İndiki məmurlar köhnələrin taleyindən dərs çıxarmır: - Onları da köhnələrin yoluna sürükləyən xislət...
15-02-2021, 16:52

Ölkədə məmurlara etibar, onların xalq arasında nüfuzu heç də ürəkaçan deyil.
Demək olar ki, ölkə üzrə bütün məmur kateqoriyalarından narazılıq var. Təsadüfi deyil ki, ictimaiyyət hansısa sabiq, ya indiki məmur - icra başçısı, yaxud nazirin həbsinə üzülmür, əksinə sevincini biruzə verir.
Bu “sevinc”in kökündə dayanan səbəb birbaşa olaraq həmin məmurun vəzifədə oturduğu müddətdə reputasiyasına müsbət mənada yazılan bir fəaliyyətinin olmamasıdır.
Bu gün hansı qurumlarda narazılıq yoxdur?
Bu sualın ünvanlandığı istənilən şəxs cavab üçün xeyli düşünməlidir. Müsbət cavabın tapılacağı ehtimalı kifayət qədər azdır və ya ümumiyyətlə, yoxdur. Bütün sahələrdə ciddi problemlər, vətəndaşların incidilməsi, bürokratiya, rüşvət və korrupsiya mövcuddur. Proses davam etməkdədir.
Sabiq məmurların “yola salınması” və ya həbs olunması əslində həmin sahələrdə illərlə deyilən problemləri çılpaqlığı ilə üzə çıxarır. Bir icra hakimiyyəti başçısının (İmişlinin həbs olunan sabiq icra başçısı Vilyam Hacıyev, Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev və digər həbs olunanlar - müəll.) otağından milyonlarla pul vəsaitinin çıxması, rüşvət dəftərinin tapılması onların timsalında digərlərinin də necə işlədiyinin göstəricisidir.
Əslində burada problemin kökü daha dərinə, həmin şəxslərin təqdimatını verən, onlara nəzarəti həyata keçirən yüksək çinli məmurlara gedib çıxır. Bölgələrdə də, elə paytaxtda da məmur hökmranlığı var və bu, əhalinin gözü qarşısındadır. Hər kəs bunu öz həyatında hiss edir.
“Bu rayon o məmurundur” ifadəsi demək olar ki, hər kəsə tanışdır. O rayonların icra başçıları da məhz həmin “kiçik hökmdar”ların nəzarəti altında “fəaliyyətlərini” qururlar. Bu məsələ təkcə icra başçıları ilə də məhdudlaşmır. Yüksək çinlilər, yəni nazirlər də məhz hansısa xəttə xidmət etdiyi üçün dəstək alır, vəzifə sahibinə çevrilir.
Məsələn, sabiq Vergilər naziri Fazil Məmmədovun Fövqəladə Hallar naziri Kəmallədin Heydərova, keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə bağlı olduğu deyilirdi. Göründüyü kimi, bu bağlılıq onları zamanında “kreslo” sahibi etsə də, sonradan “vurulmuş” məmur obrazına çevirdi.
Vəzifədə olduqları müddətdə “oliqarxiyanın” əsasını qoyanlardan Fazil Məmmədov, Ziya Məmmədov bu gün özlərinin mətbuatdakı çıxışları ilə hədəfə çevrilib.
Fazil Məmmədov sahib olduğu milyonluq mülkləri satışa çıxarması ilə medianın gündəmindədir. Ziya Məmmədov Ucarda mal-qara saxladığını deyərək gündəmə gəlib. Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun indiki həbsi illər əvvəlki həbslərini bir daha xatırladıb.
Maraqlı məqam həm də odur ki, “vurulan”, həbs olunan məmurlardan sonra hazırda vəzifədə olan köhnələr və yenilər də ən az sabiqlər qədər narazılıq yaradırlar. Görünür, keçmiş məmurların aqibəti indikilərə dərs olmur.
Bu gün vəzifədə onlar da sabiq məmurların getdiyi yolu davam etdirir, özlərini əbədi zənn edirlər. Baxmayaraq ki, Prezident dəfələrlə çıxışlarında hər kəsin öz əməlinə görə cavab verəcəyini, heç kəsə güzəşt olunmayacağını xatırladıb, ancaq görünən odur ki, məmurların bağlı olduğu “komandalar” özlərini məğlubedilməz sayırlar. Bu isə dövlət və dövlətçilik baxımından heç də yaxşı tendensiya deyil.
Məmurun birbaşa vəzifəsi vətəndaşlara xidmət etməkdir. Bu vəzifəni unutmaq və kiməsə xidmət prinsipi fəaliyyətin fəlsəfəsini dəyişir. Artıq qərarlar xalq üçün deyil, kimlərinsə maraqları naminə verilir. Nəticədə incidilən, dövlətdən narazı salınan xalq, uduzan isə hakimiyyət olur.