. Talibanın əlinə keçən yerlərdəki soydaşlarımız təhlükəsizliyə görə şəhərə köçməyə məcbur qalırlar. Bir vaxtlar soydaşlarımızın yaşadığı Sac və Çin kimi türk obaları bu gün pəştunlara məxsusdur.

Bütün Əfqanıstanda olduğu kimi, buradakı soydaşlarımız da “qızılbaş” adı altında bilinirlər. Soydaşlarımızın çoxu məzhəbi və etnik ayrı-seçkilik, terror təhlükəsi ucbatından kimliklərini çox vaxt gizlətməli olmuşlar, nəticədə nəsillərlə davam edən bu məşəqqətli, yarı-gizli həyat tərzi onların bir çoxunun “farsivan” kimliyinə bürünməyinə səbəb olmuşdur. Bu adla Əfqanıstanda farsca danışan şiə məzhəbli insanları nəzərdə tuturlar. Əfqanıstanda etnik kimliklər məsələsi yeni müzakirə olunan mövzu olduğuna görə hələ hər şey yerli yerinə oturmayıb. Bu ildən başlayaraq Əfqanıstanda vətəndaşlara elektron şəxsiyyət vəsiqələri paylanır, vəsiqələrdə o cümlədən vətəndaşın etnik kimliyi də göstərilir. Əsl problem də burada başlayır, belə ki, çoxmillətli olan bu ölkədə böyük etnik qruplar azsaylı xalqları kimlik kartlarında özlərini tacik və ya əfqan kimi göstərməyə sövq edirlər. Soydaşlarımız farsdilli olduqlarına görə əsasən taciklərin informasiya və ideoloji hücumlarına məruz qalırlar. Bölgədəki fəal soydaşlarımız hazırda kimliklərini qorumaq üçün sözün həqiqi mənasında sosial şəbəkələrdə, yığıncaqlarda, görüşlərdə varlıqları uğrunda mübarizə aparırlar.

2016-cı ildən bəri Əfqanıstan, Pakistan, Hindistan və ətraf ölkələrdəki Səfəvi yadigarı olan icmalarımızla əlaqələrin qurulması ilə məşğul olan “Qizilbash Unity”-nin “facebook”-dakı səhifəsinə Fərahdan Qasım adlı bir soydaşımızın yolladığı ismarıcın tərcüməsini sizə təqdim edirəm:

«Salam, mən Əfqanıstandakı Fərahdan olan bir qızılbaşam. Fərah şəhərində, elektron şəxsiyyət vəsiqələrinin qeydiyyatına başlanması ilə, Fərah şiələri qızılbaş xalqından olduqları üçün, insanlar arasında etnik mövzusunda müzakirələr başladı. Fərahdakı bir neçə nəfər qızılbaş xalqı haqqında insanlar arasında şübhə yaymağa başladı. İnsanları digər etnik qruplara qoşulmağa və bölünməyə dəvət edirlər. İndi sizdən Fərah vilayətindəki qızılbaş xalqının coğrafiyasına və tarixinə dair sənədləri, kitabları göndərməyinizi xahiş edirəm ki, müxalifətlə qarşılaşa və şərəfli qızılbaş xalqına dəstək ola bilim.»

Fərahda hazırda minlərlə soydaşımız yaşamaqdadır, onların arasında afşar, bayat və başqa elatlarımızın nümayəndələri var. Bunlar Səfəvi və Nadir Şah Afşar zamanında buralara köçürülən və əsrlərlə bu coğrafiyada dövlətimizin maraqlarının təminatçısı olmuş insanların soyundan gəlirlər. Bu gün onların öz kimliklərini bərpa etmək, yaşatmaq üçün Azərbaycan dövlətinin köməyinə ehtiyacı var. Nədən ibarətdir umduqları kömək?

1. Azərbaycan universitetlərində təqaüd əsasında oxumaları üçün təhsil proqramı

2. Azərbaycan mədəniyyət evlərinin açılması

3. Ümumi maarifləndirmə işi

Bu il ərzində Əfqanıstanda Azərbaycanın səfirliyinin açılacağı elan edilib. Bu vəsilə ilə biz, Qizilbash Unity olaraq həm öz adımızdan, həm də oradakı soydaşlarımızın adından Azərbaycan dövlətinin müvafiq qurumlarını Əfqanıstandakı azərbaycan türklərinin problemlərinin həll edilməsi üçün yuxarıda qeyd etdiyimiz ehtiyacların təmin edilməsinə səsləyirik.

Elvin Məmmədli,
“Qizilbash Unity”
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.