Söyüş müxalifəti və blogerləri ilə nə baş verir?..

14-02-2021, 17:54           
Söyüş müxalifəti və blogerləri ilə nə baş verir?..
Bir neçə gün öncə idi birini dörd güllə ilə "öldürmüşdülər". Hətta xəbəri mühacirətdə olasa da Azərbaycanda tanınan şəxslərə istinadən təsdiq də eləmişdilər. Sonra məlum oldu ki, xəbər fake imiş, yəni yalan. Amma son günlər yenə belə xəbərlər gündəm olmaqdadır. Bu yazıda təqdim edilən şəkildə gördüyünüz şəxslə bağlı da eyni şeyi deyirlər. Siyasi mövqeyindən yana döyülüb. Kim, haçan, necə burası sirri xudadır. Baxmayaraq deyirlər ki, Almaniya polisi cinayətkarları həbs edib, amma onların kimliyi açıqlanmır. Deyilənə görə şəkildəki adam blogerdir, jurnalistdir, Avropada siyasi mühacirdir, siyasi hakimiyyətə qarşıdır və sair. Əslində söyüş müxalifəti fəalıdır desəydilər yetərli idi.
...Heç nə demirəm. Bir onu deyirəm ki, sonra deyilmədi deməsin kimsə. Bu adamların birini hərləyib-fırlayıb bir gün bu dövlətin boynunda günah, ayıb, cinayət kimi qalacaq duruma salacaqlar. Yəni vurub öldürəcəklər. O tərbiyəsiz, gündə ölüm xəbəri çıxan, bloger Qabilin də adı bu döyülənlər sırasındadır. Kim döydürür, döyür bunları? Aydındır ki, kiməsə, niyəsə Azərbaycanla bağlı forma etibarı ilə yeni və daha qəddar imaj yaratmaq üçün ağır cinayətlər gərəkdir. Onu Bakıda eləmək mümkünsüzdür, amma Avropada siyasi mühacirlər, söyüşçülər arasında edə bilərlər. Söyən bəlli, söyülən bəlli, söydürənsə qaranlıq biri. Bəlkə Bakıdan bir "siyasi əl" var bu oyunlarda. Siyasi hakimiyyətdən narazı, həbsi gözlənilən birinin əli, istisna edilmir.
...Bu ölkə təkrar Elmar Məmmədov fəlakəti yaşamaq ərəfəsindədir də demək olar. Amma bu dəfə zərbəni Avropada vura bilərlər, Bakıda yox. Olayın Avropada baş verməsinin də gizlin və aşkar xeyli səbəbi olmamış deyil. Bakıda işin üstü və sifarişçi asan müəyyən olar. Avropada bu Azərbaycan üçün çox çərin və baha başa gələn işdir.
...Xatırladıram, jurnalist Elmar Məmmədov qətlinəcən, Azərbaycanda xeyli üzdə olan media adamı döyülmüş, hədələnmiş, qaçırılmış və sair cinayət tərkibli hücumlara məruz qalmışdı. Məsələ bu ki, onlar tanınan peşəkarlar idi. Avropadakı bu adamların şəxsiyyəti, kimliyi, harada, niyə, necə yetişdirildiyi, ölkədən necə çıxarıldığı, prosesə kimin rəhbərlik etdiyi bəlli deyil. Bu ciddi araşdırma mövzusudur.
...Anlayın cənablar, olar ki, bir sima heç nə ifadə eleməz, hətta yaramazın biri olar. Amma onun sahibini tapmaq üçün mütləq özünü araşdırmaq, bu mövzuları geniş müzakirəyə çıxarmaq lazımdır. Söyüş müxalifəti kimindir? Niyə onlar Avropada bəslənir? Niyə dövlətə qarşı hücum vasitəsi kimi istifadə edilirlər? Niyə 44 günlük savaşda susdurulmuşdular? Harada jurnalist kimi yetişiblər? Blogerliyəcən nəylə məşğul idilər? Yəni suallar çoxdur, amma məsələ araşdırılmır. Odur ki, onların üzərindən dövlətə qarşı hər zaman qanlı hücum təhlükəsi gündəmdədir və istisna edilmir. Bu qanlı "biznesdən", qorxulu siyasi hücumdan Azərbaycan və Azərbaycan xalqından başqa hər kəs qazanacaq. Avropa da, Qərb də, qonşu düşmənlər də, içərimizdəki satqınlar da...
Jalə Mütəllimova
14.02.2020.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.