Sürü psixologiyası
29-03-2021, 00:10

Xəqani Cəfərli
Amerikalı psixoloq Solomon Eliot Aş qərarın dəyişməsi və təhrifinə qrupun təsirini müəyyən etmək üçün apardığı təcrübə və tədqiqatlar nəticəsində müəyyən edib ki, araşdırmaya cəlb olunan insanların 75 faizi qrupun təsiri ilə doğru bildiklərindən imtina edərək, səhv cavabları doğru kimi qiymətləndirirlər.
Solomon Eliot Aş təcrübə zamanı aşkar səhv cavabı doğru cavab kimi qiymətləndirənlərdən bunun səbəbini soruşub. Cavab eyni olub: “Qrupun içərisində fərqli görünməkdən çəkindim”. İnsanların qərarlarını çoxluğun mövqeyinə uyğunlaşdırmaq cəhdi sürü psixologiyasının nəticəsidir.
Şüurlu varlığın qərarlarını şüurla deyil, hisslərinə qapanaraq verməsinə səbəb olan sürü psixologiyasının formalaşmasının səbəbi təbii ki, çoxdur. Çünki, cəmiyyətdəki sürü psixologiyası bir amilin təsiri ilə formalaşa bilməz. Yəqin ki, əsas amil insaların toplum halında yaşamasıdır. Totalitar təlim və ideologiyalar isə sürü psixologiyasın dərinləşdirən digər əsas amildir.
Sürü psixologiyasının hansı ölkədə daha güclü olması ilə bağlı araşdırılma aparılmayıb, reytinq cədvəli müəyyən olunmayıb. Amma azadlıqların olmadığı, totalitar ideologiyaların və təlimlərin hökmüran olduğu ölkələrdə sürü psixologiyasının daha güclü olduğu şübhəsizdir.
Azərbaycan xalqının tarixində sürü psixologiyasına qarşı ən böyük üsyan bayrağını Mirzə Fətəli Axundzadə qaldırıb. Ona görə də heç şübhəsiz ki, Mirzə Fətəli Axundzadə Azərbaycan xalqının tarixi boyu yetişdirdiyi ən böyük şəxsiyyətdir. Azərbaycan xalqını İslam dünyasında bütün müsəlman xalqlarından fərqləndirən də budur.